PDF Oxu

Müxalifət

  • 13

London "zirvəsindən" dərə dibinə yuvarlanacaq "Milli Şura"

London "zirvəsindən" dərə dibinə yuvarlanacaq "Milli Şura"

Və ya Qərb bu dəfə də müxalifəti yarı yolda qoyacaq

Məlum olduğu kimi, "Milli Şura" üzvləri yaxın vaxtlarda Londona səfər edəcəklərini bəyan ediblər. Artıq bu səfər haqqında cəmiyyətdə belə bir fikir formalaşıb ki, əslində millilikdən və dövlətçilik ənənələrindən kifayət qədər uzaq olan qurum funksionerləri səslərini xalqdan deyil, Qərb ölkələrinin müəyyən qüvvələrindən qazanmaq məqsədi daşıyırlar.

Başqa tərəfdən, "Milli Şura"nı inhisarları altına almış AXCP və Müsavat rəhbərliyi bəyan edir ki, guya sözügedən səfərdə onlar əhəmiyyətli şəxslərlə, diplomatik korpuslarla görüşlər keçirəcəklər.

"Milli Şura" üzvləri öz "platformaları", yəni pul dilənmələri ətrafında fikir mübadiləsi aparacaqlar

Bəlli olub ki, özlərinin adlandırdığı London "zirvəsi" sadəcə adi bir səfərdən başqa heç nə deyil. Beləliklə, məlum olub ki, bu səfər elmi araşdırma mərkəzlərindən birinin dəvəti ilə həyata keçiriləcək və onlar dövlət strukturu deyil, sadəcə olaraq ayrı-ayrı postsovet məkanındakı ölkələrdə siyasi prosesləri izləyən və onlar haqqında məlumat toplayan bir mərkəzdir. Bu mərkəzin məlumatları da bəzən müxtəlif dairələr arasında yayılır. "Milli Şura"nın üzvləri də həmin mərkəzdə, prezident seçkiləri ilə bağlı öz "platformaları", yəni pul dilənmələri ətrafında fikir mübadiləsi aparacaqlar.

Eyni zamanda belə qənaətə gəlmək mümkündür ki, onların iddia etdikləri kimi, Qərb müxalifətə heç nə vəd etmir. Çünki bir çox nüfuzlu təşkilatlar, aparıcı dünya dövlətləri Azərbaycan iqtidarı ilə münasibətlərini inkişaf etdirmək əzmindədirlər. Onlar belə müxalifətə qətiyyən bel bağlamayıblar, bundan sonra da belə olacağı şübhəsizdir.

"Milli Şura"da da "İctimai Palata" ab-havası

Gülünc məqamlardan biri də budur ki, müxalifət mətbuatında cəfəng fikirlər səsləndirilir ki, guya "Milli Şura" üzvlərinin London səfərindən iqtidar təşvişə düşüb və s. Ancaq göründüyü kimi müxalifətdən fərqli olaraq iqtidar seçki prosesinə uğurla başlayıb və bu istiqamətdə əldə edilən müvəffəqiyyətlər müxalifətin bu kimi blef fikirlər səsləndirməsinə səbəb olub. Daha dəqiq desək, hazırda "Milli Şura" seçkilər ərəfəsində öz narahatlığını və təlaşını gizlədə bilmir.

Başqa tərəfdən, artıq bu gün "Milli Şura"da da "İctimai Palata" ab-havası yaranmağa başlayıb. Rüstəm İbrahimbəyov fiaskosuna uğrayan qurumda namizəd dəyişikliyi baş verəndən sonra oranın AXCP və Müsavat monopliyasına keçməsi vəziyyəti daha da gərginləşdirib. Bu səbəbdən belə nəticəyə gəlmək mümkündür ki, hazırda "Milli Şura"nın əsas işlərini həmin iki partiya həyata keçirir. Yerdə qalan partiyalar isə bir növ oyundan kənar vəziyyətdədirlər. Ona görə də güman etmək olar ki, seçkilərdən sonra "Milli Şura"nın da aqibəti "İctimai Palata"dan fərqlənməyəcək. Xüsusilə, London "zirvəsindən" dərə dibinə yuvarlanacaq "Milli Şura"nın seçkilərə dağınıq şəkildə gedəcəyi labüdləşməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər