PDF Oxu

Müxalifət

  • 24

"İctimai Palata"nın buraxılması müxalifətin məğlubiyyətinin etirafıdır

"İctimai Palata"nın buraxılması müxalifətin məğlubiyyətinin etirafıdır

Yaradılacaq növbəti qrumlar qarşıdurmaları daha gərgin müstəviyə keçirir

Məlum olduğu kimi, "İctimai Palata"nın buraxılması düşərgə daxilində birmənalı qarşılanmadı. Belə ki, bəziləri "palata"nın buraxılmasını, işinə xitam verilməsini normal, bəziləri isə qeyri-normal qiymətləndirdilər. Lakin bütün bunlara rəğmən, "İctimai Palata"nın buraxılması digər amilləri də ortaya çıxarmış oldu. Məsələn, hazırda düşərgədəki partiyaların bir qanadda - "Milli Şura"da cəmləşməsi, digərlərinin isə tamamilə başqa mövqedə dayanması vəziyyətin gərginlik müstəvisində olduğunu təsdiq edir.

Ancaq maraqlısı budur ki, nə "Milli Şura"da, nə də ki, digər müxalifət birliklərində təmsil olunmayan partiya rəhbərləri də etiraf edirlər ki, əslində, siyasi qurumların yaradılması heç də düşərgənin düşdüyü vəziyyətdən xilası anlamını daşımır.

ASDP: "Xalq Cəbhəsindən çıxmış qüvvələrin haradasa birləşməsi, onların ciddi birliyi qeyri-realdır"

Məsələn, ASDP sədri Araz Əlizadə özlərini demokratik düşərgə üzvləri kimi göstərən bəzi adamların fəaliyyətinin sıfıra bərabər olduğunu söyləyib. O, "İctimai Palata"nı və "Milli Şura"nı əvvəldən ölü doğulmuş uşağa bənzətdiyini diqqətə çatdıraraq, ölünün ayaq açıb yeriməsini qeyri-mümkün sayıb: "İctimai Palata", ardınca da "Milli Şura" yaradılanda mən demişdim ki, bu qurumlar ölü doğulmuş uşaqdır. Ölü doğulmuş uşaq isə heç bir zaman ayaq açıb yerimir. "İctimai Palata" o zaman nüfuza, cəmiyyətdə hər hansı mövqeyə malik olardı ki, həmin vaxt bu qurum iqtidarla əməkdaşlıq etmiş olsun. Bizdə isə əksinə idi. 2010-cu il parlament seçkilərində seçicilərinin səsini qazana bilməyən, parlamentə seçilməyən insanlar bir yerə cəmləşib qurumlarını "İctimai Palata" elan etmişdilər. Ona görə də bu qurumun heç bir əhəmiyyəti, cəmiyyətdə hər hansı rolu olmadı. Ümumiyyətlə, Xalq Cəbhəsindən çıxmış qüvvələrin haradasa birləşməsi, onların ciddi birliyi qeyri-realdır. Heç bir məqsədə uyğun deyil. Çünki bunların hamısı şəxsi ambisiyalarına görə AXC-dən ayrılıblar. Bu gün də onların şəxsi ambisiyaları reallaşmayıb. Şəxsi ambisiyalar təmin edilmədiyi təqdirdə, sabiq AXC təmsilçiləri heç vaxt bir araya gələ bilməyəcəklər. Hazırkı dövrümüzün radikal müxalifətçilərinə çevrilən bu adamlar indi də gündəmdə qalmaq üçün müxtəlif birliklər yaradırlar. Yaxın keçmişə fikir versək, müxalifət liderləri "İctimai Palata"ya qədər də bir neçə dəfə belə birliklər - altılıq, dördlük, üçlük yaradıblar və onlar da heç bir əhəmiyyəti olmadığından dağılıblar. İndi də ortada qalıblar. Özlərini demokratik düşərgə üzvləri kimi göstərən bu adamların fəaliyyəti sıfıra bərabərdir".

ADP: "Uzunmüddətli birliklər yalnız milli və dövlət maraqlarına xidmət etdiyi və oradakı tərəflərin şəxsi maraqlarını ictimai maraqlardan üstün tutmadığı halda yarana bilər"

ADP sədri Sərdar Cəlaloğlu isə xatırladıb ki, "İctimai Palata" da ondan öncəki qurumlar kimi AXCP-Müsavat qarşıdurmasının episentr nöqtəsi olub: "Məlumdur ki, "İctimai Palata"da AXCP və Müsavat partiyası arasında mübarizə önə çıxmışdı, tərəflər sosial şəbəkələrdə bir-birilərinə qarşı hücumlar təşkil edirdilər. Eyni zamanda "Koordinasiya Şura"sına qəbulla bağlı çox böyük konfliktlər meydana çıxırdı. Bütün bunlar onu göstərir ki, "İctimai Palata"da qrup maraqları uğrunda dava gedirdi. Təbii ki, qrup və şəxsi maraqlar olan yerdə, milli maraqlar arxa plana keçir. Buna görə də hansı məqsədlə yaradılmasından asılı olmayaraq, müəyyən bir dövrdən sonra "İctimai Palata" qrup maraqları uğrunda mübarizədə önə çıxdığına görə dağıldı. Azərbaycanda bloklar yaranandan sonra, bura daxil olan partiyalar həmin blokları öz təsirində saxlamaq, hegemonluq etmək niyyəti güdür. Bloka daxil olan partiyalardan biri digərlərini öz təsiri altına almağa və həmin qurumda üstünlük əldə etməyə çalışır. Həmin qurumlarda maraqları sıxışdırılan partiyalar məcbur olurlar ki, həmin blokların əleyhinə iş aparsınlar və kənarda da yeni birliklərin yaranmasına cəhd etsinlər. "İctimai Palata" olduğu halda, "Milli Şura"nın yaranmasının da əsas səbəbi bu idi. "İctimai Palata" artıq heç kimə lazım deyildi və ona görə də bu qurum buraxıldı. Əgər irəli sürülən yeni təşəbbüs də hər hansı partiyanın maraqlarına xidmət edəcəksə, onun da taleyi digər birliklərin taleyi kimi olacaq. Uzunmüddətli birliklər yalnız milli və dövlət maraqlarına xidmət etdiyi və oradakı tərəflərin şəxsi maraqlarını ictimai maraqlardan üstün tutmadığı halda yarana bilər".

Qeyd edək ki, hazırda "İctimai Palata"nın buraxılmasından sonra Müsavat başqanı İsa Qəmbər indi də "Düşüncə Mərkəzi" adlı qurum yaradılacağını bəyan edib. Eksperlər isə hesab edirlər ki, bu qurumun yaradılması AXCP-Müsavat qarşıdurmasının davamı və "Milli Şura"nın alternativi qismində yaradılıb. Belə bir vəziyyətdə isə müxalifətdaxili vəziyyətin daha da gərginləşəcəyini artıq indidən proqnozlaşdırmaq mümkündür.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər