PDF Oxu

Müxalifət

  • 6

"MİLLİ ŞURA" BOYKOT OLUNUR

"MİLLİ ŞURA" BOYKOT OLUNUR

"Milli Şura" ideyasının baş tutmaması fonunda cərəyan edən hadisələr bir daha belə qənaətə gəlməyə əsas yaradır ki, adıçəkilən qurum hətta təsis olunsa belə, heç bir uğur əldə edə bilməyəcək. Eyni zamanda, monopoliya üzərində yaradılan qurum qısa müddətdə siyasi arenadan silinərək, müxalifətin tarixin arxivinə atılan növbəti qurumu kimi yadda qalacaq. Məhz bu və bu kimi digər məsələləri önə çəkən 12 -dən çox müxalif siyasi təşkilat "Milli Şura"nın perspektivsiz qurum olacağını indidən bəyan edirlər. Bu, həm də "Milli Şura"nın boykot olunması anlamını daşıyan amil kimi daha çox nəzərə çarpır.

Mirmahmud Mirəlioğlu: "Milli Şura"da təmsil olunmamaqda qərarlıyıq"

"Demokratik Qüvvələrin Məşvərət Məclisi"nin ("DQMM") "Milli Şura" ilə bağlı mövqeyi 12 partiyanın gəldiyi ortaq məxrəcdir və bizim partiya da bununla bağlı bəyanata şərikdir. Bundan başqa məsələyə fərdi mövqeyimiz var". Bu açıqlamanı KXCP sədri Mirmahmud Mirəlioğlu "şura"nın münasibətini bildirərkən deyib.

M.Mirəlioğlu onu da deyib ki, təmsil etdiyi partiya bu qurumun fəaliyyətində iştirak etməməklə bağlı mövqeyində qərarlıdır: "Bəziləri (AXCP, Müsavat və "EL") "Milli Şura"nı müxalifətin birlik formatı kimi təqdim və təbliğ edir. Ancaq yaradılmasına cəhd edilən bu qurumun, adından irəli gələn tarixi ənənələrə bağlılığı yoxdur".

Əvəz Temirxan: "Milli Şura"da bütün partiyalar təsisçi olmalıdır"

ALP sədri Əvəz Temrxan da müxalifətçi həmkarı kimi "Milli Şura"nı uğursuz qurum kimi gördüyünü bəyan edib. Mətbuata açıqlamasında bütün partiyaların bərabərhüquqlu təsisçi statusuna malik olması fikrini önə çəkən ALP sədri bildirib ki, əks təqdirdə ideyanın gerçəkləşməsi mümkün olmayacaq: "Milli Şura"da bütün partiyalar təsisçi olmalıdır. Ancaq belə nəticəni gözləmirəm".

Ə.Temirxan E.Namazovla aparılan görüş və orada müzakirə olunan məsələlər barədə danışmaq istəmədiyini də bildirib. Onun sözlərindən isə belə məlum oldu ki, E.Namazovla görüşdə "Milli Şura"nın formatı ilə bağlı mətbuatda qeyd olunanlarla bağlı narahatlıqlar ifadə olunub.

Bədrəddin Quliyev: "Özlərini "milli qüvvə" adlandıranlar belə çirkin oyunlara qatılmamalıdır"

"Biz demokratik qüvvələrin ortaya dövlətçilik marağını qoymasının tərəfdarıyıq. İstərdim ki, Azərbaycanda milli maraqlar əsas təşkil etsin, hər bir siyasi qüvvə addım atarkən bunu düşünsün".

Bunu isə Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bildirib. CXP sədrinin sözlərinə görə, bəzi kənar qüvvələr demokratiya pərdəsi altında prosesə qoşularaq "narazı" qüvvələri toparlamaq istəyirlər: "...Özlərini "milli qüvvə" adlandıranlar belə çirkin oyunlara qatılmamalıdır...Odur ki, biz CXP olaraq milli maraqlara zidd proseslərdə iştirak etməyəcəyik".

Xatırladaq ki, "Milli Şura"nın tərkibi ilə bağlı mətbuatda dərc olunan siyahıda B.Quliyevin də adı var. Lakin CXP sədri bəyan edib ki, onlar "Milli Şura"da iştirak etməyəcəklər: "Bizim partiyamızın qərarı var. Partiya olaraq siyasi proseslərdə təkbaşına iştirak etməyi düşünürük. Hesab edirəm ki, seçkilərdə də partiya təkbaşına iştirakı məqbul hesab edəcək. Heç bir blokda iştirak etməyəcəyik".

Əli Əliyev: "Belə addımlardan kənarda olmaq lazımdır"

VİP sədri Əli Əliyev isə açıqlamasında bildirib ki, müxalifət qüvvələri arasında birliklə bağlı danışıqlar aparılsa da, razılaşma əldə edilmir: "İndi verilən məlumatlardan belə aydın olur ki, razılaşmanın son mərhələsi başlayıb. Hətta qeyd edilir ki, mayın 28-də "Milli Şura" elan ediləcək. Bundan sonra isə toparlanma başlayacaq. Ancaq "Milli Şura"nın tərkibi də bəllidir. Azərbaycanda baş verəcək proseslərdən bəzi xarici qüvvələr yararlanmağa çalışacaqlar. Hesab edirəm ki, belə addımlardan kənarda olmaq lazımdır".

Rövşən RƏSULOV

Digər xəbərlər