Bir-birini əvəzləyən ittihamlar hər iki siyasi təşkilatın pərdəarxası məqamlarını üzə çıxarır
Növbəti bələdiyyə seçkiləriərəfəsi 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra yaranan "Azad Demokratlar Partiyası Təşkilat Komitəsi" ilə Müsavat partiyası arasında "liderlərarası" savaş nəinki səngiyib, əksinə, qarşılıqlı ittihamlar və təhqirlərlə bol olan bəyanatlar daha da çoxalmaqdadır. Qəribəsi də odur ki, yaranıb özlərinə yer etməmiş başlayırlar döyüşməyə. Ötən il keçirilən prezident seçkilərindən sonra yaranan "Azad Demokratlar Partiyası Təşkilat Komitəsi" yenidən köhnə ədavətlərini ortaya qoyubdur. Belə ki, seçkilər ərəfəsində baş qaldıran mövcud vəziyyət isə, bütövlükdə, dağıdıcı müxalifətdə iddia olunan "qələbə" sindromunu puç edir. Daha dəqiq desək, əvvəlki illlərdə olduğu kimi, bu gün də yeni yaranan "Azad Demokratlar Partiyası" ilə Müsavat arasında gedən amansız mübarizədə sonuncu söz Rəsul Quliyevdə qalmışdı. Xatırladaq ki, ötən prezident seçkilər ərəfəsi R.Quliyev Azrbaycana geri dönməsi ilə bağlı sənədə imza atmadığına görə, Müsavat başqanını dolayısı ilə oyunbaz "artist" adlandırmış və əlavə etmişdi ki, Müsavat başqanı bu oyunu ilə onu xeyli feyziyab edib. Bununla yanaşı, R.Quliyev İ.Qəmbərin imzasına da təhqiredici səviyyədə yanaşmış və əslində, Müsavat başqanının onun geri qayıtması istiqamətində aparılan kampaniyada imzasının olmamasına sevindiyini bildirmişdi: "Mən çox şad oldum ki, Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı".
Ancaq gözlənildiyi kimi, qarşı tərəfin - Müsavatın rəsmi cavabı çox gecikmədi. Partiyanın icra aparatının rəhbəri Arif Hacılı bu günlərdə müxalifət mətbuatında yeni partiya "liderini" hədəfə alaraq, bu dəfə qəti olaraq bəyan edib ki, istər qarşıdakı bələdiyyə, istərsə də növbəti parlament seçkilərində Müsavat partiyası ilə Rəsul Quliyevin yaratdığı partiya arasında heç bir əməkdaşlıqdan söhbət belə gedə bilməz.
Ancaq bu dəfə "Azad Demokratlar Partiyası Təşkilat Komitəsi"nin daha bir aparıcı funksioneri Zəminə Dünyamalıyeva A.Hacılının gözünü yolda qoymayaraq, bütövlükdə Müsavat partiyasını hədəfə alan sərt bəyanatlar səsləndirib. Onu da deyək ki, ondan öncə də bir neçə yeni yaranan partiya rəsmiləri Müsavat partiyasını, eləcə də onun başqanını ittiham edən bəyanatlarla çıxış ediblər.
Zəminə Dünyamalıyeva: "Bu xalq, bu cəmiyyət belə insanlarla hara getməyi düşünür - bax, bu, çox maraqlıdır"
Qeyd etdiyimiz kimi, Z.Dünyamalıyeva Müsavat rəhbərliyinə qarşı sərt ifadələr işlədərək bildirib ki, əslində, onlar ölkədə kiminlə mübarizə apardıqlarını bilmirlər. Daha dəqiq desək, dolayısıyla Müsavatı iqtidara işləməkdə suçlayan Z.Dünyamalıyeva qarşı tərəfi xəyanət etməkdə suçlayıb: "A.Hacılı və onun kimilər (yəni Müsavat başqanı İsa Qəmbər - R.H.) bu ölkədə kiminlə mübarizə aparmağın lazım olduğunu bilmirlər. Bu xalq, bu cəmiyyət belə insanlarla hara getməyi düşünür - bax, bu, çox maraqlıdır".
Artıq tam olaraq bəllidir ki, yaranmış söz-söhbət dağıdıcı müxalifət düşərgəsinin builki seçkilərdəki məğlubiyyət proqnozlarını kifayət qədər ortaya qoymuş olur. Çünki bu kimi qarşıdurmalar yalnız "Azad Demokratlar Partiyası Təşkilat Komitəsi" və Müsavat partiyaları arasında baş vermir. Vəziyyət dağıdıcı düşərgədə qlobal xarakter almaqla bütün partiyaları əhatə etməkdədir.
Rəfiqə HÜSEYNOVA