Mais Səfərli: "Müxalif partiyalara rəhbərlik edən şəxslər çox gözəl başa düşürdülər ki, onlar bu seçkilərdə uduzacaqlar"
Müxalif partiyaların toplaşdığı "Milli Şura" "vahid namizəd" kimi R.İbrahimbəyovu elan etsə də həmin düşərgədə təmsil olunun partiyaların hər biri ayrılıqda öz namizədini irəli sürüb. Təbii ki, "vahid namizəd" məsələsinin arxa plana keçdiyini deməyə əsas verir. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, əvvəldən "Milli Şura" deyilən qurumun fiaskoya uğrayacaqı bəlli idi: "Bu qurumu təşkil edən və başçılıq edənlər bir-biri ilə yola getməyən şəxslərdir. Həmin şəxslərin bir araya gəlməsi və seçkilərlə bağlı "vahid namizəd"lə çıxış etməsi ağlasığan məsələ deyil. Müxalifət partiya liderləri nəyə görə buna gedirdilər? Çünki müxalif partiyalara rəhbərlik edən şəxslər çox gözəl başa düşürdülər ki, onlar bu seçkilərdə uduzacaqlar. Ona görə, R. İbarhimbəyovu irəli vermək və ondan bir günah keçisi kimi, istifadə etmək istəyirdilər. Bir sözlə, bu seçkilərlə əlaqədar olaraq İsa Qəmbərin öz namizədliyini geri götürməməsi müxalifət düşərgəsində olan digər partiya sədrlərini də hərəkətə gətirdi. Bu da müxalifət düşərgəsində təmsil olunun partiyaların hər birinin ayrılıqda öz namizədini irəli sürməsinə səbəb oldu. Bu da onu deməyə əsas verir ki, "Milli Şura" mənasız bir quruma çevrilib. Demək olar ki, müxalifət partiya sədrləri əvvəllər "Milli Şura"nı yaradarkən bu il keçiriləcək seçkilərdə "vahid namizəd"ini müəyyənləşdirərək vahid mövqedən çıxış etsinlər. Amma bu gün gördüyünüz kimi, müxalifətçilər çoxlu sayda "vahid namizəd"lərlə çıxış edirlər. Bu da "Milli Şura"nın öz qarşısına qoyduğu məqsədi yerinə yetirmək iqtidarında olmadığını bir daha sübut edir".
M.Səfərlinin sözlərinə görə, bu gün müxalifətin heç bir siyasi gücü yoxdur ki, onlar bu seçkilərdə irəliliyə doğru nə isə bir addım atsınlar: "Yəni, müxalifət partiya sədrlərinin Cənab Prezident İlham Əliyevlə mübarizə aparmağa heç bir gücləri yoxdur. Çünki Prezident İlham Əliyev öz parlaq siyasətini ortaya qoyaraq xalqın ümidlərini doğruldan və xalqın sevimli Prezidentidir. Prezident İlham Əliyev uğurlu siyasəti ilə dünya dövlətləri arasında da özünə hörmət qazanıb".
"Bu da onu deməyə əsas verirmi ki, seçkiyə qədər "Milli Şura" deyilən qurum parçalanacaq" sualını cavablandıran partiya sədrinin sözlərinə görə, müxalifət "vahid namizəd" məsələsində ortaq məxrəcə gələ bilmədiyindən "Milli Şura" dağılmağa məhkum olacaq: "Milli Şura"ya rəhbərlik edən şəxslərin ambisiyaları birliyin yaranmasına imkan vermir. Müxalifət partiya liderlərinin birinin digərindən üstün olmaq üçün hər bir yola əl atır. Belə olan halda da, müxalifət düşərgəsində hər hansı bir birliyin olmasından söhbət gedə bilməz. Demək olar ki, müxalifət partiyalarına rəhbərlik edən şəsxlərin hər biri yatıb özünü yuxuda prezident görür. Müxalifət reallığa çevrilməyən xəyallara dalmasa, daha yaxşı olardı. Bir sözlə, xalq müxalifət qüvvələrinin kim olduğunu çox yaxşı bilir. Bu gün xalqımız öz düzgün yolunu gedərək seçimini edib" .
GÜLYANƏ