"Milli Şura"da baş alıb gedən bazar dava-dalaşlarının səbəbi hər kəsə məlumdur ki, bütün qan-qada pula görədir. Yazıq Rüstəm İbrahimbəyovun pulunu onsuz da mitinq ərəfəsində aldadıb yemişdilər, indi də imzatoplama adı ilə onu əməlli-başlı müflis edirlər. Onsuz da arxasını müxalifətə dirəyib özünü biabır eləmişdi.
Rüstəm İbrahimbəyov tərəfindən C.Həsənlinin seçki qərargahına 500 min dollar ayrılsa da, prezidentliyə namizəd Cəmil Həsənlinin xeyrinə yığılan imzaların analizi "Milli Şura"da şok yaradıb. Mərkəzi Seçki Komissiyasına təqdim etməzdən əvvəl daxili araşdırma nəticəsində müəyyən edilib ki, 44 min imzadan 6 mini etibarsızdır. Seçki qərargahının rəhbərləri Həsən Kərimov və Arif Hacılının rəhbərliyi ilə 2 minə yaxın imza ilə bağlı müəyyən dəqiqləşdirmələr aparmaqla onları guya yararlı hala gətirə biliblər. Cəmil Həsənli 500 min dollar müqabilində belə imzatoplamanı rüsvayçılıq adlandırıb.
İndi məlum oldu ki, AXCP ilə Müsavat imzatoplamanı niyə inhisarlarına alıblar. Bu hadisə həm də KXCP, ACP, ALP və "EL" hərəkatının narazalığının kökündə duran başlıca səbəbdir. AXCP və Müsavat 500 mini dədə malı kimi bölüblər, digərlərinə də dirsək göstəriblər.
İbrahimbəyovu sağmal inəyin - Məşədi İbadın gününə salıblar. Eldar Namazov 100 minini yedi, indi də AXCP və Müsavat 500 minini. Hayıf o pullara ki, havaya sovururlar. Onsuz da bəllidir ki, bunların seçkilərdə hətta minimum uğur əldə etmək üçün potensialları yoxdur. Kəskin daxili ziddiyyətlər və qarşıdurma da vəziyyəti daha da mürəkkəbləşdirir. "Milli Şura" artıq dağılmış durumdadır. Belə halda bu pulları batırmağın mənası nədir? Yəqin ki, İbrahimbəyov "müxalifəti birləşdirən lider" imicinin girovuna çevrilib. Artıq geri çəkilə bilmir və yəqin ki, istəmir də. Bir də ki, öz pulunu xərcləmir ki. Yəqin onu bu işə sövq edən xarici dairələr hələ də ümidlərini üzməyiblər və yaxud cini butulkaya salmaqda çətinlik çəkirlər.
Atalar deyib ki, "xoruzun quyruğu görünür". "Milli Şura"nın bu həngaməsində xoruzun quyruğu yox ee, bütün əsli-nəcabəti görünür. Yazıq Rüstəm bəy! Gecəsini gündüzünə qatıb, el-el, oba-oba düşüb, öz sevimli peşəsini-montajçılığı belə buraxıb bunlara pul yığır, az qala bütün millətə yalvarır ki, ay camaat, sonuncu 1 manatınız da olsa gətirin bizim quruma köçürün, bunlarsa gör nə oyundan çıxır. 40 min imzaya 500 min, bir imza da ki, 12,5 dollara. Allah bazar versin!
Məşhur deyimdə deyildiyi kimi: bu qədər pul alıblar, bunların oynamaqlarına...imza toplamaqlarına bax!
Samir