Bununla qurumun "vahid namizədi" daxilində formalaşmış çirkabları açdı-tökdü
"Milli Şura"nın 29 sentyabr uğursuz və rüsvayçı mitinqindən sonra eyforiyaya qapılmış Cəmil Həsənli qatıldığı tele-debatda həm özünün, həm də onun ətrafında toplaşanların daxillərində uzun illərdən bəri formalaşmış çirkabları açdı-tökdü. Belə ki, o, haqqında 8 milyon manatlıq korrupsiya ittihamları, bank maxinasiyaları səsləndirilən AXCP sədri Əli Kərimlinin, ona maliyyə yardımları buraxmış ACP "lideri" Rəsul Quliyevin, Rusiyadakı qaranlıq mənbələrin barəsində xalqa açıqlama verməsi yerinə, ölkənin inkişafını, tərəqqisini qəsdən kölgə altına qoyan, heç bir əsası olmayan "korrupsiyadan" dəm vurub.
Opponentləri Cəmil Həsənlini faktlarla darmadağın etdi!
Lakin digər opponentləri tərəfindən lazımi cavablar alaraq, darmadağın olan C.Həsənli bu dəfə mövqeyini başqa səmtə yönəldərək, bir azərbaycanlıya yaraşmayan tərzdə daha bir rəzilliyə imza atıb. Bu rəzillik "Milli Şura" namizədinin regionçuluq - şəhərli-rayonlu ayrıseçkiliyi aparmasından ibarətdir. Hansı ki, ona qədər heç bir opponent bu mövzuya toxunmayıb. Lakin C.Həsənli milli ləyaqətə, mənəviyyata sığmayan olaya rəvac verməklə hakimiyyətə yiyələnmək istəyən ənənəvi müxalifətin xalqalar, millətlər, eləcə də şəhər və rayonlarda yaşayan sakinlər arasında rüsvayçı ayrıseçkiliyə yol verdiyini məhz bu cür etiraf edib: "Mən kəndçiyəm, kənddə doğulmuşam, heyvan da otarmışam və bununla fəxr edirəm. Mən fəxr edirəm ki, kənddə doğulmuşam".
Onlar öz cavablarını başda C.Həsənli olmaqla seçkilər günü elə xalqdan alacaqlar
Nəticədə C.Həsənlinin bu fikirləri prezidentliyə namizəd olan digər şəxsləri haqlı olaraq hiddətləndirib. Məsələn, Azərbaycan Sosial-Demokrat Partiyasından prezidentliyə namizəd Araz Əlizadə C.Həsənliyə tutarlı cavab verib: "Cəmil Həsənli insanları təhqir etdi. Şəhərdə doğulanlara heyvan dedi. Ancaq mən də deyirəm ki, meymun baxar güzgüyə, adını qoyar özgəyə".
Beləliklə, bir daha aydın oldu ki, "Milli Şura"nın məqsədi hakimiyyətə gəlməklə Azərbaycanın son 20 ildə qazandıqlarını bir neçə ayın içində dağıtmaqdan, xalqı uçuruma aparmaqdan, eləcə də insanlar arasında nifaq salmaqdan ibarətdir. Belələrinin isə öz iç üzlərini açmaları bir daha onların xalqdan, dövlətçilik amilindən nə qədər uzaq olduqlarını təsdiq edir. Ona görə də onlar öz cavablarını başda C.Həsənli olmaqla seçkilər günü elə xalqdan alacaqlar. Bu cavab onlara tərs və ağır sillə kimi olacaq.
Mübariz QULİYEV