PDF Oxu

Müxalifət

  • 28

Eldəniz Quliyev: "Arif Hacılı yaddaşını təzələsin"

Eldəniz Quliyev: "Arif Hacılı yaddaşını təzələsin"

Artıq bir neçə gündür ki, Müsavat və AXCP funksionerləri Eldar Namazovu müxtəlif məsələlərlə bağlı günahlandırmaqda davam edirlər. Bir qisim funksioner E.Namazovu separatçılıqda, başqa bir qisim müxalifətçi isə, onu özbaşına iş görməkdə təqsirkar bilir.

Arif Hacılı "Milli Şura"da həmsədrlik institutunun yaradılması barədə təklifin Müsavat və AXCP ilə müzakirə edilmədən ictimai müzakirəyə çıxarılmasının düzgün olmadığını söyləyib. Sabir Məmmədli isə E.Namazovun seçki dönəmində "Milli Şura"nın prezidentliyə namizədinin müəyyənləşməsi prosesinə mane olmaqda, prosesi ləngitməkdə günahlandırıb.

Seçkidəki məğlubiyyətlərini heç cürə qəbul etməyən müxalifətçilər hazırda üzləşdikləri problemlərdən çıxış yolu tapa bilmədiklərinə görə bir-birilərinə qarşı hücuma keçiblər. Bu gün "Milli Şura" deyilən qurumda neçə partiyanın, nə qədər üzvünün olduğunu kimsə deyə bilməz. Çünki bu qurumdan demək olar ki, hər gün kimsə istefa verir, özü və kimliyi bəlli olmayan şəxslər isə onların yerinə təyin olunur.

E.Namazovla bağlı ittihamlar müxalifətdəki vəziyyəti daha da acınacaqlı hala salıb. Seçkiöncəsi hər kəsdən birinci kürsüyə qaldırdıqları E.Namazovu bu gün qapılarından içəri belə buraxmırlar. Bu da nəticədə "Milli Şura"da çoxtirəlik yaradıb. Təsadüfi deyil ki, E.Namazovun müdafiəsinə qalxanlardan ilk şəxslərdən biri Eldəniz Quliyev Müsavat və AXCP rəhbərləri ilə də kəllə-kəlləyə gəlməyi gözə aldı. O, gözəl bilir ki, A.Hacılı özbaşına söz danışmır, İ.Qəmbər deyə bilmədiklərini məhz onun vasitəsilə edir.

"Milli Şura"nın üzvü Eldəniz Quliyev həm Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacılını, həm də Müsavat ali məclisinin üzvü Sabir Məmmədlinin söylədikləri tamamilə əsassız olduğunu deyib: "Eldar Namazov olmasaydı, "Milli Şura" yaranmayacaq və yaranmayan qurumun da prezidentliyə vahid namizədi olmayacaqdı. Arif Hacılının yaddaşını təzələsin".

Nə qədər gülməli görünsə də, E.Quliyev "Milli Şura"dakı istefalara fərqli münasibət bildirərək qeyd edib ki, guya "Milli Şura"dan istefalar bu qurumu gücləndirir: "Lalə Şövkət və Əvəz Temirxan "Milli Şura"dan inciyibsə, yaxud incidilibsə, "Milli Şura"dan getmələri daha çox qurumun pozitiv inkişafına təkan verəcək. Söhbət tək Lalə Şövkət və Əvəz Temirxandan getmir, bir neçə nəfər, o cümlədən Rəsul Quliyev də "Milli Şura"dan istefa verib. Həyat gəlimli-gedimlidir".

Göründüyü kimi, E.Quliyev "Milli Şura"dan istefa verənlərə ironik tərzdə yanaşır, onların "incikliyini" ələ salır. Əldə etdiyimiz informasiyaya görə, yaxın vaxtlarda məhz bu məsələ ilə bağlı Rüstəm İbrahimbəyov mətbuata açıqlama verəcək. Ancaq onun E.Namazovun xeyirinə danışacağı şübhə doğurmur. Çünki E.Quliyev, C.Həsənli, E.Namazov, R.İbrahimbəyov bir komanda şəklində "mehriban düşmən" prinsipi ilə "Milli Şura"ya daxil olublar.

Samir

Digər xəbərlər