Azərbaycan Prezidenti 16 yanvar 2001-ci ildə prezident sarayında TÜRKSOY təşkilatının toplantısında iştirak edən türkdilli ölkələrin nümayəndələrini qəbul etdi. Fevralın 27-də isə Ankara Universiteti Elmi Şurası, beynəlxalq münasibətlərin təlatümlü və gərgin bir dönəmində, son dərəcə müdriklik tələb edən vəzifəsində türk dostu kimi hər zaman Türkiyəni dəstəkləyən və hər vasitə ilə Türkiyənin beynəlxalq aləmdəki önəmini ifadə edən, daim "bir millət, iki dövlət" olaraq gördüyü Türkiyə və Azərbaycan arasındakı dostluğun inkişafı, iki ölkə arasındakı qardaşlığın strateji müttəfiqliyə çevrilməsi sahəsindəki xidmətlərinə, böyük dövlət adamı keyfiyyətinə və təcrübəsinə malik olduğuna, Azərbaycanda və dünyanın ən qarışıq bölgələrindən biri olan Qafqazda sabitliyin bərqərar olması nəticəsində ölkəsinin və bölgənin Avropa ilə inteqrasiyası sahəsində əldə etdiyi uğurlara görə, Heydər Əliyevə beynəlxalq münasibətlər sahəsində fəxri doktor adı verilməsi barədə 1742 saylı qərarı yekdilliklə qəbul etmişdir. Həmin ilin 9 martında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanda Atatürk Mərkəzinin yaradılması ilə əlaqədar Sərəncam vermişdi. Martın 13-də isə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev TBMM üzvləri qarşısında geniş nitq söyləmişdir.
Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələr 14 yanvar 1992-ci ildə qurulmuşdur və bu gün Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələri günü-gündən möhkəmlənir, genişlənir və bu dostluq əlaqələri gələcəkdə də inkişaf edəcəkdir. Heydər Əliyevin də dönə-dönə vurğuladığı kimi, "heç bir qüvvə, heç bir kəs, heç bir ölkə Türkiyə - Azərbaycan dostluğuna mane ola bilməz. Bizim dostluğumuz sarsılmazdır, əbədidir və əbədi olacaqdır... Biz çalışacağıq ki, bu dostluğu, qardaşlığı günü-gündən möhkəmlədək və yüksəklərə qaldıraq".
Araşdırmalar və statistik məlumatlar göstərir ki, hal-hazırda Türkiyədə təxminən 3 milyon soydaşımız yaşayır. Ölkədə Azərbaycan icmasını təmsil edən təşkilat və dərnəklərdən ən nüfuzlusu Türkiyənin tanınmış ictimai xadimi İ.Doğramacı tərəfindən yaradılmış "Türkiyə-Azərbaycan dostluq, əməkdaşlıq və həmrəylik Fondu"dur (1996-cı il). Uzun illər Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti S.Dəmirəlin bu ictimai təşkilatın fəxri sədrləri olmaları diqqətəlayiqdir. Bu təşkilatın tərkibində "Azərbaycan Evi" fəaliyyət göstərir. Burada əsasən mədəniyyət tədbirləri və bədii gecələr keçirilir. Bu dərnəkdən başqa "İqdır Mədəniyyət Dərnəyi" (sədri T.Atasevər), Qars-Ardahan-İqdır Dərnəyi" (sədri B.İşgür), "Türkiyə - Azərbaycan Dostluq Dərnəyi" (sədri M.Özdağ) və "İzmir Mədəniyyət Dərnəyi (sədri Y.Bozer), "Qars kalkdırma kültür vakvı" (sədri A.Elçin) kimi ictimai təşkilatlar da fəaliyyət göstərir. Bunlardan bəzilərinin mətbuat orqanları da var (İ.Doğramacının fondu tərəfindən "Azərbaycan" adlı aylıq jurnal nəşr olunur). Bundan başqa, Türkiyədə "Azərbaycan-Türkiyə Dostluq Klubu" (sədri istefaya çıxmış general M.Özdağ) fəaliyyət göstərir. Klub Azərbaycanın indiki hökumətinin yeritdiyi siyasi kursu dəstəkləyir, lakin onun əsas məqsədi - Azərbaycan xalqı ilə dostluqdur.
Ölkələrimiz arasındakı mədəni-humanitar əlaqələr daim inkişaf etməkdədir. Bu sahədə ən çox təhsil, mədəniyyət, xarici və daxili işlər nazirliklərinin əlaqəli orqanları, YÖQ (Yüksək Öyrətim Qurumu), TÜRKSOY, TRT (Türkiyə Radio-Televiziya Qurumu), DİB (Diyanət İşləri Başkanlığı), BYEGM (Mətbuat, Nəşr İnformasiya Baş Müdirliyi), AMDTYQ (Atatürk Mədəni, Dil və Tarix Yüksək Qurumu) kimi təşkilatların və TÜDEV (Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və İşbirliyi Vəqfi), TKAE (Türk Mədəniyyətini Araşdırma İnstitutu), TDAV (Türk Dünyası Araşdırma Vəqfi) kimi özəl təşkilatlar fəaliyyət göstərir.
Milli təhsil sahəsində də çalışmalar durmadan gedir. Azərbaycanla Türkiyə arasında milli təhsil sahəsindəki ən önəmli çalışma "Böyük Öyrənci Layihəsi"dir. Türkiyədə təhsil alan Azərbaycan tələbələri "Böyük gələcək" mədəni-maarifçilik (jurnalın redaktoru E.Zeynalovdur və bu nəşriyyat "Azərbaycan - Türkiyə Dostluq Klubu" tərəfindən maliyyələşdirilir, klubun sədri istefaya çıxmış general M.Özdəkdir) və "Azərbaycanın səsi" (jurnalın redaktoru S.Verdizadədir, jurnal Azərbaycanla iqtisadi-ticarət əlaqələrinə malik olan "Gül-Bayram" ticarət kompaniyası tərəfindən maliyyələşdirilir, kompaniyanın sədri Gül Bayramdır) adlı jurnal nəşr etdirirlər.
"Beynəlxalq mədəni əlaqələr" göstərir ki, Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu ilə əlaqədar olan Türk Tarix Qurumu öz işində Azərbaycana xüsusi diqqət verir. YÖK-ün (Yüksək Öyrətim Qurumu) müxtəlif universitetlərdə açdığı araşdırma mərkəzlərində "Milliyyət davası siyasi bır mücadilə söhbəti olmadan öncə, şüurlu bir ideal məsələsidir. Şüurlu ideal demək, müsbət elmə, elmi üsullara söykənmiş bir hədəf və niyyət deməkdir", şəklində Atatürk prinsipi əsas götürülmüşdür.
Radio və Televiziya Yayım fəaliyyətləri Avrasiya kanalı ilə başlamışdır. Bu fəaliyyəti Türkiyənin rəsmi və özəl kanalları davam etdirmişdir. Azərbaycanın AzTV 1 kanalı da Türkiyədən verilişlər verməyə başladıqdan sonra mədəni qarşılıqlı əməkdaşlıq genişlənmişdir. TÖMER (Türkcə Öyrətim Mərkəzi) Türkiyədə universitetlər və Türkiyə xaricində səfirliklər istiqamətində fəaliyyət göstərən bir təşkilat olub Azərbaycanda da çalışmaqdadır. Azərbaycanda latın əlifbasına keçildikdən sonra Azərbaycan - Türkiyə münasibətləri daha da genişlənmişdir.
TİKA (Türk Dövlətləri və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və İşbirliyi Vəqfi) təşkilatı 2001-ci ildə özünün IX qurultayını keçirmişdir. Təşkilatın komitələri arasında mədəniyyət, təhsil və rabitə komitələri də fəaliyyət göstərməkdədir və Azərbaycan daima ən yüksək səviyyədə bu təşkilatın toplantılarında iştirak etmişdir.
"Qardaş Ədəbiyyatlar", "Belge", "Bilig", "Yesevi", "Türk Dünyası" kimi nəşriyyatlar Türkiyə ilə Azərbaycan arasında mədəni körpünün qurulmasına böyük yardım göstərirlər. Çağdaş Türkiyə ilə əlaqələr sadəcə din və dillə məhdudlaşmır. Hər iki ölkənin müxtəlif demokratik kütləvi təşkilatları, o cümlədən, həmkarlar ittifaqları, ixtisas üzrə təşkilatlar, idman klubları və s. mədəni inteqrasiyaya öz köməkliyini göstərir.
Son illərdə Azərbaycan - Türkiyə əlaqələrinin xronologiyasının, həmçinin bu əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində Azərbaycan Respublikasının Ümummilli Lideri Prezidenti Heydər Əliyev Cənablarının müstəsna roluntu tarixi sənədlər əsasında ortaya qoyan bir sıra tədqiqat əsərləri və monoqrafiyalar nəşr edilmişdir. Heç şübhəsiz, Heydər Əliyev fenomeninin bu yöndəki fəaliyyətinin ümumi aspektlərini təqdim etmədən müasir mərhələdə mədəni əlaqələrimizin tam və mükəmməl mənzərəsini yaratmaq mümkün deyildir.
Mədəni əlaqələrimizə nəzər salarkən, ən başlıcası onu qeyd etmək lazımdır ki, Türkiyə - Azərbaycan mədəni əlaqələri təkcə dövlətlərimiz arasında deyil, insanlanrımız arasında da inkişaf etməkdə və genişlənməkdədir. Bu, artıq qarşısında heç kəsin dayana bilməyəcəyi bir axına çevrilmişdir. Mədəni əlaqələrimizə böyük töhfələr bəxş etmiş Heydər Əliyev deyirdi ki, "Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir... Biz bütün imkanlardan istifadə etməliyik ki, mədəni-humanitar və digər əlaqələr lazımi səviyyədə inkişaf etdirilsin... Türk xalqı ilə Azərbaycan xalqının tarixində, milli ənənələrində, mədəniyyətində çox oxşarlıq var. Ona görə də, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin sıx olması təbii bir haldır".
Ellada Kərimova yazır: "Azərbaycan xalqı və Azərbaycan dövləti son dərəcə zəngin bır tarixə malik olmaqla dünya tarixində özünə məxsus sanballı yer tutan xalqlardan və dövlətlərdən biridir. Tarixçi alimlərimiz tariximizin müxtəlif sahələri üzrə sanballı elmi araşdırmalar aparmışlar. Siyasi-iqtisadi və tarixi problemlərlə yanaşı, mədəniyyət məsələlərinin tədqiqində türk dünyasında müəyyən nailiyyətlər əldə etmişlər. Bu müddət ərzində Azərbaycan və Türkiyə alimləri tərəfindən bu sahənin öyrənilməsində yeni addımlar atılmış elmi araşdırmaların kifayət qədər aparılması üçün geniş imkanlar yaranmışdır. Lakin yazılı qaynaqların kifayət qədər olmaması Azərbaycan və Türkiyə tarixinin bütün sahələrini, o cümlədən, mədəniyyət sahəsini eyni səviyyədə tədqiq etməyə qaranlıq məsələləri olduğu kimi açıqlamağa imkan olmamışdır.
Mübahisəli problem məsələlərdən biri də azərbaycanlıların soykökünün tarixidir. Bu məsələ bir çox məqamlarda siyasi məqsədlərdən ötəri də istifadə olunubdur. Bu problemlə bağlı vahid fikir olmasa da, artıq Azərbaycan və Türkiyə alimləri tərəfindən sübut olunmuşdur ki, Azərbaycan xalqı dünya xalqları içərisində müstəqil və ayrıca xalqdır, dil qrupu isə türk dillərinin dil qrupuna daxil olan dildir. Azərbaycan xalqının formalaşmasında türk etnoslarının qədimdən bir ərazidə birgə yaşamaları olmuşdur. Bu fikrin əsas məzmunu qədim zamanlardan Azərbaycanda və qonşu ərazilərdə etnosların azərbaycanlılarla birgə yaşamaları əsas götürülür. Aparılmış tarixi araşdırmalar və elmi- təhqiqat işləri bu fikri bir daha təsdiqləyir.
Azərbaycan ərazisində məskunlaşan və yaşayan türk etnosları islam dini çərçivəsində azərbaycanlılarla yaxın iqtisadi və mədəni əlaqədə olmuşlar. Azərbaycan xalqı və türk xalqı daim biri-biri ilə tarixi əlaqədə olduqları üçün iqtisadiyyat və mədəniyyəti birgə inkişaf etdirmişlər və bu gün də etdirməkdədirlər. Məhz bu baxımdan yaşayış tərzindən tutmuş, mədəniyyətimizin də oxşarlığı buna baris sübutdur."
Əkbər Qoşalı göstərir ki, Azərbaycan və Türkiyənin geopolitik mövqeyi ölkələrimizi yalnız bir-biri üçün deyil, ümumən dünya üçün mühüm məkana çevirmişdir. Qloballaşma, inteqrasiya çağında cümhuriyyətlərimiz (Türk Dünyası) öz gələcəklərini tarixi həqiqətlər və mədəniyyət üzərində qərar verərək kökləməlidir. Əgər iqtisadi inteqrasiya ölkələrin yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlama prosesidirsə, bu prosesdə tarixi həqiqətlərin, mədəniyyətin əsas götürülməsi ortaq dəyərlərimizin, haradan gəlib, hara getməyimizin aydınlaşdırılması, inamlı inkişaf yolunun tutulması deməkdir.
İnteqrasiya siyasəti xalqın xarakterik xüsusiyyətləri, çağdaş durum və perspektivi nəzərə alınaraq elə qurulmalıdır ki, beynəlxalq asılılıq problemi ilə üzləşməyəsən. Bunun üçün milli-mədəni dəyərlərimiz, ədəbiyyatımızın təbliğ etdiyi mütərəqqi ideyalar zərərli axınlara qarşı immunitet aktına çevrilməlidir. "Milli olmayan bəşəri ola bilməz".
Türk dövlətlərinin əksəriyyətində investisiya resusları milli iqtisadiyyatın tələbatını ödəyəcək səviyyədə deyildir. Həmçinin, iqtisadiyyatın dirçəldilməsi uzun müddət tələb edir ki, bu zaman həyat səviyyəsini sabit saxlamaq zəruridir. Belə bir ortamda sərmayələrlə bərabər, anti-milli dünyagörüşünün də gəlməməsi və sabitləşməməsi qayğısına qalmaq lazımdır.
Qloballaşma müasir informasiya və kommunikasiya sisteminin yaradılmasını tələb edir. İnternetin, KİV-in imkanlarından da istifadə edərək, milli mədəniyyətlərin bir-birini inkar edərək yox, məhz uzlaşaraq ümumbəşəri məzmun kəsb etməsinə çalışmaq vacibdir.
Türkiyə və Azərbaycan arasında bütün sahələri əhatə edən müqavilələr imzalanmışdır. Dövlət orqanları ilə yanaşı qeyri-hökumət yaradıcılıq təşkilatları da sıx əməkdaşlıq etməlidir. TÜRKSOY-un, Dünya Türk Gəncləri Birliyinin fəaliyyəti daha da gücləndirilməlidir. Ortaq mədəni abidələrimiz, yeni yaranan səviyyəli ədəbi-bədii nümunələr Türkiyə və Azərbaycan, habelə, digər türkcələrə çevrilməli, gənc nəslə çatdırılmalıdır.
"...Yarının tarixi, yeni fəsillərini Türk Birliyi ilə açacaqdır. Dünya sükununu bu fəsillər içində bulacaqdır. Türkün varlığı bu köhnə aləmə yeni üfüqlər açacaq, günəş nə demək, üfüq nə demək, o zaman görüləcək"(M.K.Atatürk).
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru