Nə əlləm-qəlləm, fırıldaq, dələduzluq desən, müxalifət daxilində baş verməkdədir. Bu düşərgədə dostluq və müttəfiqlikdən söhbət gedə bilməz. Çünki dünən dost olan, müttəfiqlikdən söhbət açan partiya funksionerləri və ya onların başbilənləri bu gün rəqiblərə, barışmaz düşmənlərə çevrilirlər. Bunu da siyasi situasiyaya uyğun atılan zəruri addım kimi dəyərləndirirlər. Fikir versəniz, görmək olar ki, daha çox bu cür proseslər özlərini müxalifətin güc mərkəzləri kimi təqdim etməyə çalışan partiyalar arasında baş verməkdədir. Misal kimi, AMİP-ADP çəkişməsi, ALP-KAXCP qarşıdurması, eləcə də Müsavatla AXCP funksionerləri arasında baş verən qarşılıqlı ittihamları göstərmək olar. Proseslərin inkişafına və araşdırmalara əsasən, demək olar ki, partiyalar arasında gedən çəkişmələr, onsuz da ağır olan müxalifətdaxili durumun daha da ağırlaşmasına təsir edir. Yəni intriqalar nəticə etibarilə partiyalardan istefaların baş verməsinə gətirib çıxarır.
Əli Kərimli pul xərcləməklə müsavatçıları tərəfinə çəkir
Müsavat-AXCP qarşıdurması barədə mətbuatda kifayət qədər yazılar, məqalələr dərc olunur. Hər iki partiya funksionerinin bir-biri haqqında təhqiramiz ifadələr, ittihamlar səsləndirdikləri mətbuatın gündəmini zəbt edən məsələlərdən olub. Bu barədə yenidən söhbət açıb təkrarçılığa yol vermək istəməsək də, yazılması məqbul hesab olunan məsələ ondan ibarətdir ki, qarşılıqlı ittihamlar hər iki partiyaya böyük zərbə vurmaqdadır. Xüsusilə də, AXCP sədri Əli Kərimovun pul xərcləmək hesabına bəzi müsavatçıları öz tərəfinə çəkməsi İsa Qəmbəri ağır vəziyyətdə qoyduğu görünməkdədir. Dünən isə Müsavatın Sabunçu və Suraxanı rayon təşkilatlarından, ümumilikdə 6 nəfər Müsavatdan istefa verərək AXCP-yə transfer etdikləri barədə bəyanatla çıxış ediblər. Müsavatın Divan üzvü Tural Abbaslı sosial şəbəkələrdə çıxış edərək, Müsavatdan istefa verənlərin Ə.Kərimlinin verdiyi qəpik-quruşa aldandıqlarını iddia edib. Onun dediyinə görə, SOROS-un AXCP-yə ayırdığı maliyyə yardımının müəyyən hissəsini Ə.Kərimli Müsavatın parçalanmasına yönəldib.
Sülhəddin Əkbər planlarını reallaşdırır
Müsavatın sosial bazasının getdikcə seyrəlməsi AXCP funksionerləri ilə yanaşı, İsa Qəmbərdən ayrılan keçmiş Müsavat qurucularını da məmnun etməkdədir. Bunların sırasında keçmiş başqan müavinləri İbrahim İbrahimlinin və Sülhəddin Əkbərin adlarını çəkmək olar. Çünki bu iki şəxs, xüsusilə də S.Əkbər başqanlığa iddia edən əsas namizədlərdən idi. Ancaq Müsavatın icra aparatının rəhbəri Arif Hacılının müxtəlif vasitə və üsullardan istifadə etməsi, nəhayətdə S.Əkbəri Müsavatdan istefa verməyə məcbur etdi. Məhz buna görə də vaxtaşırı S.Əkbər Müsavat partiyası və başqanı haqqında ittiham xarakterli açıqlamalarla çıxış edir. "Müsavat dağılacaq, çünki Müsavat İsa Qəmbərin və onun sözçüsü Arif Hacılının səhv siyasətinin qurbanına çevrilməkdədir", - deyə S.Əkbər bildirib.
S.Əkbər onu da qeyd edib ki, Müsavata kənar müdaxilələr də mövcuddur: "Kənardan təsirlərin olmasına baxmayaraq, partiyanın sədr aparatı və divanı susur. Çünki onlar da bilirlər ki, partiyanı maliyyələşdirən kənar qüvvələrdir". Bir sözlə, Müsavatda S.Əkbərin arzu etdiyi proseslər yaşanmaqdadır. Vəziyyətin sonunun necə olacağını proqnozlaşdırmaq bir o qədər çətin olmasa da, indidən görünən odur ki, AXCP-dən öncə Müsavatın dağılacağı qaçılmazdır.
İLHAM