AXCP-Müsavat cütlüyünün monopoliyasına keçən quruma qarşı sərt çağırış
"Milli Şura" ilə "EL" hərəkatının yolları ayrılmaq üzrədir. Belə ki, "şura"nın daha öncəki namizədi seçilmiş Rüstəm İbrahimbəyovun seçki qərargahının rəhbəri vəzifəsini icra edən Eldar Namazov hazırda seytnot vəziyyətində qalıb. Daha dəqiq desək, "Milli Şura" adlı siyasi teatr səhnəsində Rüstəm İbrahimbəyov ssenarisi uğursuzluğa düçar olduqdan sonra "EL" hərəkatı bütünlüklə dalana sıxışdırılıb. Hətta İbrahimbəyovun dublyoru olan Cəmil Həsənlinin seçki qərargahına rəhbəblər də təyin olunub ki, onlar AXCP sədrinin müavini Həsən Kərimov və Müsavatın icra aparatının rəhbəri Arif Hacılıdır. Məhz bu arqumentdən sonra Namazovun çıxdaş edilməsi onun təşkilatının "Milli Şura"ya qarşı adekvat addım atması ilə nəticələnib.
"EL" hərəkatı sədrinin müavini Köçəri Nağıbəyli: "Təklif edirəm ki, hərəkat üzvləri REAL sədri İlqar Məmmədovu dəstəkləsinlər"
Bu arada E.Namazovun müavini və qurumun "Milli Şura"dakı təmsilçilərindən biri olan Köçəri Nağıbəyli onlara qarşı başladılan hücumlara görə ilginc bəyanatla çıxış edib. Belə ki, K.Nağıbəyli mətbuata verdiyi açıqlamada Azərbaycan xalqına müraciət edərək, onları prezident seçkilərində üzvü olduğu "Milli Şura"nın dublyor vahid namizədi Cəmil Həsənliyə deyil, başqa bir namizədə səs verməyə çağırıb. "EL" hərəkatının rəsmisinin xalqdan dəstək istədiyi namizəd isə REAL hərəkatının həbsdə olan sədri, prezidentliyə namizəd İlqar Məmmədovdur: "Təklif edirəm ki, hərəkat üzvləri REAL sədri İlqar Məmmədovu dəstəkləsinlər".
Bu bəyanat E.Namazovla razılaşdırıldıqdan sonra ictimailəşdirilib
Maraqlıdır ki, "EL" rəsmisi bu çağırışını "Milli Şura"nın C.Həsənlinin namizədliyini dəstəkləməsi ilə bağlı qərarına qarşı çıxması ilə əlaqələndirmir: "EL" hərəkatı "Milli Şura"nın qərarını dəstəkləyir. Mənim bu qərarım Cəmil Həsənliyə qarşı çıxmaq kimi sayılmamalıdır".
Lakin görünən budur ki, son proseslərdə "EL"-in seytnot vəziyyətdə qalması məhz bu kimi bəyanatın səslənməsinə zəmin yaradıb. Digər tərəfdən, qeyd etmək mümkündür ki, bu bəyanat E.Namazovla razılaşdırıldıqdan sonra ictimailəşdirilib. Ona görə də Nağıbəylinin gah bu, gah da digər şəkildə ifadələr səsləndirməsi, sadəcə, blef xarakteri daşıyır. Nəticədə belə bəyanatlarla eyham vurulur ki, E.Namazovun təşkilatı son anda "Milli Şura"ya qarşı daha sərt addımlar atmağı planlaşdırıb.
Eldəniz Quliyev: "Milli Şura"dakı müttəfiqlərimizi səmimiyyətə dəvət edirəm"
"Milli Şura"da təmsil olunan partiyalar bizə qarşı yönələn ittihamlarla bağlı mövqesizlik nümayiş etdirir". Bu açıqlamanı isə digər "EL" təmsilçisi, qurumun ali məclisinin sədri Eldəniz Quliyev verib. E. Quliyev deyib ki, "Milli Şura"dan narazılıq da, inciklik də mövcuddur: "Əsas narazılıq isə bizə yönələn təzyiqlərin qarşılığında, heç bir dəstək nümayiş etdirməmələridir".
Xatırladaq ki, Eldar Namazovun "EL"-indən istefa verərək, alternativ "EL" hərəkatı yaradan Əflan İbrahimov ötən günlərdə Eldar Namazovun və onun müavinlərinin ölkədə təxribat yaradacaqları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Nəticədə onlar ifadə vermək üçün istintaqa dəvət edilmişdilər. Lakin "Milli Şura"nı öz inhisarlarına alan AXCP-Müsavat cütlüyü, eləcə də onların namizədi C.Həsənli "EL"-lə bağlı heç bir narahatlıq ifadə etməyiblər. Bu səbəbdən də aydın görünür ki, hər iki qurum arasında kəsin ziddiyyətlər hökm sürürü.
E.Quliyev də bunu belə əsaslandırır: " İki həftədir "EL" hərəkatının rəhbərliyi istintaqa çağırılır. Amma müttəfiq olaraq, "Milli Şura"da təmsil olunan partiyaların heç biri dünənə qədər münasibət bildirmədi. Bununla da onlar mövqesizlik nümayiş etdirmiş oldular. Bu da təbii olaraq, bizdə narazılıq yaratdı". E. Quliyev narazılıq yaradan başqa məqamların olduğunu deyib: "Təbii ki, daha fundamental narazılıq var və bununla bağlı da açıqlama veriləcək".
Beləliklə, K.Nağıbəylinin və E.Quliyevin sərt ittihamları bir daha belə qənaətə gəlməyə əsas yaradır ki, seçkilər ərəfəsində ənənəvi müxalifət daxilnidə çoxsaylı parçalanma hallarını reallaşdıracaq.
Rövşən RƏSULOV