"İctimai Palata"dakı keçmiş "müttəfiqlərin" - AXCP və Müsavat rəgbərlərinin nəzarətində olan qəzetlər və saytlar Rüstəm İbrahimbəyovun "vahid namizəd" olmaq perspektivini müzakirəyə çıxarmaqla, əslində ona qarşı planlarının olduğunu sərgiləyirlər. Artıq "Milli Şura"nın dırnaqarası elan olunmasından sonra bir çox məsələlər, problemlər həll edilməmiş qalmaqla yanaşı, onların üzərinə yeniləri də əlavə olunmaqdadır. Belə ki, "Milli Şura"da özünü ən çox qabardan problemlərdən biri də "vahid namizəd" məsələsidir ki, onun ətrafında yaşanan qalmaqallar R.İbrahimbəyovla yanaşı, "EL" hərəkatının sədri Eldar Namazovu və ALP lideri Lalə Şövkəti çətin vəziyyətə salır. Çünki bir müddət öncə daha çox Ə.Kərimlinin və İ.Qəmbərin namizədlikləri müzakirə olunsa da, bu gün həmin müzakirələr başqa şəxslərin üzərində aparılmaqdadır. Bu səbəbdən də "Milli Şura"da aralarında müvəqqəti sülh sazişi bağlayan AXCP-Müsavar cütlüyü R.İbrahimbəyovun planlarını alt-üst etməyə səy göstərirlər. Artıq, bununla bağlı istər AXCP, istərsə də Müsavat partiyası öz münasibətini açıqlayıb və onlar öz iddialarından geri çəkilməmək fikrindədirlər.
Bütün cəhdlərinə baxmayaraq, R.İbrahimbəyovun "Milli Şura"da dominant gücə çevrilməsi "vahid namizəd" məsələsini hələ ki, onun xeyrinə dəyişib. Məhz bu səbəbdəndir ki, AXCP və Müsavat partiyalarının nəzarətində olan yazılı və elektron mətbu orqanları R. İbrahimbəyovu hədəfə götürüblər.
"Vahid namizəd" savaşı daha açıq müstəvidə cəmiyytə təqdim olunacaq
"Azadlıq" və "Yeni Müsavat" "vahid namizəd" məsələsi ilə bağlı münasibət öyrəniblər ki, bu da sifarişin məhz partiya sədrləindən qaynaqlanmasının göstəricisidir. Belə ki, AXCP sədri Ə.Kərimli qəzetində deyib ki, mütləq "vahid namizəd" bəlli olmalıdır.
Müsavat başqanı İ.Qəmbər isə daha irəli gedərək R.İbrahimbəyovun "şanslarını" dəyərləndirib. Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, R.İbrahimbəyov "vahid namizəd" ola bilməz. Səbəb isə onun ikili vətəndaşlığa malik olmasıdır. Məhz bu kimi məsələləri təhlil edərkən, belə nəticəyə gəlmək mümkündür ki, artıq "Milli Şura"dakı müttəfiqlərin iç üzləri açılır və yaxın günlərdə "vahid namizəd" savaşı daha açıq müstəvidə cəmiyytə təqdim olunacaq.
Afət TAHİRQIZI