PDF Oxu

Müxalifət

  • 20

"Milli Şura" parçalandı

"Milli Şura" parçalandı

Həmsədrlik institutu ideyası qurumdaxili çaxnaşmaya səbəb olub

"Milli Şura"da parçalanma baş verib. Belə ki, qurum sədri Rüstəm İbrahimbəyovun həmsədrlik institutu ideyasını ortaya atması növbəti çaxnaşmaya səbəb olub. Qarşıdurmaya əsas baiskar kimi isə Müsavat partiyası göstərilir. Belə ki, İbrahimbəyovun sözügedən ideyası İsa Qəmbər tərəfindən birmənalı qarşılanmayıb və onun təmsilçiləri "Milli Şura"da vahid sədrliyin olması vacibliyini irəli sürürlər. Məhz bu iddiadan sonra "Milli Şura"da təmsil olunan "El" hərəkatı təmsilçiləri Müsavata qarşı çıxış etməyə başlayıblar. Qeyd edək ki, "Milli Şura"nın növbəti sessiyasında bu məsələ müzakirəyə çıxarılacaq. Müzakirələrin isə qarşıdurmalarla müşahidə olunacağı ehtimal edilir.

Müsavat başqanının müavini Gülağa Aslanlı: " Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi və bu işlərə rəhbərlik etməsi mümkün olmadığı üçün bir sədrin olması daha düzgündür"

Xatırladaq ki, Müsavat başqanının müavini G.Aslanlı mətbuata açıqlamasında deyib ki, "Milli Şura"da vahid sədrin olması daha düzgündür və bu baxımdan "Milli Şura"da həmsədrlik institutunun yaradılmasına ehtiyac yoxdur: "Bu vaxta qədər "Milli Şura"nın hazırkı sədri R.İbrahimbəyova gördüyü işlərə görə təşəkkür etmək lazımdır. Ancaq artıq faktiki olaraq onun Azərbaycana gəlməsi və bu işlərə rəhbərlik etməsi mümkün olmadığı üçün bir sədrin olması daha düzgündür".

"Siyasətçilərin və siyasi partiyaların da olduğu bir təşkilatda siyasətdə olmayan iki ziyalının həmsədr olmasını o qədər də məqsədəuyğun saymıram"

Müsavat yetkilisi iddia edib ki, qurumda həmsədrlik institutunun yaradılması ideyası "Milli Şura" yaranmazdan əvvəl təklif edilib: "Həmsədrlik ideyası hələ "Milli Şura" yaranmazdan əvvəl ortaya atılan təklif idi və indi onun lehinə olanlar, o vaxt bu ideyanın əleyhinə fikir bildirirdilər...Lakin söhbət vahid namizəddən gedirdi və bu konsepsiyaya görə vahid namizəd yalnız ziyalılardan biri olmalı idi. Buna görə də o zaman həmsədrliyə etiraz olundu. İndi isə siyasətçilərin və siyasi partiyaların da olduğu bir təşkilatda siyasətdə olmayan iki ziyalının həmsədr olmasını o qədər də məqsədəuyğun saymıram".

"El" hərəkatının ali məclis sədri Eldəniz Quliyev: "Həmsədrlik institutunun yaranmaması Gülağa Aslanının deyil, təmsil olunduğu Müsavat partiyasının fikridir"

"El" hərəkatının ali məclis sədri, "Milli Şura"nın üzvü Eldəniz Quliyev isə bildirib ki, həmsədrlik institutunun yaranması ideyası "Milli Şura" sədri Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülüb: "Müsavat partiyasının mövqeyi onsuz da bəlli idi. Əvvəlcədən də bəllidir ki, həmsədrlik institutunun ideya müəllifi Rüstəm İbrahimbəyovdur. Quruma daxil olan partiya sədrləri də bununla hesablaşır. Çünki bu, qurum üçün ən optimal yoldur".O, bütün bu məsələlərin qurumun sessiyasında həll ediləcəyini də söyləyib: "Demokratik qurumlarda ziddiyyətlər müzakirələr yolu ilə həll olunmalıdır, bəyanatlarla deyil. "Milli Şura" da təkcə Müsavatdan ibarət deyil ki, onların bəyanatları ilə nəsə həll olunsun".Göründüyü kimi, Müsavat partiyası eyni zamanda Cəmil Hsənlinin də sədr olmasını istəməyərək, dolayısı ilə sədrliyə başqan İsa Qəmbərin gəritilməsini istəyir. Çünki yaxınlarda Müsavat partiyasının qurultayı keçiriləcək və İ.Qəmbər öz postunu təhvil verməli olacaq. Bu səbəbdən də "Milli Şura"ya sədrlik iddiası onun arenada qalması üçün ən optimal variant ola bilər. Lakin "El" hərəkatının, eləcə də bu qurumla əməkdaşlıq edən AXCP-nin R.İbrahimbəyovun ideyası ətrafında birgə çıxış etmələri bir daha sübut edir ki, artıq "Milli Şura"da parçalanmanın ilkin təzahürləri görünməkdədir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər