Vahid namizəd ideyasının kimə məxsus olması hər iki partiyanı yenidən bir-birinə vurdu
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Cəmil Həsənlinin "Milli Şura"nın ehtiyat vahid namizədi seçilməsini uğur sayaraq bunu AXCP-nin ayağına yazıb. Belə ki, F.Qəhrəmanlı "Facebook" səhifəsində "Milli Şura" daxilində C.Həsənlinin vahid namizəd seçilməsi ilə başa çatan prosesi AXCP-nin tutduğu doğru mövqe kimi izah edib. Əli Kərimlinin müavini yazıb ki, bu nəticəyə nail olmaq elə də asan olmadı.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yenə də Əli Kərimliyə məddahlandı
"Məğlubiyyət, uğursuz qərar həmişə yetim qalır. Qələbənin, müsbət addımların isə müəllifliyinə iddia edənlər həmişə çox olur...Əvvəlki məyusluq dövrü arxada qalıb və indi insanlar xeyli ruhlanıb, dəyişikliklərə kütləvi inam yaranıb (?!-R.H.)...Ancaq AXCP-nin və Əli Kərimlinin düzgün qərar verməyi, qətiyyət və iradə göstərməyi "Milli Şura"nı və demokratik prosesi siyasi tənəzzülün bir addımlığında saxladı, ardıcıl siyasət aparmağın nə qədər önəmli olduğunu ortaya qoydu".
F.Qəhrəmanlı qeyd edib ki, bu nəticə həm də AXCP-nin siyasətinə ictimai etimadı ifadə edir və ilk gündən həyata keçirilən birlik, güzəşt, vahid namizəd siyasətinin doğru olduğunu təsdiq edir və s.
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli: "Hamısı yalandır"
Müsavat bunu qəbul etmir və Fuad Qəhrəmanlının bu uğuru AXCP-nin ayağına yazmaq cəhdini "yalandır" deyə qiymətləndirir. Müsavat başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli mətbuata açıqlamasında deyib ki, Əli Kərimlinin 10-15 gün əvvəl "öz namizədimizi təqdim etməliyik, heç bir halda Rüstəm bəydən imtina etməməliyik, başqa namizəd irəli sürməməliyik" deməsi faktdır. Onun sözlərinə görə, ilk olaraq İsa Qəmbər təklif irəli sürdü ki, "Milli Şura" təcili toplansın və daha bir namizədin irəli sürülməsi məsələsi müzakirə edilsin: "Bunlar danılması mümkün olmayan faktlardır. Ümumiyyətlə, Fuad Qəhrəmanlının son açıqlamalarını anlamıram. Mən düşünürdüm ki, Cəmil Həsənlinin namizədliyi ilə bağlı razılaşma əldə olunandan və o qədər ruh yüksəkliyindən sonra heç olmasa bir müddət AXCP funksionerlərinin bu tipli açıqlamalarından sığortalanmış olacağıq. Çox təəssüf edirəm ki, insanlarda qıcıq doğuran və narazılığa səbəb olan açıqlamaları Fuad Qəhrəmanlı verdi. Anlamıram ki, Fuad Qəhrəmanlı belə açıqlamalar verməklə nəyə nail odu".
""Azadlıq" qəzetinin 10-15 gün əvvəlki yazdığı yazıları, o cümlədən orda dərc olunan Əli Kərimlinin də yazısını oxusunlar"
M.Hacıbəyli bildirib ki, hər kəs artıq C.Həsənlinin namizədliyi üzərinə köklənəndən, bununla bağlı rəsmi qərar qəbul ediləndən sonra və qarşıda bu qədər iş durduğu halda Fuad Qəhrəmanlı yersiz mənəm-mənəmliklə məşğuldur: "Mən Fuad Qəhrəmanlının özünə və onun bu təbliğatını haqlı sayanlara təklif edirəm ki, "Azadlıq" qəzetinin 10-15 gün əvvəlki yazdığı yazıları, o cümlədən orda dərc olunan Əli Kərimlinin də yazısını oxusunlar. Bugünki mövqeləri ilə əvvəlki mövqeləri arasında nə qədər fərq var? Ondan sonra qənaətə gəlsinlər ki, hansı qərarı kim qəbul etdi...Məsələ ondandır ki, AXCP dönüş adlandırdığı qərar qəbul edib, bunu nə vaxt qəbul edib məlumdur, həmin qərardan əvvəlki və sonrakı mövqeyi də hamımıza aydındır. Əslində AXCP Müsavatın mövqeyinə yaxınlaşan mövqe sərgiləyəndən sonra, Sülhəddin Əkbər və Əvəz Temirxanla mövqeləri ayrıldı. Bunların hamısı göz qabağındadır. Ümumiyyətlə, anlamıram ki, hətta bu, belə olmasaydı belə Fuad Qəhrəmanlı bunu niyə belə qabardır. Hamısı yalandır. Həqiqət olsaydı da, yenə də o cür deməyin yeri yoxdur. Bu müxalifət daxili birliyə xeyir gətirməz".
Göründüyü kimi, hətta vahid namizədin dəyişdirilməsi belə AXCP və Müsavat arasındakı uçurumun dərinləşməsinin qarşısını ala bilməyib və bu amil belə deməyə əsas yaradır ki, "Milli Şura"nın parçalanmasının, eləcə də seçkilrdəki məğlubiyyətinin əsasını da məhz hər iki partiya daşıyır. Ona görə də belə qənaətə gəlmək mümkündür ki, istər R.Ubrahimbəyov, istərsə də C.Həsənli faktoru quruma heç bir müvəffəqiyyət qazandıra bilməyəcək. Ələlxüsus da, AXCP və Müsavat partiyaları arasındakı mənəm-mənəmlik savaşları bu qurumun sıfır dərəcəli perspektivini arxivə göməcək.
Rəfiqə HÜSEYNOVA