... və ya məğlubların uğursuz alternativ axtarışı
Müsavatla AXCP arasında rəqabətin, ziddiyyətlərin ənənəvi xarakter daşıması sirr deyil. Bu səbəbdən mövcud fikir ayrılıqları vaxtaşırı qabarır, tərəflər bir-birinin ünvanına kəskin ifadələr işlətməkdən, sərt ittihamlar səsləndirməkdən belə çəkinmirlər. Söhbət ondan gedir ki, üzdə, sözdə, son illər seçkidən-seçkiyə yaxın, "müttəfiq" kimi görünsələr də, hər iki partiyanın rəhbərliyi arasında uzun illərə söykənən antipatiya, barışmazlıq var. Əslində, hər iki tərəfdə problem birincilərlə və ya birinciliyə iddialı olan şəxslərlə bağlıdır. Yəni baş verənlər Müsavatla AXCP arasında yaşanan qarşıdurmadan daha çox Əli Kərimli ilə İsa Qəmbər arasında mövcud olan keçilməz baryerlərdən qaynaqlanır.
Bir qədər təzadlı görünsə də, özünü Qərb yönümlü sayan Müsavatla AXCP arasında hazırkı çəkişmə Rusiya yönümlü qurum kimi formalaşmış "Milli Şura" ilə bağlıdır. Bu qurumun necə, kimlərin diktəsi, himayəsi altında yaradıldığı, hansı korporativ məqsədlərə yönəldiyi, mahiyyətcə antimilli bir təsisat olduğunu təkrar xatırlatmağa, isbat etməyə ehtiyac yoxdur. Diqqəti çəkən odur ki, müsavatçılar bu quruma sonuncu olaraq, daxil olublar və oranı birinci tərk ediblər. Bu səbəbdən, AXCP mənsublarının qınağına, ittihamlarına tuş gəliblər. Müsavatın bu qurumu tərk etməsinin səbəblərinə gəldikdə, bunu AXCP-nin "Milli Şura"da qalmasını şərtləndirən amillərlə müqayisə etmək, hətta eyniləşdirmək mümkündür. Yəni bir partiyanı qalmağa, digərini isə getməyə vadar edən səbəblər arasında birbaşa bağlılıq və əlaqə var. Bunlardan birincisi, nüfuz savaşı və radikalların "Milli Şura"sı çərçivəsində öz şərtlərini diktə etmək istəyidir. Bu məsələdə Müsavatın AXCP-yə uduzduğu aşkar görünür. Çünki hazırda bu quruma sədrlik edən professor Cəmil Həsənli uzun müddət AXCP-nin rəhbərliyində təmsil olunub və bu təşkilata daha isti münasibət bəslədiyini gizlətmir. Qarşılıqlı ittihamların şiddətləndiyi məqamda C.Həsənlinin keçmiş partiyadaşlarının tərəfini saxlaması və onları dəfələrlə açıq şəkildə müdafiə etməsi buna əyani sübutdur. İkinci mühüm amil korporativ maraqlar və bu quruma müxtəlif yollarla daxil olan maliyyə vəsatinin bölüşdürülməsi ilə bağlı yaranan ixtilafdır. İstisna deyil ki, məhz şirnikləndirici vədlər müqabilində "AXCP-nin adamı"nın "vahid namizəd" olmasına, eləcə də "Milli Şura"da təmsil olunmağa razılıq verən Müsavat rəhbərliyi bu vədlərin böyük qisminin reallaşmadığını görərək, geri çəkilib. Qeyd edək ki, Müsavatın "Milli Şura"dan uzaqlaşmaq xətti götürdüyü ötən ilin noyabrından aşkar sezilirdi. Bu qurumun təmsilçiləri mediaya açıqlamarında, sosial şəbəkələrdə yazdıqları statuslarda, müvafiq müzakirələrdə "Milli Şura"nın müxalif partiyaların deyil, fərdlərin birliyi olduğunu vurğulayırdılar. AXCP mənsubları isə bunun əksini isbat etməyə, müxalif düşərgənin burada paritet əsaslarla təmsil olunduğunu əsaslandırmağa çalışırdılar.
Bəlli olan odur ki, sonda Müsavat bu qurumu partiya kimi, xüsusi bəyanat yayaraq tərk edib. Bununla da cəbhəçilər qarşı tərəfi ziddiyyətli davranışda suçlamaq üçün müəyyən arqument qazanıblar. Beləliklə, müsavatçıların "Milli Şura"dan getməsi və bu barədə partiyanın bəyanat yayması müttəfiqlər arasında ənənəvi söz savaşına yenidən start verilib. Savaşı cəbhəçilər başlasalar da, Müsavatın, xüsusən, partiyanın qeyri-rəsmi mətbuat orqanı sayılan "Yeni Müsavat"ın qarşıdurmaya diqqətlə, əvvəlcədən hazırlaşdığı aydın hiss olunur. Nə qədər qəribə görünsə də, ittihamların məzmunu da həmişəki kimi çox oxşarıdır. Tərəflər bir-birini ənənəvi tərzdə xəyanətdə, "hakimiyyətə işləməkdə" ittiham edir, qarşı tərəfə özlərinin "əsil müxalifət" olduğunu sübut etməyə çalışırlar. Belə ki, AXCP funksionerləri Müsavatı "hakimiyyətlə gizli danışığa getməkdə, mandat xatirinə müxalifəti parçalamaqda" ittiham edirlər. Qarşı tərəfin təmsilçiləri bu ittihamları əsassız sayaraq, vaxtilə AXCP-nin, onun liderinin parlamentdə təmsil olunduğunu, iqtidarla əməkdaşlığa məhz cəbhəçilərin getdiyini bildirirlər.
Bütün bunların fonunda İ.Qəmbərin ittihamlara "moratorium" qoymaq çağırışı, bir neçə gün sonra yaranmış qarşıdurmanı dondurmaq təklif edərək, "Rəsulzadə-Elçibəy" yoluna sadiq olduğunu bəyan etməsi diqqətdən yayınmır. Ə.Kərimli də Rauf Arifoğlu ilə mediada xeyli davam edən virtual debatlardan sonra müəyyən şərtlər daxilində ittihamlara son qoymağa hazır olduğunu söyləyib. Siyasi utopiyaya qapılan Müsavat başqanı hətta sosial şəbəkələrin birində şəxsi səhəfəsində yayılan bəyanatında bununla əlaqədar özünəməxsus "yol xəritəsi" də təklif edib. Amma yaydan çıxan oxun geri qayıtması mümkün olmadığı kimi, Müsavatla AXCP arasında yenidən kəskinləşən, qaynayan qarşıdumanı artıq yenidən "dondurmaq", zahiri müttəfiqlik fonunda gizlətmək qeyri-mümkündür.
Tragikomik məqamlardan biri də budur ki, müxalifətin radikal qütbü destrukitivliyə, dağıdıcılığa aludə olduğundan formalaşdırmağa çalışdıqları aliternativ siyasi blokları, şərti birlik qurumlarını elə özləri də dağıdırlar. Bu səbəbdən, siyasi məğlubların hər zaman uğursuz bir şəkildə alternativ axtarışı ilə məşğul olmaları, lakin axtardıqlarını heç vaxt tapa bilməmələri artıq heç kəsi təəccübləndirmir.
NAİB