PDF Oxu

Müxalifət

  • 12

Leyla Yunus ictimaiyyət tərəfindən sərt şəkildə qınanıldı

Leyla Yunus ictimaiyyət tərəfindən sərt şəkildə qınanıldı

Ermənistanın kəşfiyyat orqanlarına işləməkdə ittiham olunan jurnalist Rauf Mirqədirovun Sülh və Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus tərəfindən müəyyən məqsədlərə görə müdafiə olunması, eyni zamanda onun vətəndaş cəmiyyəti quruculuğunda Ermənistanı demokratik ölkə kimi təqdim etməsi ictimaiyyətdə birmənalı olaraq qarşılanmayıb. Mövzu ilə bağlı "Səs" qəzetinə açıqlama verən ölkənin tanınmış ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyəti üzvləri bildirdilər ki, əslində, Leyla Yunusun bu kimi addımlarından təəccüblənmək lazım deyil. Belə ki, onun fəaliyyəti daim Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətkar mövqe tutmaqdan ibarət olub.

Millət vəkili, professor Musa Qasımlı: "Leyla Yunus terroru dövlət siyasəti səviyyəsinə qaldıran ölkəni necə demokratik adlandıra bilər?"

-Beynəlxalq təşkilatların sənədlərində demokratiya məfhumunun konkret normaları müəyyənləşdirilib. Bir ölkənin parlametində deputatları gülləbaran edirlərsə, həmin ölkəni demokratik adlandırmaq olarmı? Fikrimcə, qonşu millətə qarşı soyqırımı törədənlər rəhbərlikdə yer alırsa, həmin ölkəni demokratik adlandırmaq mümkün deyil. Leyla Yunus terroru dövlət siyasəti səviyyəsinə qaldıran ölkəni necə demokratik adlandıra bilər? İşğalçı bir ölkəni, insanın ali hüququnu - yaşayış hüququnu əlindən alan bir dövləti demokratik adlandırmaq heç bir halda düzgün deyil. Söylədiklərim və digər faktlar Ermənistanın demokratik ölkə olmamasının göstəricisidir. Bütün bunlar Leyla Yunusun baxışlarına uyğundursa, o zaman onun demokratiya haqqında təsəvvürləri də elə bu səviyyədədir. Ermənistanı demokratik ölkə adlandıran insan Azərbaycanı tərk edib Ermənistanda rahat yaşaya bilər.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov: "Leyla Yunus üzərinə düşən və ya düşməyən məsələlərdə ölkəmizin haqqında ağzına gələni danışır"

-Azərbaycan dövlətinin bütün sahələrdə apardığı düzgün islahatlar nəticəsində inkişaf etdiyi bir zamanda kiminsə ölkəmizdə demokratiyanın olmamasını dilə gətirməsi həmin insanın kimliyini şübhə altına alır. Bu gün dünyanın inkişaf etmiş ölkələrinə nümunə göstəriləcək qədər öndə olan Azərbaycanda demokratiyanın olmamasından şikayət edən dövlətinə qarşı xəyanətkar mövqeyini sərgiləmiş olur. Vətəndaş cəmiyyəti bu günə kimi əldə etdiyi uğurları daha da möhkəmləndirir və ictimai həyatda dövlət və özəl sektorla yanaşı, bütövlükdə cəmiyyətin inkişafı üçün məsuliyyəti bölüşməyə hazır olduğunu nümayiş etdirir. Bütün bunları nəzərə almayan Leyla Yunus üzərinə düşən və ya düşməyən məsələlərdə ölkəmizin haqqında ağzına gələni danışır. Bu isə yolverilməzdir. Yəqin Ermənistanın vəziyyətindən, əhalisinin nə qədər acınacaqlı bir durumda olduğundan xəbərsizdir. İşğalçı dövləti demokratiya baxımından Azərbaycandan üstün tutanın nə siyasi savadı, nə də qabiliyyəti yoxdur. Bu adam terrorçuları siyasi məhbus elan edir, bu adam terrorçu Ermənistanı demokratik kimi görürsə, bundan təəccüb etməyə də dəyməz. Çünki bir halda ki, o, vətəndaş cəmiyyəti quruculuğu adı altında Ermənistanı daha münbit yer kimi görürsə, onda o nəyə görə Azərbaycanda yaşayır? Getsin Serj Sarkisyanın ağuşunda "demokratiya dərsi" öyrənsin.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov: "Hüquq müdafiəçisi kimi Leyla Yunusun bu hərəkətinə bəraət qazandıra bilmərəm"

-İrsi düşmənlərimiz olan erməniləri bizdən üstün tutmaq hüquq müdafiəçisinə yaraşmayan addımdır. Ermənistanla Azərbaycanı heç bir halda bir tərəziyə qoymaq düzgün mövqe deyil. Hüquq müdafiəçisi kimi Leyla Yunusun bu hərəkətinə bəraət qazandıra bilmərəm. Çünki ölkəmizdə bütün vətəndaş cəmiyyəti institutlarına eyni dərəcədə baxış mövcuddur. Dövlət tərəfindən bizə heç bir manelər yaradılmır. Dövlətin adından yalan, böhtan çıxışlar etmək lazım deyil. Hər birimiz bu dövlətin vətəndaşlarıyıq, bu ölkənin çörəyini yeyir, suyunu içirik.

Hesab edirəm ki, Leyla Yunus hansı hərəkətlərə yol verdiyinin, hansı xəyanətkarlıqlara doğru addımladığının fərqinə varmalıdır. Çünki cəmiyyət bu kimi adamları qəbul etmir. Ona görə də yaxşı olardı ki, Leyla Yunus Ermənistanı demokratik ölkə kimi təqdim etməkdənsə, ömründə bir dəfə həqiqəti söyləyərək, Azərbaycandakı inkişafdan, tərəqqidən danışsın, əsil reallığa qiymət versin. Yox, bunu edə bilmirsə, demək, onun fəaliyyətində həqiqətən də ciddi qüsurlar mövcuddur.

İntizarə Məmmədova

Digər xəbərlər