ADP sədri: "Müsavat partiyasını səthi idarə etmək üçün Arif Hacılı, Arzu Səmədbəyli kimi şəxslər var. Amma..."
Müsavat partiyasında yeni başqanlıq mövzusunun gündəmə çıxması partiyadaxili münasibətlərə kifayət qədər zərbə vurub. Artıq siyasi təşkilatda qurultayın keçirilməsinin zəruriliyi barədə danışanların, bunu rəhbərlik qarşısında tələb kimi qoyanların da sayı artmaqda davam edir. Söz yox ki, bu amil həm də belə deməyə əsas verir ki, onların əksəriyyəti müəyyən qruplaşmalar şəklində çıxış edərək özlərinə yaxın olan adamaları bu postda görmək istəyirlər. Sirr deyil ki, başqanlıq postuna ən çox iddialı olanlar partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı və məclis sədri Arzu Səmədbəylidir. Belə ki, bu şəxslər arasında mövcud olan soyuq münasibətlər, zaman-zaman baş qaldıran intriqalar onların partiyadaxili rəqabətlərini, daha dəqiq desək, savaşlarını daha da qızışdırıb. Artıq vəziyyət o həddə qədər gəlib çatıb ki, Müsavat partiyasının qurultayının keçirilməsi məsələsi an məsələsinə çevrilib. Məsələ ondadır ki, artıq A.Hacılı ötən gün mətbuata verdiyi açıqlamasında başqanlığa ən layiqli namizəd kimi özünün adını çəkir. Onunla yanaşı, digərləri, xüsusilə, A.Səmədbəyli tezliklə qurultayın keçirilməsinin vacibliyindən danışır.
"Onların bundan artığına gücləri çatmaz"
Bu arada Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müsavatçılara ironik münasibət sərgiləyib. S.Cəlaloğlu mətbuata açıqlamasında qeyd edib ki, əslində, İ.Qəmbərin başqanlıq postunu təhvil verməsi partiyanı daha böyük uçuruma doğru apara bilər. O, eyni zamanda, başqanlıq postuna namizədliklərini irəli sürəcək şəxslərə də eyham vuraraq bildirib ki, hazırda partiyada İ.Qəmbəri əvəz edə biləcək kimsəni görmür: "Mən Müsavat Partiyasında İsa Qəmbəri əvəz edə biləcək şəxs görmürəm".
ADP sədri iddialıları səthi idarəçi adlandırmaqla onları aşağılayıb: "Müsavat partiyasını səthi idarə etmək üçün Arif Hacılı, Arzu Səmədbəyli kimi şəxslər var. Amma onların bundan artığına gücləri çatmaz".
Göründüyü kimi, S.Cəlaloğlu burada əsasən Müsavat partiyasında baş verən hadisələrə münasibət bildirərək demək istəyib ki, yaxın günlərdə siyasi təşkilatda ciddi qarşıdurmaların yaşanacağı labüd hala çevriləcək. İ.Qəmbərin gedişi isə bu prosesi sürətləndirməkdədir.
Rövşən RƏSULOV