AXCP ilə Müsavat partiyaları arasında qarşıdurmalar dərinləşməkdədir. Belə ki, Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacılının "Milli Şura"da iştirakdan imtina etməsi barədə verdiyi açıqlama qurumda təmsil olunan iki partiyanı yenidən qarşı-qarşıya qoyub. Etibarlı mənbədən daxil olan məlumata görə, buna səbəb Müsavat funksionerinin "Milli Şura"da xarici təsir və bu kimi başqa amilləri əsas tutaraq qurumda təmsil olunmayacağını bildirməsidir. Bu amil isə Müsavatın "Milli Şura" oyunundan çıxması ilə nəticəsini tapa bilər. A.Hacılı mövqeyinin qəti olduğunu vurğulayaraq deyib: "Partiyada "Milli Şura" ilə bağlı fikir ayrılığının olub-olmamasına gəldikdə, nəzərə alın ki, hamının mövqeyi bir ola bilməz".
Məhz bu açıqlamadan da aydın görünür ki, Müsavat partiyası yalnız AXCP ilə deyil, öz daxilində də çəkişmələrin qurbanına çevrilib. Lakin Müsavat funksionerinin bu açıqlaması cəbhəçilər tərəfindən birmənalı qarşılanmayıb. AXCP ali məclisinin sədri Həsən Kərimov A.Hacılını sərt şəkildə tənqid edib. H.Kərimov A.Hacılının dediklərini "Milli Şura"nın fəaliyyətinə kölgə salmaq, özünü "Milli Şura"dan təcrid etmək" kimi qiymətləndirib: "Milli Şura"ya başqa don geyindirmək, başqa adlar vermək heç də xoş niyyətlərdən xəbər vermir".
Qeyd edək ki, A.Hacılı bir müddət öncə AXCP sədri Fuad Qəhrəmanlını təhqir etmiş, lazım gələrsə, onun fikrinə münasibət göstərən istənilən şəxsə qarşı həmin təhqiri təkrarlayacağını bildirmişdi.
R.RƏSULOV