PDF Oxu

Müxalifət

  • 6

Daxili intriqalar və uğursuz nəticələr

Daxili intriqalar və uğursuz nəticələr

Niyaməddin Orduxanlı: "Müxalifətin uğursuz siyasəti onların fiaskoya uğramasına səbəb olur "

Müxalifət düşərgəsində zaman-zaman müxtəlif adlar altında birliklər, bloklar və sair formatlar yaradılır. Hər bir format da ortaya çıxan gündən "fərqli və yeni düşüncə" ilə yaradıldığını iddia edir. Amma aradan çox qısa vaxt keçir və aydın olur ki, bu cür qurumlar mahiyyətcə elə köhnə müxalifətin köhnə təfəkkür tərzindən və yarıtmaz yanaşmalarından heç də fərqlənmir. Çünki bu cür formatların arxasında dayananlar elə ənənəvi, uğursuz müxalifət "liderləridir".

Müxalifətin zəifliyi, pərakəndəliyi fonunda müxtəlif blok və qurumların yaradılmasına səy göstərilməsi mövcud ağır vəziyyətin düzəldilməsinə nə dərəcədə yardımçı ola bilər? BXCP sədr müavini Niyaməddin Orduxanlının fikrincə, bu günə qədər müxalifət düşərgəsini təmsil edən qüvvələrin yaratdığı müxtəlif blok və qurumlar mövcud olub: "Amma sonradan həmin blok və qurumların dağılmasına və parçalanmasına gətirib çıxarıb. Bunu da müxalifət təmsilçilərinin hər hansı bir işin öhdəsindən gəlməməsi kimi dəyərləndirmək olar. Yəni, müxalifətin uğursuz siyasət aparması onların fiaskoya uğramasına səbəb olur. Demək olar ki, müxalifət düşərgəsində yaranan bu cür vəziyyətə görə, müxalifət qüvvələri bir-birlərini xəyanətdə və satqınlıqda ittiham edirlər. Bu da müxalifət qüvvələrinin bir-birini qəbul etməməsindən xəbər verir".

N.Orduxanlının sözlərinə görə, aralarında olan gərginlik müxalifət düşərgəsində hər hansı bir irəliləyişə maneə törədir və heç bir blok, birlik onları birləşdirə bilməz. Çünki müxalifət qüvvələri bir araya gəlməyi bacarmır.

Müxalifətin uğursuzluğuna gəlincə, N.Orduxanlı deyir ki, onların uğursuzluğa düçar olmaları yanlış siyasət aparmaları ilə bağlıdır: "Bir sözlə, bu radikal siyasətin heç bir perspektivi yoxdur. Yəni, müxalifətə hər hansı bir uğur qazandıran deyil. Ümumiyyətlə, Azərbaycan xalqı müxalifət düşərgəsini təmsil edən qüvvələr tərəfindən aparılan siyasəti dəstəkləmir".

"Müxalifətin içərisində olanlar da etiraf edirlər ki, daxili intriqalar və lazım olmayan rəqabət onları ümumi nəticəsizliyə, uğursuzluğa gətirib çıxarır" deyən N.Orduxanlının qənaətincə, bu, ilk növbədə, Azərbaycan müxalifətinin yetkin olmaması ilə bağlıdır. Onların nəyin siyasətlə bağlı olduğunu, nəyin bağlı olmadığını dərk etməmələrindən irəli gəlir.

GÜLYANƏ

Digər xəbərlər