"Xədicə İsmayılla ümumiyyətlə ünsiyyətdə deyiləm. Çünki o özünü jurnalist kimi deyil, daha çox radikal müxalifətin nümayəndəsi kimi aparır, ittiham xarakterli fikirlər bildirir". Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın bir sıra siyasilərin və hüquq müdafiəçilərinin adlarını ABŞ Senatının nümayəndələrinə və kəşfiyyata ötürməsinə münasibətini bildirərkən deyib: "İnanıram ki, bu insan belə bir siyahının hazırlanmasında maraqlıdır. Ona görə ki, o özündən başqa heç kimi bəyənmir. Öz maraqları üçün kiməsə şər, böhtan ata bilər"."Konkret olaraq Azərbaycanın hüquq müdafiəçilərinin, ictimai-siyasi xadimlərinin adlarının bu formada verilməsi onun necə biri olduğunu əyani sübut edir" - deyən Çingiz Qənizadə onu da qeyd edib ki, bu adamdan nə desən gözləmək olar: "Hər kəs bilir ki, hüquq müdafiəçiləri bitərəf olur, nə müxalifətin, nə də iqtidarın tərəfində olmur. Onlar yalnız haqqın yanında olurlar. Hakimiyyətdə olan insanlarla hər hansı bir formada əlaqələrin qurursa və yaxud, bir masa ətrafında hansısa müzakirələr aparırsa bu normal haldır. Bunu hakimiyyətə satılmaqda, onlardan göztəriş almaq kimi vurğulamaq düzgün hal deyil. Bu ancaq və ancaq qərəzdir"."Biz hamımız çalışırıq ki, ölkədə demokratiya, əmin-amanlıq olsun" - deyə vurğulayan hüquq müdafiəçisi eyni zamanda belə bir fikir irəli sürdü ki, bəzi göbələk QHT-lər düzgün informasiya verməyəndə, qərəzli hesabatlar hazırlayıb bizi istəməyən dövlətlərə göndərəndə təbii biz də hakimiyyət nümayəndələri ilə müzakirə edirik: "Gərək Xədicə qeyd edərdi ki, hüquq müdafiəçiləri ilə hakimiyyət arasında əlaqələrin qurucusu mənəm. Mən hər zaman hüquq müdafiəçiləri ilə hakimiyyət nümayəndələrini əməkdaşlıq etməyə dəvət edirəm. Bundan da qürur duyuram. Çünki bununla biz cəmiyyəti düşündürən bir çox problemləri həll etmişik".Çingiz Qənizadə Xədicə İsmayılın sözügedən hesabatı hazırlamaqda AXCP sədri Əli Kərimlidən təlimat alması ehtimalına da münasibətini açıqlayaraq qeyd etdi ki, bu amili də istisna etmək olmaz: "Buna kim hansı eynəknən baxır bu onun işidi. Onlar ancaq əks tərəfin fikrini öyrənmədən ancaq boş-boş danışmağı bilirlər. Onun nə yazmağından asılı olmayaraq onu bütün Azərbaycan xalqı yaxşı tanıyır. Şübhə etmirəm ki, bu siyahının dərc olunması təkcə Xədicənin fikri deyil, həm də ona yaxın olan adamların fikridir".
sia.az