Dağıdıcı müxalifətin acınacaqlı durumundan hər kəsin xəbəri var. Populist bəyanatlarla diqqəti cəlb etməyə çalışan müxalifət öz gücsüzlüyünü dəfələrlə sübut edib. Müxalifətin 18 avqust aksiyası isə bir daha göstərdi ki, sosial bazadan tamamilə məhrum olan müxalifətin barmaqla sayılacaq qədər üzvü var.
Artıq prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Buna baxmayaraq müxalifət yenə də çaşqınlıq içindədir. Hansı formada təbliğat apacağını qətiyyən müəyyənləşdirə bilmir. Çünki vahid seçki konsepsiyası olmayan müxalifətçilər hardan başlayıb harda qurtaracaqlarını bilmirlər. Üstəgəl, sosial bazalarının sıfıra bərabər olması da onları bir çox dayaqlardan məhrum edib. Ona görə də regionlardan əldə etdiyimiz informasiyalar da təəccüblü deyil.
Cənub bölgəsindən, xüsusilə Yardımlı, Cəlilabad, Lerik və Lənkərandan əldə etdiyimiz informasiyalara görə, orada bir nəfər də olsun müxalifətçi gözə dəymir. Hətta Müsavat və AXCP rəhbərliyindən 5 nəfər Lerik rayonunda olublar ki, Cəmil Həsənlinin təbliğatını aparsınlar. Elə rayon mərkəzindən də geri qayıdıblar. Lerikdə bir nəfər də olsun üzvü olmayan müxalifətin kimə və nəyə arxalanıb ora getdiyi onların qeyri-ciddi bir durumda olmalarından xəbəb verir. Deyilənə görə, Lerikdən kimsə onlara söz verib ki, gəlsinlər və müxalifətçilərə kömək olunacaq ki, kəndlərdə təbliğat aparsınlar. Ancaq həmin şəxs müxalifətçiləri aldadıb, müxalifətçiləri qarşılamayıb və onlar da kor-peşman geri dönüblər.
Bundan başqa Qusar, Quba və Xaçmazdan əldə etdiyimiz məlumatlara görə, artıq digər bölgələr kimi bu ərazilərdə də hər kəs öz sözünü deyib, xüsusilə gənclər dövlət başçısına dəstək nümayiş etdirmək üçün mütəmadi toplantılar keçirirlər. Bu ərazilərdə olan 5-10 nəfər müxalifətçi isə minlərlə insanın dəstək addımlarına qıraqdan heyranlıqla baxırlar.
Əldə etdiyimiz başqa bir informasiyaya görə, AXCP sədr müavini Asəf Quliyev ətrafında 3-5 nəfər C.Həsənlinin təbliğatını aparmaq üçün Maştağa və Bilgəhdə olub. Ancaq əhalinin təpkisindən sonra oranı tərk ediblər.
Müxalifətçilər arasında hazırda dava-dalaşın məcrası da bir az dəyişib. Belə ki, orada hər kəs özünü "lider" kimi görür, heç kim özünə sığışdırıb C.Həsənlinin təbliğatı ilə məşğul olmaq istəmir.
Ümumiyyətlə, təbliğat aparmağa cəlb etdikləri 50 nəfər adamı isə rayonlara bölüb işlərini qura bilmirlər. Çünki bu 50 nəfərdən hər rayona heç bir nəfər düşmür. Digər tərəfdən bir nəfərin təbliğata getməsi gülünc deyilmi!? Təbliğat-təşviqat aparmaq üçün adamların kifayət etməməsi, təbliğata gedənlərə isə müxalifətçi liderlərin çox cüzi miqdarda pul verməsi "Milli Şura"nın işini o vəziyyətə salıb ki, hiss olunur ki, bir neçə günə C.Həsənli meydanda tək qalacaq.
Samir