PDF Oxu

Müxalifət

  • 22

Müsavatda qurultay həngaməsi...

Müsavatda qurultay həngaməsi...

Qurum güclü tufan ərəfəsindədir

Müsavat partiyasında gərginlik davam edir. Artıq uzun müddətdir ki, qurultayın keçirilməsi ilə bağlı dəyişən təqvimlər qurum daxilində formalaşmış qruplara da öz təsirini göstərir. Bu arada partiyanın aparıcı funksionerləri də qurultayla bağlı kəskin fikirlərini irəli sürməkdədirlər. Bu fakt isə belə qənaətə gəlməyə əsas yaradır ki, əslində, başqanlıq postunda qalmağa can atan İsa Qəmbərin qurultayın keçirilməməsində hakimiyyəti ittiham etməsi, sadəcə, boş bəhanələrdir. Məsələn, Müsavat partiyasının məclis üzvü Sabir Məmmədli mətbuata açıqlamasında demişdi ki, gah "texniki problem", gah da digər bəhanələrlə nizamnaməni pozmaq olmaz: "Müsavat partiyasının əksər üzvləri də bu fikirdədir ki, texniki məsələləri kənara qoyub, nizamnamənin maddəsini əsas götürərək qurultayı keçirmək lazımdır".

Müsavat daxilində çox ciddi qarşıdurmaların yaşanması amili də reallaşa bilər

Onun sözlərinə görə, məhz texniki məsələlərə görə nizamnamənin müvafiq bəndinin üstündən keçərək, qurultayın ardıcıl təxirə salınması doğru deyil: "Ancaq qurultayı keçirmək üçün hər şeyi məhz texniki problemlərlə bağlamaq ictimai düşüncədə də düzgün qəbul olunmur".

Göründüyü kimi, əgər qurultay bir daha təxirə salınarsa, Müsavat daxilində çox ciddi qarşıdurmaların yaşanması amili də reallaşa bilər. Lakin bayaq da qeyd edildiyi kimi, partiyadaxili qruplaşmalar artıq nizamnamə mövzusunu da kənara qoyaraq, başqanlıq postu uğrunda ölüm-dirim savaşına çıxıblar. Məsələn, ortada Arif Hacılı iddiasının mövcudluğu, digər tərəfdən isə Qubad İbadoğlu amili vəziyyəti daha da qəlizləşdirib. Məsələn, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli facebook sosial şəbəkəsində Müsavat qurultayının ertələnməsini ələ salıb. Mustafa Hacıbəyli yazıb: "Jurnalist Müsavat yetkilisinə sual verir: Əgər hakimiyyət Musavata qurultay üçün yer versə, nə edəcəksiz? Cavab: Biabır olacağıq." Göründüyü kimi artıq Arif Hacılı düşərgəsində İsa Qəmbər də daxil olmaqla bir qrupun qurultayı qəsdən gecikdirməsi fikri yer alıb.

Müsavat daxilində çox ciddi qarşıdurmaların yaşanması amili də reallaşa bilər

Əgər namizədlərin kimliyini bir daha nəzərdən keçirsək görərik ki, onların heç biri Arif Hacılının başqan olmasını istəmirlər. Daha dəqiq desək, baqşan İsa Qəmbər olmaqla, Arzu Səmədbəyli, Rauf Arifoğlu, Pənah Hüseyn, Tural Abbaslı, Vurğun Əyyub Arif Hacılının deyil, məhz başqa birisinin - Müsavat partiyasında elə də xidmətləri olmayanın yeni "lider" olmasını istəyirlər. Hətta partiyada belə bir fikir də formalaşmağa başlayıb ki, gec-tez İsa Qəmbər postunu təhvil versə, kreslosunu məhz iqtisadi məsələlər üzrə müavini Qubad İbadoğluya transfer edəcək.

Təbii ki, Arif Hacılı və onun əlində olan qruplaşma da bunu yaxşı bilir və müəyyən mesajlarla vəziyyəti öz xeyrinə dəyişməyə cəhd göstərir. Arif Hacılı növbəti açıqlamasında deyib: "Qurultay istəsə, nizamnaməni dəyişə bilər". Yəni o, demək istəyib ki, İsa Qəmbər başqanlıqdan gedəcəyi barədə verdiyi sözü tutsun, başqanlıqdan geri çəkilsin. Lakin Arif Hacılı onu da bilir ki, hətta İsa Qəmbər postundan getsə belə, onun qarşısında güclü rəqib dayanacaq. Bu fərd isə məhz Qubad İbadoğludur. Ancaq bütün hallarda Hacılı İbadoğluya qalib gələcəyinə inanır. Çünki onun qruplaşması müəyyən mənada partiyadaxili məsələləri nəzarətdə saxlamaqdadır.

Amma bütövlükdə götürüldükdə, Müsavata yaxınlığı ilə seçilən partiyalar da, eyni zamanda müsavatçıların əksəriyyəti də Arif Hacılını başqan qismində görmək istəməyən tərəflərdirlər. Xüsusilə, bu istiqamətdə divan üzvü, eyni zamanda namizədliyini irəli sürmüş Tural Abbaslı da var. Məhz Tural Abbaslı bu ərəfələrdə bəyan etmişdi ki, o, Hacılıdan daha çox İbadoğluya dəstək vermək istərdi. Beləliklə, Müsavatın qurultayı partiyanın gələcək fəaliyyətinə heç də normal təsir göstərməyəcək. Çünki qurum artıq qurultayöncəsi tufan ərəfəsindədir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər