Qüdrət Həsənquliyev: "Bu adamlar düşünürlər ki, Rüstəm İbrahimbəyova Rusiyadan siyasi və maliyyə dəstəyi ala, prezident seçilə və bunlara da hakimiyyətdə hansısa post verə bilər"
"Milli Şura"da yaşanan böhranlı vəziyyət və bu vəziyyətdən doğan olaylar çərçivəsində bir-birini əvəzləyən maraqlı faktlar ortaya çıxmaqdadır. Belə ki, qurumdakı hadisələri təhlil edərkən, bir daha qənaətə gəlmək mümkündür ki, orada hökm sürən qeyri-səmimiyyət R.İbrahimbəyovu "vahid namizəd" seçənlərin fərdi maraqlarına hesablanmış addımdır. Daha dəqiq desək, AXCP və Müsavat şəxsi məqsədlərinin reallaşması üçün R.İbrahimbəyovu özlərinə "lider" seçiblər.
"Bu adamlar düşünürlər ki, R.İbrahimbəyova Rusiyadan siyasi və maliyyə dəstəyi ala, prezident seçilə və bunlara da hakimiyyətdə hansısa post verə bilər". Bunu fikirləri isə BAXCP sədri Qüdrət Həsənquliyev mətbuata verdiyi müsahibəsində bildirib. Onun fikrincə, AXCP və Müsavata bununla bağlı tapşırıq verilib və onlar sadəcə olaraq bu tapşırığı yerinə yetirirlər: "Mən daha öncə də bəyan etmişdim ki, bu blok bir tapşırıqla yarandığı kimi bir tapşırıqla da dağıla bilər. Əli Kərimli ilə İsa Qəmbərin bir-birinə güzəştə getməmələrinin səbəbi isə, daha əvvəllər bildirdiyim kimi qarşılıqlı patoloji nifrətlə, psixoloji uyumsuzluqla bağlıdır. Burada, eyni zamanda qarşılıqlı iddiaların böyüklüyü də rol oynayır. Bu insanların ortaq razılığa gəlməsi xeyli dərəcədə çətindir. Onlar vaxtilə eyni hakimiyətdə təmsil olunduqları dövrlərdə də bir-birilərinə qarşı mübarizə aparıblar. Ən azından mənim bundan kifayət qədər məlumatım var".
Q.Həsənquliyevin fikirlərini təhlil edərkən, həm də belə nəticəyə gəlmək mümkündür ki, "Milli Şura"dakıların hər biri oradakı müttəfiqliklərini zor gücünə sərgiləyirlər: "Onların indi zorən müttəfiqə çevrilmələrinə, yaxud kimlərinsə onları zorən müttəfiqə çevirmələrinə baxmayaraq, gələcəkdə də bu mübarizə bəzən açıq, bəzən isə gizli formada davam edəcək. Psixoloji uyumsuzluqdan və qarşılıqlı nifrətdən savayı İsa Qəmbər və Əli Kərimlinin bir-birilərinə güzəştə getməmələrinin səbəblərindən biri də tərəflərdən heç birinin digərinin qələbəsinə inamının olmamasıdır."
"AXCP artıq bütün kartlarını açıb"
BAXCP sədri daha bir maraqlı fakta toxunaraq bildirib ki, Müsavat partiyasının R.İbrahimbəyova müəyyən şərtlər çərçivəsində dəstək göstərməsi daha çox İ.Qəmbərə sərf edən addımdır. Çünki Müsavat başqanı İbrahimbəyovun qələbə qazanacağına inanmır: "R.İbrahimbəyovun seçkilərdə uğur qazana biləcəyinə inam yoxdur. Ən azından Müsavat partiyasının rəhbərliyində... Ona görə də R.İbrahimbəyovun namizədlyinin irəli sürüldüyü iclasda İ.Qəmbər bildirib ki, R.İbrahimbəyovun namizədlyi qeydə alınmayana qədər onların seçkilərə öz namizədləri ilə qatılması barədə qərarı qüvvədə olacaq. Yəni bu, o deməkdir ki, İ.Qəmbərin namizədliyi irəli sürüləcək, imza toplanılacaq və s. və il. Bunun səbəbi isə odur ki, onlar R. İbrahimbəyovun namizədliyini qeydə aldıra biləcəklərinə belə əmin deyillər. Bununla yanaşı, Müsavat partiyası çalışır ki, AXCP-dən fərqli olaraq "milli qüvvə" imicini qoruyub saxlasın. AXCP artıq bütün kartlarını açıb. Onlar yalnız hakimiyyət uğrunda vuruşduqalırını ortaya qoyublar. Necə olur, kiminlə olur, kimin dəstəyi ilə olur olsun, yeganə məqsədləri hakimiyyətə gəlməkdir. Sözün doğrusu, Ə.Kərimli yalnız qisas haqqında düşünür".
"Rüstəm İbrahimbəyovu Azərbaycan hökumətinin əleyhinə danışdıran onun vicdanının səsi yox, Moskvadakı qüvvələrdir "
Rüstəm İbrahimbəyovun qeyri-səmimi bir şəkildə siyasətlə məşğul olmayacağını, seçkilərdə iştirak etməyəcəyini and-aman edəndə, bir "ziyalı" kimi "Ziyalılar Forumu"nu yaradaraq ölkədəki problemlərdən danışmaq istədiyini, müxalifətyönümlü olmadığını, hakimiyyətə də, müxalifətə də eyni münasibət bəslədiyini söyləyəndə onun başqa məqsədlərinin olması barədə dediklərini xatırladan Q.Həsənquliyev belə qənaətə gəlir ki, İbrahimbəyov başqalarının əlində oyuncağa çevrilmiş fərddir: "Və o zaman deyirdim ki, R.İbrahimbəyovu Azərbaycan hökumətinin əleyhinə danışdıran onun vicdanının səsi yox, Moskvadakı vəzifəli dostlarıdır. Zaman haqlı olduğumu bir daha təsdiqlədi.
Pənah Hüseyn demişkən, özünü "milli" adlandıran dağıdıcı müxalifət çox böyük riskli addımlar atıb".
Afət TAHİRQIZI