"Cəmil Həsənlinin "Milli Şura"nı dağılmağa qoymayacağı ilə bağlı söylədikləri, qanadlı fikirlərdən başqa bir şey deyil. Görünən isə odur ki, dırnaqarası qurum necə yaranmışdısa, elə də dağılır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradova ənənəvi müxalifətin parçalanmasına münasibət bildirərkən deyib."Təbii ki, həmin şuranın yarandığı vaxtda söylənilən proqnozlar da zamanla özünü sübut edir. Əgər əvvəllər bu qurumu yaradanlar "Milli Şura"nın Azərbaycanın tarixini, taleyini, gündəmini dəyişəcəyini çox böyük şüarlarla vəd edirdilərsə, bu gün onlar artıq həmin qurumun dağılmağa məhkumluğunu sübut etməyə çalışırlar. Əvvəllər ənənəvi müxalifət bizim hər bir şərhimizi süngi ilə qarşılayırdısa, indi radikal müxalifətin özü də bunu daha kəskin, daha artıq ifşaedici bir formada təkrar edir. Təbii ki, bu da bizim düzgün proqnoz verdiyimizin və həmin insanların cəmləşdiyi siyasi partiyaların, bu tip qurumların yaşamaq haqqının olmadığını göstərir. Bu, dırnaqarası oyuncaq qurumların nəinki Azərbaycanın siyasi gündəmini dəyişməyə, heç orada cəmləşən insanların həyatını dəyişmək imkanının olmadığını ortaya qoyur. Vaxtilə müttəffiq kimi özlərini qələmə verən lakin yarandıqları andan mehriban düşmənlər olan AXCP- Müsavat Partiyasının münasibətləri dəyişməyib sadəcə olaraq açıq formata keçib. Əgər onlar əvvəllər bunu pərdələməyə çalışırdılarsa, indi onlar daha açıq şəkildə bir-birinə olan münasibətlərini ortaya qoyurlar" – deyə, B. Muradova sözlərinə əlavə edib.
sia.az