PDF Oxu

Müxalifət

  • 14

Növbəti aksiya qərarı - növbəti biyabırçılıq

Növbəti aksiya qərarı - növbəti biyabırçılıq

Sərraf Balaxan: "Bu aksiyada xalqdan dəstək ala bilməyən "Milli Şura" dəfn olunacaq"

Avqust ayının 18-nə "Milli Şura"nın verdiyi aksiya qərarı artıq indidən iflasa uğrayıb. İflasa uğramanın səbəblərinə münasibət bildirən müsahiblərimiz, "Milli Şura"nın avqustun 18-nə təyin etdiyi aksiyaya hazırkı mərhələdə hansısa zəruriyyət varmı və bu aksiyasların keçirilməsi hansısa xarici qüvvələrin sifarişi ilə ola bilərmi" sualını cavablandırdılar.

Sərraf Balaxan,

YAP Gənclər Birliyi Ofisinin rəhbəri:

- Məlumdur ki, bu gün ölkəmizdə 20 ildir ki, yorulmadan hakimiyyətə deyil, dövlətə və xalqa müxaliflik edən qüvvələr gözləmədiyi bir oyunun içərisinə düşüblər. Onlar bu oyuna öncə öz razılıqları ilə qoşuldular, böyük ümidlərlə, öz aralarında aparılmış gələcək hakimiyyət bölgüləri ilə. Hakimiyyətin qazanılmadan bölüşdürülməsi bu insanlara stimul verən yeganə səbəb deyildi. Bunlara stimul verən bir məqam da vardı, bu da öncə yaratdıqları kimi adı gözəl olan "Milli Şura" və onun qiyabi rəhbəri idi. Proses davam etdikcə verilən vədlərin hamısının yalan olması üzə çıxdı, bir zaman prezident seçkilərində namizədliklərini heç öz partiyaları ilə belə razılaşmadan irəli sürənlər, öz iddialarını Rüstəm bəyin lehinə geri götürdülər. Sonra da ha çağırdılar Rüstəm bəy gəlib çıxmadı. Seçkiyə az bir zaman qalmasına baxmayaraq, hələ də namizəd tapa bilməyən bu "başbilənlərin" birliyi hələ "İctimai Palata" kimi dağılmadığını ortaya qoymaq üçün aksiya keçirmək qərarını veribdir. Bu, qu quşunun son nəğməsinə bənzəyir. 18 avqust tarixinə verilən aksiya qərarı, "Milli Şura"nı söz verib gəlməyən rəhbərsiz saxlamaq üçün verilən ən riskli qərardır. Deyərdim ki, özünü qayadan atmaq kimi bir şeydir. Çünki bu aksiyada xalqdan dəstək ala bilməyən "Milli Şura" dəfn olunacaq. Bu aksiya sadəcə "biz hələ məhv olmamışıq" demək istəyənlərin sonuncu nəfəsidir. Əminəm ki, bu aksiyada da bir tərəf "İsa Qəmbər", digər tərəf "Əli Kərimli", kinosevərlər isə "Rüstəm İbrahimbəyov" deyə qışqıracaqdır. Belə olan halda da biz yenə də onlar arasında birliyin olmadığını bir daha görəcəyik.

Elməddin Behbud,

"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri :

- Azərbaycanın yerli qanunvericiliyi və şərik çıxdığı beynəlxalq konvensiyalar vətəndaşların təklikdə və birlikdə azad şəkildə toplaşmaq hüququnu tanıyır. Lakin bu özbaşınalığa və hansısa lazımsız aksiyalar keçirməyə əsas vermir.

Onların çox mitinq qərarlarının şahidi olmuşuq. Ancaq gəlin görək bunların neçəsi cəmiyyətə verdiyi mesajların orijinallığı və ictimai rəyə təsiri baxımından insanların xatirində qalıb? Bu dəfə irəli sürülən aksiya təşəbbüsü də, hesab edirəm ki, cəmiyyətdə hansısa yeni ideyaların meydana çıxmasına səbəb olmayacaq. Bu cəhətdən, düşünürəm ki, müstəqillik tariximizdə zaman-zaman Azərbaycanda ictimai-siyasi durumun mənfi şəkillənməsi üçün nəzəri və maliyyə dəstəyi verən xarici qüvvələr, əgər ümid edirlərsə, bununla hansısa dividend əldə edəcək və Azərbaycan hakimiyyətindən güzəştlər qopara biləcəklər, bu, tamamilə yalnış düşüncədir. Əlbəttə ki, aksiyadan sonra onun bütün parametlərini daha real şəkildə qiymətləndirmək imkanında olacağıq.

Şahin İsmayılov,

Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri:

- Belə aksiyaların keçirilməsinin heç bir zərurəti və mənası yoxdur. Müxalifət belə aksiyalar keçirməyə cəhd göstərməkdənsə faydalı işlərlə, misal üçün siyasi səhnədən getməklə cəmiyyətə daha çox fayda verə bilər. Üzdə güya xalqı birliyə çağırırlar, amma 5-10 nəfərdən ibarət olan özləri hələ bir fikrə gələ bilmirlər. Bilirsiniz, xalq arasında yaxşı bir misal var. Elin gözü nizam tərəzisidir. Xalq hər şeyi çox yaxşı görür və bilir.

CAHİD SÜLEYMANOV

Digər xəbərlər