Əli Kərimli "facebook" xəstəliyinə tutulub və siyasi həyasızlığını gizlədə bilmir
"Milli Şura"nın seçki məğlubiyyəti və bu məğlubiyyətdən doğan çoxsaylı məqamları araşdırdıqca daha ciddi faktlar ortaya çıxır. Belə ki, əgər sözügedən məsələdə günahkarlar axtarılırsa, müxalifət "liderlərinin" hakimiyyəti ittiham etmələri heç də inandırıcı təsir bağışlamır. Yəni burada onlar üçün ən rahat "çıxış yolu" hakimiyyəti günahlandırmaqdır ki, burada daha çox canfəşanlıq göstərən AXCP sədri Əli Kərimlidir.
"Yurd" şefliyindən AXCP rəhbərliyinə qədər müəmmalı yollar keçən Ə.Kərimlinin seçki məğlubiyyətində daxili çəkişmələri kənara qoyaraq, həyasızcasına hakimiyyəti suçlaması, əslində, onun daxilində formalaşmış məkri xisləti kifayət qədər üzə çıxarır.
Əli Kərimli "Milli Şura"nı parçalayaraq, onu öz inhisarı altına almağa nail olub
Xüsusilə, "facebook"da fəallıq edən "cəbhə" sədri nədənsə düşərgədaxili fəaliyyətindəki qarşıdurmaların səbəbkarı, baiskarı olduğunu unudaraq, tamamilə fərqli, eləcə də inandırıcı görünməyən pafosları ilə yadda qalmağa çalışır.
Bu gün "Əlimizdə olan uğurları dağıtmaq istəyirlər"-deyə bar-bar bağıran "cəbhə" sədri, əslində, hansı "uğurlardan" danışdığının fərqinə belə varmır. Nədir onun "uğurları"? İlk öncə, Ə.Kərimli "Milli Şura"nı parçalayaraq, onu öz inhisarı altına almağa nail olub. Müsavat "Milli Şura"dan getmək ərəfəsində olduğu bir zamanda, AXCP sədri qarşı tərəfin getməməsi, "şura"nı tərk etməməsi istiqamətində heç bir təşəbbüs göstərmir. Məgər bu amilin özü Ə.Kərimlinin "Milli Şura"nı monopoliyası altına aldığını göstərmirmi? Əlbəttə ki, göstərir. Bu zaman AXCP sədri hansı uğurlardan danışır? Burada ehtimal etmək mümkündür ki, Ə.Kərimli "Əlimizdə olan uğurları dağıtmaq istəyirlər" iddiasını ortaya qoymaqla, öz dağıdıcılıq funksiyasını hakimiyyətin üzərinə atmağa cəhd edir. Onun "uğuru" isə yuxarıda qeyd edildiyi kimi, "Milli Şura"nın parçalanması faktıdır. Sözün qısası, AXCP sədri "Milli Şura"dakı mövqeyini Müsavatı uzaqlaşdırmaqla bərkidir və bu addımını başqalarının üzərinə yıxmağa çalışır.
Bir tərəfdən "şura"dakı mövqeyini təkbaşına saxlamağa çalışan Əli Kərimlinin "Milli Şura"nın gücləndirilməsinə çağırış etməsi, ümumiyyətlə, başa düşülməyən məsələdir
Digər tərəfdən, AXCP sədri "Milli Şura" daxilində yaranmış mübahisələrə münasibət bildirib və "facebook" səhifəsində yazıb ki, "demokratik düşərgənin gündəmini belə bir məsələnin məşğul etməsi təəssüf doğurur". Hələ bu da azmış kimi, o, "Milli Şura"nı qoruyub-gücləndirməyə çağırış etməyi də unutmayıb.
İlk öncə, "demokratik düşərgənin" belə bir vəziyyətə düşməsində onun günahları kifayət qədərdir. Bir tərəfdən "şura"dakı mövqeyini təkbaşına saxlamağa çalışan Kərimlinin "Milli Şura"nın gücləndirilməsinə çağırış etməsi, ümumiyyətlə, başa düşülməyən məsələdir.
Bu gün həyasızlığın ən uca nöqtəsində dayanaraq guya nə qədər "pak" və nə qədər "saf" "siyasətçi" olduğunu cəmiyyətin beyninə yeritmək istəyən Ə.Kərimli bəlkə də "facebook" xəstəliyinə düçar olduğundan xəbərsizdir. O, bu gün sosial şəbəkələrdə muzdla işlətdiyi, həyatlarını zəhərlədiyi gəncləri düşərgədaxili rəqiblərinə qarşı yönəldərək heç bir arqument ortaya qoya bilmir. Real arqument isə bəllidir: Ə.Kərimli sadəcə, oynadığı kirli oyunlarının çamuruna bulaşdığını belə vasitələrlə gizləməyə çalışır. Ancaq haraya qədər? Yəqin ki, bunun da cavabı uzaqda deyil...
Rövşən NURƏDDİNOĞLU