"Milli Şura"nın rüsvayçı 18 avqust mitinqi ətrafında baş verənlər bir daha belə deməyə zəmin yaradır ki, əslində, bu gün siyasi arenada çabalayan ənənəvi müxalifət təmsilçilərinin danışmağa sözləri qurtarıb. Görünür, bu səbəbdən də nala-mıxa döyəcləyərək yaşadıqları çıxılmaz problemlərdən qurtulmağa cəhd edən "lider" və funksionerlər özləri də bilmədən sərsəm, istehzadoğurucu bəyanatlarla, açıqlamalarla yadda qalmaqdadırlar. Məsələn, kifayət qədər bəlli oldu ki, "Milli Şura"nın "birləşmiş müxalifəti" hətta bir araya gəlsələr belə, yenə də ortaya 1000 nəfərdən artıq adama çıxarmağı bacarmadılar. Təsəvvür edin, beş müxalifət partiyası və ortaya çıxan 1000 nəfər. Halbuki qurumun mitinqi başa çatanda həmin 1000 nəfərdən heç 500-ü də meydanda yox idi.
Bəhanə, yaxud çulunu sudan quru çıxarmaq cəhdi
Gəlin görək AXCP sədrinin müavini Asəf Quliyev bununla bağlı nə deyib. Sitat: "Çox adam deyir ki, niyə 20 min deyilmişdi, o qədər olmadı. Birincisi, mitinqin qərarı ekstremal şəraitdə, təcili verildi və hazırlıq qısa müddətdə oldu. İkincisi, havanın istiliyi, tələbələrin Bakıda olmaması, yay mövsümündə insanların rayonlara getməsi, sözsüz, mitinqə təsir etdi. Hakimiyyət də əngəl yaratdı, mitinq öncəsi 7 nəfərə həbs cəzası verildi, nə qədər adam saxlanıldı. Televiziya vasitəsilə ictimaiyyətə çağırış imkanımız yoxdur. Respublika Prokurorluğunun açıqlaması oldu. Rayonlardan gələnlərə imkan verilmədi. İnsafla danışmaq lazımdır, orada 10 mindən yuxarı adam vardı. İndiki şəraitdə çox normaldır."
Əslində bu açıqlama daha çox bəhanə, yaxud da çulunu sudan quru çıxarmaq cəhdinə daha çox oxşayır. Çünki A.Quliyev bilməlidir ki, əgər xalq hakimiyyətdən həqiqətən də narazıdırsa, bu zaman onların iddia etdikləri 20 deyil, yüz minlərlə kütlə axışardı aksiya məkanına. Ancaq axışmadı və bu da təbiidir. Xalq müxalifəti dəstəkləmir və bundan sonra da dəstəkləməyəcək. Düzdür, bunun niyəsi haqqında kifayət qədər yazılıb, deyilib. Lakin qısaca olaraq bildirmək yerinə düşərdi ki, "Milli Şura" adicə namizəd problemini çözə bilmirsə, demək, "JEK" qədər də səviyyədə olan qurum deyil. Daha mitinq qərarının "ekstremal" şəraitdə qəbul olunmasının, tələbələrin, havaların isti keçməsinin, insanların istirahətdə olmasının buraya qətiyyül-qətiyyən dəxli-filanı yoxdur!
Özünü yandırmağa göysatan axtarmaq amili...
Başqa tərəfdən, daha bir faktor da bəlli oldu ki, ölkədə "dəyişiklik" etmək istədiyini iddia edən, 20 ildən sonra zorən də olsa "bir araya" gələn müxalifət tərəfdarı yarım saat istiyə dözə bilmədi. Ancaq AXCP yetkilisi bu ittihamı da qəbul etməyərək (çünki bunlarda mövcud olan siyasi korluq xəstəliyi sağalmaz yaradır - M.) problemi millətdə görür (?!-M.).
A.Quliyevdən daha bir sitat: "Bu, millətimizin problemidir. Ona müxalifət neyləsin? Millətdə dözüm yoxdur. Tunisdə 1 nəfər özünü yandırdı, bütün millət ayağa qalxdı. Biganəlik və etinasızlığı müxalifət öz üzərinə götürsün?"
Göründüyü kimi, Əli Kərimlinin özü kimi müavini düşdüyü çətin situasiyada məhz milləti problem kimi görür və biganəliyi uğursuz siyasətlərinə deyil, xalqın üzərinə atır. Bax, budur müxalifətin xalqa, millətə olan "ehtiramı"! Bu amil millətdə "problem" görən kor məxluqatların əsil sifətidir. Özünü yandırmağa göysatan axtarmaq amili...
MÜBARİZ