Tural Abbaslı: "Fuad bəy bilməlidir ki, müxalifət lisenziyasını heç kim heç kimə verməyib"
"Bu diskussiya siyasi arena, həm də müxalifət üçün artıq bitmiş məsələdir. Ümumiyyətlə düzgün yanaşma deyil ki, kim bu və ya digər blokda deyilsə, müxalifət deyil". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının yenidən "Milli Şura"da olmayanların real müxalifətə aid olmamaları iddiasına münasibəti bildirərkən deyib.Müsavat rəsmisi AXCP-nin sədr müavininə cavab olaraq onu da bildirib ki, nə AXCP, nə də "Milli Şura"da təmsil olunan partiya və fərdlərə müxalifətçilik lisenziyası heç kim tərəfindən verilməyib: "Fuad bəy bilməlidir ki, müxalifət lisenziyasını heç kim heç kimə verməyib. Bu adı bizə xalq verir. Hansı partiyanın əsl müxalifət adını qazanması artıq öz təsdiqini tapıb. Fuad Qəhrəmanlının yenidən bu kimi məsələləri gündəmə gətirməsi düzgün deyil. Çünki bu gün müxalifət sıralarında olan partiyalar arasında intriqalar, qarşıdurmalar yox, birlik olmalıdır".Tural Abbaslı Fuad Qəhrəmanlıya daxili problemləri gündəmə gətirməməyi də tövsiyə edib: "Müxalifət arasında daxili problemləri qabartmağın mənası yoxdur. "Milli Şura" müzakirə mövzusu deyil".
sia,az