PDF Oxu

Müxalifət

  • 8

Müxalifətin CƏMİLLƏŞMİŞ sərğüzəştləri...

Müxalifətin CƏMİLLƏŞMİŞ sərğüzəştləri...

Və ya yeni turistik səfərlər bu dəfə hansı ölkələrədir?

Müxalifət qüvvələrinin bütün dünya üzrə fəaliyyətinə nəzər saldıqda və ümumi təhlil apardıqda çox maraqlı məqamların şahidi oluruq. Müxalifətçilik fəlsəfəsindən irəli gələn fəaliyyət istiqamətləri, əsas hədəflər və prinsiplər baxımından planetar miqyasda bir qalın xətt müşahidə olunmaqdadır. Yəni, dünya ölkələrinin böyük əksəriyyətində müxalif qüvvələr dövlətçiliyin qorunub saxlanılması prinsipi üzərində iqtidarın siyasətinə alternativ işləyib hazırlayır və onun ideoloji istiqamətlərini xalqa çatdırmaqla, onlardan dəstək almağa çalışırlar. Məsələn, qardaş Türkiyədə müxalifət iqtidarın fəaliyyətini tənqid edir və ona alternativ qoyur, xalqla təmasa girir. Amma qəribəsi odur ki, Avropa ölkələri səviyyəsində inkişaf etmiş Azərbaycan müxalifəti hələ də bu cür keyfiyyətləri mənimsəyə bilməyib. Onlar daha çox destruktiv fəaliyyətə üstünlük verir və korporativ maraqlarının təmin olunması üçün, hətta təxribatlara da əl atır. Amma Azərbaycanın radikal müxalifəti heç bir halda xalqla təmasa girmir, iqtidarın siyasətinə alternativ işləmir və onu cəmiyyətə təqdim edə bilmir. Daim destruktivliyilə seçilən müxalifət daha çox mətbuat vasitəsilə şantajdan, təhqirdən istifadə edir və anti-azərbaycançı dairələrin maraqlarını təmin etməyə cəhd göstərir.

Azərbaycanın dağıdıcı müxalifətinin dünya müxalifət qüvvələrindən daha bir fərqli cəhəti də onların dəstəyi xalqın arasında deyil, xarici ölkələrdə axtarmasıdır. Yəni, hər dəfə Azərbaycan üçün əhəmiyyətli sayılan ictimai-siyasi və mədəni hadisələr ərəfəsində xarici qüvvələrin planlarının reallaşdırıcısına çevrilən radikallar seçki prosesinin sanki üz tutduqları ölkələrdə keçirildiyini zənn edir və həmin dövlətlərdəki anti-azərbaycançı dairələrlə xəyanətkar razılaşmalara gedir.

Qeyd edək ki, hələ may ayında "birləşməyə" qərar verərək müxalifətin "birgələşdiyi" "Milli Şura"da vahid namizəd müəyyənləşən kimi, radikal müxalifətin nümayəndələri Rusiyaya, ABŞ-a, Avropa ölkələrinə səfərlər etməyə başladılar. Başda Rüstəm İbrahimbəyov olmaqla, İsa Qəmbər, Eldar Namazov, Fuad Qəhrəmanlı, Arif Hacılı və digərləri turistik səfərlərlə dünyanı gəzirlər. Bunun da adını siyasi mübarizə və ya seçkilərdə iştirak qoyurlar. Lakin Rüstəm İbrahimbəyovun rəhbərliyilə başlanmış turistik gəzintilər nəticəsini vermədi və "Milli Şura" iflas etdi. Daha doğrusu, Müsavat-AXCP tandeminin təsirinə düşən "Milli Şura" Rüstəmsizləşdi...

Artıq "Milli Şura" Cəmil Həsənli ilə seçkilərə getməyə çalışır. Amma gedən proseslərin təhlili göstərir ki, radikal müxalifət eyni xətt üzrə hərəkət edir. Bu dəfə "Milli Şura"nın üzvləri Cəmil Həsənlinin başçılığı ilə dünya turnesinə çıxırlar. Səfərlərini Londondan başlayıb Nyu-Yorkda bitirmək istəyən radikalların yenidən iflasa uğrayacaqları isə heç kəsdə şübhə doğurmur. Çünki seçki elə bir prosesdir ki, orada uğur qazanmaq istəyən sandıq başında səs verəcək insanlarla işləməlidir. Əgər hansısa qüvvə xalqla təmasa girmədən hakimiyyətə gəlmək istəyirsə, o, Mursidən fərqlənməyəcək. Silah, top-tüfəng hesabına hakimiyyətə gəlmək təcrübəsinın izləri yaddaşımızın tam mərkəzində hələ də qalmaqdadır. 1992-ci ildə bu gün radikal müxalifət hesab edilən Müsavat-AXCP birgə hakimiyyəti silah gücünə zəbt etdi və ölkəni indiki Misirin, Suriyanın, Liviyanın gününə saldılar. Ölkəni total xaosa sürükləyən İsa Qəmbər-Əli Kərimli kimilər bir daha Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd mövqedə durduqlarını nümayiş etdirdilər. Əlbəttə ki, həmin dövrün acı nəticələri hər kəsin yaddaşındadır. Və bu gün həmin çörək növbələrini, silahlı qarşıdurmaları yaratmış radikalların yenidən hakimiyyətə can atması, onu qəsb etmək istəməsi xalqda nifrət hissi yaradır. Məhz onların tutduqları bu anti-milli mövqeyə görə, cəmiyyətimiz 20 ildir ki, müxalifəti bütün seçkilərdə məyus edib. Əminik ki, budəfəki seçkilərdə də turistik səfərlərilə və anti-milli mövqelərilə yadda qalan radikal müxalifət, daha dəqiq desək, Cəmilləşmiş "Milli Şura" xalq tərəfindən dəstəklənməyəcək və onları növbəti dəfə məyus edəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər