"Əli Kərimli haqqında deyilənlər daha öncədən deyilməli idi". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, vaxtilə Əli Kərimli və radikal cərgədə təmsil olunan digər şəxslərin hakimiyyət hərisliyi, maraqları ilə bağlı məsələlər ortaya qoyulanda təəssüf ki, bu gün onlara appenentlik edən insanlar fərqli mövqedən çıxış edirdilər: "Haqqın, ədalətin bir sifəti var. Bütün siyasi fəaliyyəti boyu Əli Kərimli eyni taktika və siyasət həyata keçirib. Bu siyasəti öncədən görmək və açıqlamaq lazım idi. Təəssüf ki, bəzi insanlar yalnız öz maraqlarına zərbə dəyəndən sonra başqalarının eybəcərliklərini görməyə başlayırlar. Bu proses bütövlükdə radikal müxalifət düşərgəsində mənəvi dekradasiyanın hansı səviyyədə olduğunu göstərir. Həmin insanların cəmiyyət üçün nə qədər təhlükəli olduğunu, bu günə qədər Azərbaycan siyasətinə hansı zərbələr vurduğunu açıq şəkildə ortaya qoyur. Azərbaycan xalqı kifayət qədər uzaqgörən, intellektual duyumlu xalq olduğundan bu günə qədər həmin qüvvələrə heç bir siyasi dəstək verməyib. Bugünkü mənzərə eyni zamanda həmin siyasi düşərgəsinin iflasının məntiqi göstəricisidir. Vaxtilə biz bu bardə danışırdıq. Lakin bəziləri bunun əleyhinə olduğunu sübut etməyə çalışırdılar. Amma indi mənzərə ortalıqdadı və hər şey hamının gözü qarşısında baş verir".E. Mirzəbəyli vurğulayıb ki, Əli Kərimli haqqında söylənən fikirlərdə AXCP Müsavat arasında gedən qarşıdurmalar stimullaşdırıcı rol oynasa da əsas səbəb deyil: "Burada əsas səbəb onların bir-birilərini kifayət qədər yaxşı tanımalarıdır. Artıq uzun illərdir ki, onlar arasında qarşılıqlı ittihamlar gedir. Yaradılan portretdə təbii ki, Əli Kərimlinin cizgiləri var. Hələ bu cizgilər tam deyil. Onun kifayət qədər boyalı, gözə görünməyən cizgiləri də var ki, onları ortaya qoymaq olar. Əli Kərimli vaxtilə bir kimsənin əl atmadığı, bütün dünyada qəbul olunmayan riyakarlığı edib".
sia.az