İdeologiyasız fəaliyyət göstərən "şura" mütləq mənada məğlubiyyətə düçar olmalı idi
Bəlli olduğu kimi, bir çox siyasilər "Milli Şura"nın heç bir perspektivi olmayan, "ölü doğulmuş" bir təşkilat olmasını bu gün də iddia etməkdədirlər. Adıçəkilən qurumun dağılacağı ilə bağlı münasibət açıqlayan siyasilərin üzərinə düşərgə təmsilçilərinin çəkdikləri hücumların dalğası səngiməmiş, "Milli Şura"nın öz daxilində təhqirlərlə bol olan söz atışmaları başlayıb. Söz yox ki, istənilən siyasi qurumun və ya təşkilatın səmərəli fəaliyyəti üçün ideologiya mütləq lazımdır. Belə ki, ideologiya həmin təşkilatın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, onun hansı amal uğrunda mübarizə apardığını ortaya qoyur. Ancaq bu qurum elə yarandığı gündən fəaliyyətini o qədər primitiv və qeyri-müəyyən şəkildə qurdu ki, onun ideologiyasız şəraitdə işlədiyini güman etmək heç də çətin olmadı. İstənilən halda, qurumun vahid ideologiya əsasında iş qurmasının mümkünsüzlüyü, eləcə də yekdil rəyin formalaşmaması əvvəlcədən də bəlli idi. Çünki onun tərkibinə daxil olmuş Müsavat, AXCP, ACP, ALP və digərlərinin hər birinin özünəməxsus fəaliyyət istiqaməti olub və onlar bir-birinə "mehriban düşmən" olaraq qalmaqdadır. Bu səbəbdən də belə təşkilatlardan ibarət birlik üfürülərək şişirdilən şara bənzəyir. Bu elə şarlar isə az keçməmiş partlayıb məhv olurlar.
Xalqın etimadını qazana bilməyən qurum
"Vahid namizəd" məsələsində ortaq məxrəcə gələ bilməyən "Milli Şura" Tbilisi yığıncağından da uğurlu nəticə çıxara bilmədi. Bütün bunlar isə bir daha qurumun əsaslı təşkilat olmadığını isbatladı. Ona görə də, ideologiyasız fəaliyyət göstərən "şura" mütləq mənada məğlubiyyətə düçar olmalı idi.
Qurumun ən başlıca problemlərindən biri də xalqın etimadını qazana biləcək liderin olmamasıdır. Bu gün oranın "siyasi palitrası"na nəzər salanda biz orada ssenarist Rüstəm İbrahimbəyovu, İsa Qəmbəri, Əli Kərimlini, Eldar Namazovu, Mehman Əliyevi və digərlərini görürük. Ancaq sözügedən şəxslərin biri-birinə zərrə qədər də güzəştə getməyə hazır durumda olmaması komanda anlayışını ümumiyyətlə yox edir.
Siyasi oğurluq
Bu gün özlərini cümhuriyyət dövründə təsis edilən və böyük siyasi uğura imza atan "Milli Şura"nın "varisi" (?) elan edən bu siyasi oğrular əslində elə əsil "Milli Şura"nın da adına xələl gətirmiş oldular. Çünki birinici qurum heç nədən Şərqdə ilk demokratik dövlət yaratdı, bunlar isə sənədləri qaydasında olan normal bir namizəd tapıb ortaya çıxara bilmədi. Yəqin ki, qurumda təmsil olunan milli-demokratik düşərgənin təmsilçiləri hansı tarixi məsuliyyəti daşıdıqlarının fərqindədirlər. Yaxşısı da budur ki, üzüsulu vəziyyətdəykən özlərini rüsvay etməsinlər. Çünki budəfəki seçkilər bütövlükdə ənənəvi müxalifət üçün sonuncu şansdır. Bu, həm də iflasın və parçalanmanın növbəti göstəricilərindəndir.
Rəfiqə HÜSEYNOVA