PDF Oxu

Müxalifət

  • 14

Sözlərinə sahib dura bilməyən "siyasətçilər"

Sözlərinə sahib dura bilməyən "siyasətçilər"

Yaxud Mirmahmud Mirəlioğlu, Sülhəddin Əkbər və Əvəz Temirxan niyə "ayağısürüşkənlik" etdilər?

Müxalifət düşərgəsində fəaiyyət göstərən "siyasətçilərin" zaman-zaman, eləcə də tez-tez mövqe dəyişkənlikləri etmələri atrıq ənənə halını alıb. Belə ki, daim dividend axtarışında olan partiya sədrlərinin mövqesizlikləri bir daha onların yekdil rəyə gələ bilməmələrini, həmçinin, öz sözlərinə sahib olmamalarını kifayət qədər təsdiq edir. Belə olan halda elektoratlarının onları tərk etmələrini də anlamaq çətin deyil. Çünki öz sözlərinə əməl etməyən, verdikləri qərarlarına hörmət göstərməyən liderlər heç vaxt öz elektoratları qarşısında nüfuz sahibi ola bilməzlər.

Məsələn, "Milli Şura" ideyası yarandığı zaman bir çox partiya sədrləri adıçəkilən qurumu sərt, kəskin şəkildə tənqid etməklə yanaşı, orada təmsil olunmayacaqlarını dəfələrlə bəyan edirdilər. Ancaq görünən bu oldu ki, kənarda qalacaqlarını zənn edən bir neçə partiya sədri dərhal öz fikirlərinə qarşı dönüklük etdilər.

KXCP, ALP və ACP-nin razı salınması üçün gizli danışıqlar aparılıb, vədlər verilib

Buna misal kimi KXCP sədri Mirmahmud Mirəlioğlunu və ALP sədri Əvəz Temirxanı göstərmək mümkündür. "Klassik cəbhəçilərin" sədri bir müddət öncə ümumiyyətlə "Milli Şura"da təmsil olunmayacaqlarını deməklə yanaşı, orada təmsil olunanları Rusiyanın maraqlarına işlədikləri iddiasını irəli sürmüşdü. Bu cür mövqeni ALP sədri Əvəz Temirxan da bir neçə dəfə sərgiləmişdi. ACP sədri Sülhəddin Əkbər isə daha sərt mövqe tutaraq, "Milli Şura"nı məramı, məqsədi bəlli olmayan qurum adlandırmış və orda təmsil olunmaq fikirlərinin olmadığını kəskin tənqidi fikirləri ilə bəyan etmişdi.

Söz yox ki, KXCP, ALP, ACP sədrlərinin sonrakı mövqe dəyişmələri müəyyən fikirləri önə çəkir. Belə ki, yaranması hələ də mümkünsüz görünən "Milli Şura"dakı mənbədən sızan məlumata görə, əvvəlcə narazı olan KXCP, ALP və ACP-nin razı salınması üçün gizli danışıqlar aparılıb, vədlər verilib. Belə ki, Sülhəddin Əkbərə sədrlik etdiyi partiyasının "lideri" Rəsul Quliyevin "şura"da təmsil olunması fərdi şəkildə istənilsə də, onun buna qarşı çıxması vəziyyəti kökündən dəyişib. Son anda isə R.Quliyevin tələb etdiyi kimi ACP-nin partiya olaraq prosesə qatılmasına razılıq verilib. Lalə Şövkətin "lideri" olduğu partiya "Milli Şura"dan razı olmasa da, mənbənin bildirdiyinə görə, Rüstəm İbrahimbəyov birbaşa Moskvadan L.Şövkətə zəng edərək onu razı sala bilib. L.Şövkət də ALP-nin prosesdə iştirak etməsini "təmin" edib. İddia olunur ki, R.İbrahimbəyov L.Şövkətə vəd verib. Bunun necə bir vəd olması dəqiq bilinməsə də, burada hansısa postdan söhbətin getdiyi güman edilir.

KXCP sədri M.Mirəlioğluna gəlincə, o, hələ də tam olaraq razılığını verməyib. Buna görə də danışıqlarda müavini Bəybala Əbillə təmsil olunub, özü isə "şura" ilə telefonla əlaqə saxlayıb. Mənbənin sözlərinə görə, Mirəlioğlunun proseslərə könülsüz də olsa qatılması partiya daxilindən edilən təzyiqlərdən sonra baş tutub.

Sonuncu proseslər isə "Milli Şura" ətrafında vəziyyətin kifayət qədər gərgin və qarışıq olduğunu göstərir. Söz yox ki, ortada yekdil rəyin olmaması situasiyanı daha ziddiyyətli məqama doğru sürükləyə bilər. Daha dəqiq desək, adıçəkilən qurumda "lider" mövqesizlikləri və qərarsızlıqları isə bu prosesə təməlli xitam vermək ərəfəsindədir. Bu amil isə belə qənaətə gəlməyə əsas yaradır ki, "Milli Şura" elə sözdə qalacaq qurum kimi heç bir fəaliyyət istiqaməti göstərə bilməyəcək.

Afət TAHİRQIZI

Digər xəbərlər