"EL" hərəkatı partiyaya çevrilsin və ana müxalifətçiliyi ələ alsın
Zaman-zaman ABŞ-ın ölkəmizdəki səfriliyinin istər səfir, istərsə də diplomatik korpus səviyyəsində müxalifət "liderləri" ilə görüşlər keçirməsi ilk növbədə cəmiyyətdə belə bir sual yaradır: ümumiyyətlə, hər hansı bir xarici ölkə səfirliyinin təmsil olunduğu ölkənin daxili işlərinə müdaxiləsi nə dərəcədə doğru və demokratikdir? Əslində, bu sualın bir cavabı var - İstənilən müstəqil ölkənin istənilən məsələdə işlərinə müdaxilə etmək yolverilməzdir. Lakin təəssüf ki, bir sıra xarici səfirliklərin Azərbaycanda mövcud olan demokratik ictimai-siyasi vəziyyətdən istifadə edərək, siyasi partiyaların fəaliyyətlərinə istiqamət vermək şakərləri hələ də qalmaqdadır. Və buna misal olaraq bir çox məqamları xatırlamaq olar. Belə ki, bu kimi faktorlar özünü daha çox 2003-cü il prezident seçkilərindən sonra göstərməyə başladı. Seçki proseslərinə bilavasitə müdaxilə edən ABŞ, Norveç, Böyük Britaniya, Almaniya səfirlikləri, eləcə də burada fəaliyyət göstərən Qərb diplomatik qurumları, beynəlxalq təşkilatlar müxalifəti bir sıra məsələlərdə, hətta radikallığa doğru istiqamətləndirərək öz maraqlarını güdməyə cəhd edirdilər. Ancaq bütün cəhdlər boşa çıxdı və müxalifət götürdüyü öhdəlikləri reallaşdırmağı bacarmadı.
Məhz ABŞ səfiri ilə görüşündən sonra Eldar Namazov "Milli Şura"dan istefa verdi
Bu gün də belədir. Məsələn, 2013-cü il prezident seçkilərindən əvvəl və sonra xarici güclər Azərbaycanın radikal müxalifət qanadını ələ alaraq, siyasi maraqlarını təmin etməyə səy göstərdilər. Hətta "Milli Şura" adlı qurum da yaradıldı ki, oraya toplaşan ənənəvi düşərgə təmsilçiləri qulluq göstərdikləri ağalarına bir növ xidmət göstərməyə başladılar. Amma bütün cəhdlər uğursuzluqla başa çatdı və hazırda "Milli Şura"da çıxılmaz böhran yaşanmaqdadır. İstefalar, qarşıdurmalar, ziddiyyətlər Qərbin maraqlarının reallaşmasına heç bir şərait yaratmadı.
Bu arada ABŞ səfiri Riçard Morniqstarın "EL" hərəkatının sədri Eldar Namazovla görüşü və bu görüşün pərdəarxası məqamları da ciddi təsir bağışlayır. Belə ki, məhz ABŞ səfiri ilə görüşündən sonra Eldar Namazov "Milli Şura"dan istefa verdi və gücünü rəhbərlik etdiyi hərəkatın gücləndirməsinə, 2015-ci il parlament seçkilərinə qatılmasına yönəltdiyini bəyan etdi.
"Biz "Milli Şura"da iştirak edib-etməməklə bağlı qərarın fərdi qaydada verilməsini düzgün hesab etmişdik" bəyanatını verən E.Namazov daha sonra bildirib ki, yanvarın 24-də hərəkatın idarə heyətinin toplantısı keçirilib, qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb və təşkilat komitəsinə sədrlik ona həvalə olunub: "Bizi qarşıda kifayət qədər böyük təşkilati işlər gözləyir. Eləcə də qurultayın keçirilməsi, hərəkatın rəsmən dövlət qeydiyyatına alınması, (yəni partiyaya çevrilməsi - R.N.) qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak etmək kimi niyyətimiz var. Bütün bu işlərin çoxluğunu nəzərə alaraq, mən "Milli Şura"da fərdi fəaliyyətimə xitam verirəm".
ABŞ səfirliyi ilə gilzi münasibətlər qurmağı bacaran Eldar Namazov sözügedən addımını anidən deyil, tədricən atmağa başladı
Yuxarıda qeyd edildiyi kimi, Eldar Namazov bu sözləri ABŞ səfiri ilə görüş keçirdikdən sonra bəyan edib. Ancaq nəyə görə məhz Riçard Morniqstarla görüşdükdən sonra? Məgər E.Namazov bu addımını daha öncədən də ata bilməzdimi? Əslində bu sualların da cavabı çətin deyil. Əgər xatırlasaq ki, "EL" sədri "Milli Şura"nın sonuncu sessiya və toplantılarına qatılmırdı və müxtəlif bəhanələrlə suallardan yayınırdı, bu zaman ehtimal etmək hətta qənaətə gəlmək mümkündür ki, onun bu planı daha öncədən hazırlanmış siyasi biclik gedişi idi. Daha dəqiq desək, ABŞ səfirliyi ilə gilzi münasibətlər qurmağı bacaran Eldar Namazov sözügedən addımını anidən deyil, tədricən atmağa başladı. Hətta bu gün Eldar Namazov "Milli Şura"da olmamasına rəğmən, digər hərəkat təmsilçiləri, başda Eldəniz Quliyev olmaqla adıçəkilən qurumda təmsil olunmaqda davam edirlər.
Eldəniz Quliyevə Eldar Namazovdan tapşırıq belə gəlib ki...
Ona görə yox ki, onlar "Milli Şura"nın fəaliyyətini dəstəkləyirlər. Sadəcə Eldəniz Quliyevə Eldar Namazovdan tapşırıq belə gəlib ki, hələlik "Milli Şura"da qalmaqla "EL" hərəkatının ABŞ səfirliyi ilə gəldiyi razılaşmadan heç kimin xəbəri olmasın. Bununla da sübut olundu ki, Eldar Namazov Riçard Morninqsratla görüşündə qarşı tərəfdən bir sıra təkiflər alıb. Həmin təkilflərdən biri də "EL" hərəkatının siyasi partiyaya, daha sonra isə partiyanın ana müxalifətə çevrilməsi ilə bağlıdır. Çünki ana müxalifət adına iddialı olan digər partiyalar - nə AXCP, nə də Müsavat ABŞ-ın ölkəmizdəki səfirinin ümidlərini doğrultmadılar. Hazırkı vəziyyətdə isə ABŞ səfirinə sərf edən yeganə müxalifət qüvvəsi, yəni maraqlarını təmin edə biləcək tək tərəf "EL" hərəkatı və bu hərəkatın sədri Eldar Namazovdur.
Lakin son məqamda onu da qeyd etmək mümkündür ki, bu gün Azərbaycanda mövcud olan sabitlik və demokratik mühit, eləcə də xalqın iqtidara arxalanması faktoru heç bir xarici səfirliyin siyasi maraqlarının istədikləri kimi təmin olunmasına imkan verməyəcək. Hətta "EL" hərəkatı partiyaya çevrilsə belə, onun ana müxalifət partiyası olması qeyri-mümkündür. Çünki müxalifətin bugünkü vəziyyəti xalqın ona qarşı inamsızlığının aşkar göstəricisidir. Məhz bu baxımdan, istər ABŞ səfriliyinin, istərsə də başqa Qərb səfirliklərinin bu və ya digər qaydalarda müxalifəti özünə cəlb etmək və bununla da nəyəsə nail olmaq arzuları hər zaman olduğu kimi, bu dəfə də puç olacaq.
Rövşən NURƏDDİNOĞLU