"BMT-nin Dəniz hüququna dair Konvensiyasına əsasən, Xəzər okeanla təbii yollarla əlaqəsi olmadığı üçün "dəniz" hesab edilə bilməz". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, hər hansı bir su hövzəsinə "dəniz" statusunun verilməsi sahilyanı olmayan istənilən ölkəyə bu dənizdən istifadə hüququ verir: "Xəzər adi dənizlərdən biri kimi qəbul edilsə, o zaman ona BMT-nin kontinental şelf və dəniz hüququna dair Konvesiyası (1958 və 1982) avtomatik olaraq tətbiq olunmalıdır. Belə olacağı təqdirdə Xəzəryanı dövlətlərdən hər biri 12 millik ərazi suları üzərində suveren hüquqlar və 200 millik iqtisadi zona əldə edir. Lakin Xəzərin maksimal eni 200 dəniz milini ötmədiyi üçün iqtisati zonanın xarici sərhədlərini orta xətt üzrə götürmək olar. BMT-nin Konvensiyasına əsasən ərazi suları deyiləndə sahilyanı dövlətlərin sahili, adaları və daxili suları ilə kəsişən müvafiq ölçüyə malik dəniz zolağı başa düşülməlidir. Ərazi suları (suyun təki, səthi və hava zolağı) – sahilyanı dövlətin ərazisinin tərkib hissəsidir və əraziyə daxil olan bütün gəmilər bu dövlətin qanunlarına tabe olmalıdır".Onun sözlərinə görə, yuxarıda adıçəkilən Konvensiyaya əsasən, əgər dəniz iki və yaxud bir neçə dövlətin əraziləri ilə əhatə olunursa, eyni zamanda açıq dənizə (Dünya okeanına) heç bir çıxışı yoxdursa, o, zaman o sahilyanı dövlətlərin sərhədləri çərçivəsində daxili milli sular hesab olunur: "Bu bölgüyə görə, Xəzər mübahisəsiz olaraq göldür. Təbii ki, bu halda akvatriya bölgüsü ciddi şəkildə şimaldan cənuba qədər orta xətt və sahilyanı dövlətlərin sahilə çıxan sərhəd kəsişmələri üzrə aparılmalıdır. Bu halda həmin akvatoriya bütövlükdə sahilyanı ölkənin ərazisinin tərkib hissəsi sayılır və açıq dəniz anlayışı buraya tətbiq oluna bilməz. Bütün hallarda, hər bir Xəzəryanı dövlət ərazi sularında suveren hüquqlarını qorumaqla yanaşı, sahilyanı dövlətlərin hövzənin bioloji resurslarının, ekologiyasının, eləcə də bölgənin hərbi-siyasi təhlükəsizliyinin qorunması ilə bağlı maraqlarını da nəzərə almalıdır".Politoloq qeyd edib ki, bütün bunlara baxmayaraq, bu gün Xəzərin bölünməsi ilə bağlı sərhədyanı dövlətlərin vahid mövqeyi hələ də nəzərə çarpmır. Onun sözlərinə görə, bu məsələdə Xəzərin bölünməsinin hüquqi əsasını təşkil edən müvafiq Konvensiya və müqavilələrə rəğmən, Azərbaycana təzyiq vasitəsi kimi Rusiya tərəfindən danışıqlara cəlb edilən İran daha sərt mövqedən çıxış edir: "Danışıqlar ərzində İranın mövqeyində hər hansı ciddi dəyişikliklərin baş verməməsi onu sübuta yetirir ki, bu ölkə öz təcavüzkar iddialarından əl çəkmək niyyətində deyil. Hazırda Xəzər şelfi üzərində 14% payı olan bu İİR əlavə olaraq 6%-ə də iddialıdır. İranın Xəzərətrafı sərhədləri yalnız Azərbaycan və Türkmənistanla kəsişdiyi üçün bu ölkənin Rusiya və Qazaxstandan əlavə pay umması coğrafi reallıqlara uyğun gəlmir. Deməli, İran Azərbaycanın və Türkmənistanın ərazi sularına iddia edə bilər. İranla Türkmənistan arasında isə Xəzər şelfi ilə bağlı hələ ki, ciddi narazılıqlar nəzərə çarpmır. Əksinə, Türkmənistan yaranmış vəziyyətdən öz xeyrinə yararlanmağa çalışır. Tehranı heç bir hüquqi əsas olmadan danışıqlara cəlb edən Moskvanın isə Xəzərin milli sektorlara bölünməsinin əleyhinə olmaması təbii qəbul olunmalıdır. Rusiyanın İran və Türkmənistanla sərhədləri yoxdur və hər iki ölkənin iddiaları şimal ölkəsini tamamilə təmin edir".Rusiyanın mövqeyinin təkcə Xəzərin milli sektorlara bölünməsi ilə yekunlaşmadığını qeyd edən E. Mirzəbəyli bildirib ki, Moskva Xəzərin səthinin və sərvətlərinin ümumi istismarı ilə bağlı iddialarında hələ də israrlıdır. Politoloq vurğulayıb ki, Rusiyaya görə, Xəzər milli sektorlara bölündükdən sonra sahilyanı dövlətlərin dəniz sərhədləri sözün hərfi mənasında qəbul edilməli deyil: "Bu sərhədlər ilk növbədə bu və ya digər dövlətin suyun təkindəki sərvətlər üzərində suveren hüquqları kimi başa düşülməlidir. Çox güman ki, bu yanaşma Rusiyanın suyun səthində hərbi-siyasi manevr imkanlarının genişləndirilməsinə xidmət edir. Xəzərdə ən böyük hərbi donanmaya malik olan Rusiya bununla suyun səthinə (sərhədyanı dövlətlərə) nəzarəti öz əlində saxlamaq niyyətindədir".E. Mirzəbəylinin fikrincə, İran və Türkmənistanın digər üç dövlətdən (Azərbaycan, Qazaxıstan, Rusiya) fərqli olaraq, "orta xətt" prinsipi ilə razılaşmamasının əsas səbəbi Tehranın və Aşqabadın Xəzərdəki yeni (perspektiv) neft yataqları üzərində öz hüquqlarını təmin etmək istəyi, eləcə də Azərbaycana məxsus (İranın və Türkmənistanın mübahisəli hesab etdiyi) yataqların istismarının qarşısının alınması ilə bağlıdır.Politoloq deyib ki, İranın neft nazirinin ölkəsinin Xəzərin statusu haqqında sənədin imzalanmasını gözləmədən mübahisəli hesab etdikləri neft yataqlarının istismarına başlayacaqları barədə verdiyi bəyanatları, Türkmənistanın isə Kəpəz neft yatağının istismarı ilə bağlı Kanada şirkəti ilə danışıqlar aparmasını təsadüfü hesab etmək olmaz."Yaranmış vəziyyət danışıqlar prosesinin dalana dirəndiyini açıq-aşkar sübuta yetirir. İran beynəlxalq hüquqa görə, Azərbaycana məxsus olan ərazi sularına iddiasını və ölkəmizə qarşı siyasi təzyiqlərini davam etdirir. Lakin Azərbaycan İranın ətrafında uranın zənginləşdirilməsi və terrorizmlə bağlı yaranmış vəziyyətdən məharətlə istifadə etsə, mövcud durumu dəyişə bilər" - deyən E. Mirzəbəyli, Azərbaycanın dəniz hüququna dair BMT tərəfindən 1958-ci ildə qəbul edilmiş Konvensiyaya əsasən, İranın ərazi iddiaları ilə bağlı BMT-yə müraciət edə biləcəyini və indiki halda beynəlxalq vəziyyətin Azərbaycan üçün daha əlverişli göründüyünü bildirib.Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Xəzərin hüquqi statusu haqqında danışıqlarda irəliləyişin olması barədə verdiyi açıqlamanı da şərh edən politoloq qeyd edib ki, İran tərəfinin heç bir məsələ ilə bağlı razılıq əldə olunmadığı haqda açıqlamasından sonra S. Lavrovun hansı məsələ ilə bağlı irəliləyişin əldə olduğunu söyləməməsi maraqlı bir situasiya yaradır: "Ola bilsin ki, Xəzərin ekvatoriyasının və canlıların qorunması, ekoloji məsələlərlə bağlı razılıq əldə olunub. Ancaq əsas prinsip Xəzərin hüquqi statusu ilə bağlıdır ki, burada digər dövlətlərin mövqeyi də əsas götürülməlidir".
sia.az