PDF Oxu

Müxalifət

  • 7

"El"-in iç üzü açıldı...

"El"-in iç üzü açıldı...

Yaxud Eldar Namazovun maliyyə maxinasiyaları hərəkatçıları bir-birinə vurdu

İstefa verənlər: "El" hərəkatında yerlibazlıq güclü idi deyə biz özümüzü daha Eldar Namazovun yanında görə bilmirik"

Feruz Quliyev: "Adlarını "El" qoysalar da, əslində onlar eldən, obadan ayrı olan şəxslərdir"

Məlum olduğu kimi, "EL" hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun "Milli Şura"nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə açıqlamalar verdi və bununla əlaqədar olaraq, o, Baş Prokurorluğa dəvət edildi.

Ə.İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında "Milli Şura"nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirdi. Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanıldı. Məhz Ə.İbrahimov bu açıqlamalarından sonra "EL" hərəkatının Ali Məclisinin sədr müavini vəzifəsindən istefa verdi.

Əflan İbrahimovun sözügedən qurum barədə verdiyi sensasion açıqlamadan sonra "EL"-də kütləvi istefalar baş verib. Artıq hərəkatın bir neçə rayon təşkilatının da "El"-dən çıxdığı bildirilir. Elə "El" hərəkatının Şamaxı və Qobustan rayon təşkilatları da bəyanat verərək Eldar Namazovun rəhbərlik etdiyi qurumdan çıxdıqlarını elan etdilər. Bu bəyanatların mətnini Şamaxı rayon təşkilatının sədri Rahim Qasımov və Qobustan təşkilatının sədri Alxan İbrahimov imzaladılar. Rahim Qasımov açıqlamasında bildirib ki, "El" hərəkatı və Eldar Namazov onların ümidlərini doğrultmadı: "Buna görə də biz builki prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar verdik. "El" hərəkatında yerlibazlıq güclü idi deyə biz özümüzü daha Eldar Namazovun yanında görə bilmirik".

Bununla yanaşı, Açıq Cəmiyyət Partiyası Ali Məclisinin keçmiş sədr müavini Feruz Quliyevin də hərəkatdan istefa verdiyi bildirilir. Feruz Quliyev "El" hərəkatı ilə əlaqələrinə 4 ay əvvəldən xitam verdiyini söyləyir. Bildirir ki, aprelin 6-dan etibarən o, hərəkatı tərk edib və adıçəkilən qurumun heç bir toplantısında iştirak etmir: "Baxmayaraq ki, hərəkatın bütün hüquqi işlərini yoluna qoymaq mənə tapşırılmışdı və məni "El"-in hüquq məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi görmək istəyirdilər, ancaq mən bundan imtina etdim. Çünki qısa zaman ərzində onların doğru-düzgün yolda olmadıqlarını gördüm. Aprelin 6-dan mən "El" hərəkatı ilə bütün əlaqələrimi kəsmişəm".

Feruz Quliyev bildirir ki, belə bir addımı atmasına səbəb "El"-in fəaliyyətinin onu qane etməməsidir: "Adlarını "El" qoysalar da, əslində onlar eldən-obadan ayrı olan şəxslərdir. Onların fəaliyyətinin Azərbaycanın milli maraqlarına zidd olduğunu gördüyüm üçün qısa zaman ərzində özümü bu hərəkatdan təcrid etdim".

Feruz Quliyevin sözlərinə görə, hər an xarici dairələrin təsiri altına düşməyə hazır olan və onların sifarişlərini yerinə yetirən bir təşkilatda fəaliyyətini davam etdirməyi məqbul hesab etmir: "Ümidvaram ki, dəyərli insanlar, bu adamların əsil niyyətlərini başa düşən ayrı-ayrı şəxslər tezliklə "El"-dən çıxacaqlar".

Göründüyü kimi, Azərbaycanda seçkilər yaxınlaşdıqca, korporativ maraqlar naminə çalışan bütün marginal qrupların iç üzü açılır. Elə "El" hərəkatı da onlardan biri idi. Məhz əlavə maliyyə mənbəyi qazanmağa çalışan Eldar Namazov "El" hərəkatını yaratdı, lakin onun maliyyə maxinasiyaları hərəkatçıları bir-birinə vurdu. Bu mənada, düşünürük ki, "El" hərəkatından istefalar davam edəcək və onun da iflasını görəcəyik.

"Səs" Analitik Qrupu

Digər xəbərlər