Sərdar Cəlaloğlu: "Siyasi partiyalar keyfiyyətcə deformasiyaya uğrayıb"
Qarşıdan gələn bələdiyyə seçkilərində iştirakla bağlı müxalifət partiyaları konkret qərar verməkdə tərəddüdlərini davam etdirirlər. SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu düşərgə daxilində fəaliyyət göstərən partiyaların seçkilərdə və digər məsələlərdə bir araya gələ bilməmələrinə münasibətini açıqlayarkən deyib.
"Müxalifət partiyaları təkcə bələdiyyə seçkilərilə bağlı deyil, bütün digər seçkilər ərəfəsində, milli məsələlərlə bağlı əməkdaşlıqda maraqlı görünmürlər", - deyə qeyd edən ADP sədri eyni zamanda bildirib.
S.Cəlaloğlu qeyd edib ki, partiya rəhbərləri hər zaman şəxsi maraqlar çərçivəsində çıxış edirlər: "Bütün siyasi proseslərə sanki şəxsi maraqlar konteksindən yanaşırlar…Bu da siyasi partiyaların keyfiyyətcə deformasiya uğramasından xəbər verir".
Sərdar Cəlaloğlu "Ümid" Partiyasının da təmsil olunduğu "Qarabağ" blokunda ADP-nin bir sıra təkliflərinə rədd cavabı aldıqlarını bildirib: "Təəssüflər olsun ki, digər partiyalar "Qarabağ" bloku ilə əməkdaşlıqda maraqlı görünmürlər. Məsələn, Müsavat Partiyası "Ümid" Partiyasına görə, həmin blokun hazırladığı təkliflərin müzakirəsinə qoşulmaq istəmir. Mənim müraciətimə "yox" cavabı veriblər".
sia.az