PDF Oxu

Müxalifət

  • 6

Saxtakarlıq əqidələrinə çevrilib

Saxtakarlıq əqidələrinə çevrilib

İlqar Orucov: " Müsavat partiyası daxilində demokratiyadan söhbət belə gedə bilməz"

Niyaməddin Orduxanlı: "Demokratik prinsiplərdən tamam kənar şəxslərdir"

Mütəllim Rəhimli: "Maraqlıdır ki, bundan sonra bu partiyanın mövqeyi necə olacaq və ümumiyyətlə deməyə söz tapacaqlarmı?!"

Müsahiblərimiz "Demokratiyadan danışan Müsavat partiyasının rəhbərliyi və gənclər təşkilatı, partiya daxilində gənclər təşkilatına sədr seçilməsi prosesində saxtakarlığa yol verib. Sizcə, bu, bir daha onu sübut edirmi ki, bu partiyada təmsil olunan gənclərin, eləcə də rəhbərliyin demokratiyadan qəti şəkildə anlayışı yoxdu?" sualına belə münasibət bildirdilər.

İlqar Orucov,

AGAAM cəmiyyətinin sədri:

- Bildiyiniz kimi, bu yaxınlarda Müsavat partiyasının gənclər təşkilatının rəhbərliyinə seçkilər keçirilmiş və bu seçkilər zamanı böyük saxtakarlığa yol verilmişdir. Partiyanın üzvləri olan bir qrup gənc bu işdə Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılını ittiham edirlər. Maraqlı situasiyadır. Çox da böyük olmayan bir partiyanın kiçik bir gənclər təşkilatının seçkisini keçirə bilməyən və yaxud şəxsi ambisiyalarını partiya və partiyanın gənclərinin maraqlarından üstün tutan Arif Hacılı və partiyanın digər rəhbərləri hansı haqla və hansı üzlə demokratiyadan danışırlar? Biz bu insanların simasını və hansı əqidəyə malik olduqlarını qısa müddətdə Azərbaycana rəhbərlik edən dönəmlərdə daha qabarıq şəkildə görmüşük. Ona görə Müsavat partiyasına qoşulan gənclərə həmişə bu cür insanlardan uzaq olmağı, onların maraqlarının qurbanına çevrilməməyi tövsiyyə edirik. Bu insanların bir amalı var: o da şəxsi maraqları naminə hər cür riyakarlığa getmək. Ona görə də bir daha üzümüzü gənclərə tutaraq bu cür hadisələrdən nəticə çıxarmağa, Müsavat partiyası rəhbərliyindəki "demokratiya" qəhrəmanlarından uzaq olmağa, gənclik enerjilərini daha düzgün formada istifadə etməyə səsləyirik.

Niyaməddin Orduxanlı,

BAXCP sədrinin müavini:

- Müsavat partiyasında baş vermiş saxtakarlıq ortaya bir faktı çıxardı ki, bu təşkilat yalnız sözdə özlərini demokrat adlandırırlar. Əslində, demokratik prinsiplərdən tamam kənar şəxslərdir. Mətbuatdan oxudum ki, səsvermədə 100 nəfər gənc olublar. Saxtakarlığın sübut olunduğunu deyən xanıma da əl qaldırırlar. Belə insanlar necə demokrat ola bilərlər? Bu, çox biabırçı vəziyyətdir. Buna başqa ad vermək olmur.

Mütəllim Rəhimli,

Ədalət partiyası aparat rəhbəri:

- Məsələ bundadır ki, hazırda ölkədə prezident seçkiləri ərəfəsində bu hadisənin baş verməsi Müsavat partiyasının olmayan nüfuzuna bir daha böyük zərbə vurdu. Çünki Müsavat partiyası "Milli Şura" daxilində indiki iqtidarı, seçkiləri demokratik şəraitdə keçirməməkdə ittiham edir. Təbii ki, bu onların hər zaman yanlış ittihamlarıdır. Maraqlıdır ki, bundan sonra bu partiyanın mövqeyi necə olacaq və ümumiyyətlə deməyə söz tapacaqlarmı?! Hər halda, hesab edirəm ki, Müsavat partiyası baş vermiş bu hadisə ilə əlaqədar olaraq bir daha sarsıldı. Onlar bu partiyanın səmimi müxalifətçilik mövqeyində olmadığını yenə də göstərmiş oldular.

Cahid Süleymanov

Digər xəbərlər