KXCP sədri Mirmahmud Mirəlioğlu qurumun mitinqində iştirak etməyəcək
"Milli Şura"nın sonuncu mitinqində yaşanan rüsvayçı olaylardan sonra qurumda təmsil olunan daha bir partiya sədri buna etirazını bildirib. Son günlər "şura"da yaşanan ziddiyyətlər isə səngimək bilmir. ACP "lideri" Rəsul Quliyevin məlum telefon danışıqlarının ardınca REAL təşkilatının da "Milli Şura"nı sərt şəkildə tənqid etməsi sözügedən situasiyanı daha da kəskinləşdirib. Artıq KXCP də müəyyən iradlarını bildirməkdə, "Milli Şura"nın perspektivsizliyi barədə fikirlərini mətbuatda bildirməkdədir.
Maraqlısı da budur ki, "klassiklər"in sədri Mirmahmud Mirəlioğlu mitinqdə ona yer ayrılmadığını və kənarda saxlandığını açıqlamasında deyib: "...Mən də kiminsə plakatının üstündən, yaxud dövrə vuraraq getmək istəmirdim...".
"Orada olmağın bir üstünlüyü, yaxud dividendi varmı?"
Mirəlioğlu növbəti mitinqə də qatılıb-qatılmayacağını bilmədiyini deyib və əlavə olaraq bildirib ki, tribunada Əli Kərimli, İsa Qəmbər və digərləri ilə olmağı istəmir: "...Tribunada olmağa çox da həvəs göstərmirəm. Orada olmağın bir üstünlüyü, yaxud dividendi varmı? Ümumiyyətlə, çıxış etməyən adamın tribunada nə işi var?"
Göründüyü kimi, "Milli Şura"nın bu və ya digər şəkildə hətta öz daxilində də etimad qazanmaması, Cəmil Həsənlinin təbliğat-təşviqat günlərində hələ də öz platformasını açıqlamaması orada vəziyyətin nə qədər kritik həddə olduğunu kifayət qədər təsdiq edir. Məhz bu səbəbdən də, ehtimal etmək olar ki, "Milli Şura"nın növbəti şousu da sönük və rüsvayçılıqla başa çatacaq.
Afət TAHİRQIZI