Azadlıq Partiyası ilə AMİP-in fikirləri uzlaşmadı
Son günlər müxalifət mediasında müxalifətin yeni formatının yaradılması və həmin formatın adının gizli saxlanılması ətrafında müxtəlif müzakirələr aparılmaqdadır. Müxalifətin partiya yetkililəri yeni formatın yaradılmasını dəstəkləsələr də, ortada fikir ayrılığının və qarşılıqlı ittihamların olması da nəzərə çarpmaqdadır.
Əhməd Oruc: "DQMM-in dağılmasında əsas səbəbkar kimi Rəsul Quliyevin və AMİP-in avantürasını göstərə bilərəm"
Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azadlıq Partiyasının sədri Əhməd Orucun fikrincə müxalifət düşərgəsində yeni formatın yaradılmasına ehtiyac var. Lakin həmin formatın yaradılmasında ayrıseçkilik olmamalıdır: "Mən də belə düşünürəm ki, müxalifət daxilində bir format yaradılmalıdır. Lakin bu format heç kimə qadağa qoymadan, heç kimi istisna etmədən, heç bir ayrıseçkilik olmadan yaradılmalıdır. Yəni burada müxalifətdaxili münasibətlər də nəzərə alınmalıdır. Əgər həqiqətən də belə bir formatın yaradılması haqqında söhbət gedirsə, mən də bununla razılaşıram. Çünki hələlik bu haqda elə də dərin məlumatım yoxdur".Azadlıq Partiyasının sədri daha bir məsələyə toxunaraq bildirdi ki, bunda öncə də düşərgə daxilində formatlar yaradılarkən, orada bir sıra partiya və şəxslərin ambisiyaları mövcud olub: "Bilirsiniz, formatlar yaradılarkən, orada müxtəlif prinsiplər mövcud olur. Əvvəlcə iki nəfərin, sonradan altı nəfərin iştirakı, razılaşması ilə formatlar yaradılır. Məsələn, Milli Şura yaradılarkən, ora əsas faktor kimi Rusiya Azərbaycanlıları Təşkilatının (Milyarderlər İttifaqı) maraq dairəsində idi. Yəni bu prosesi adıçəkilən təşkilatın Azərbaycana uzantısı kimi də qiymətləndirmək olar. Nəticədə orada müəyyən parçalanmalar yaşandı. Çünki müxalifət yekdil fikirdə deyildi".Əhməd Oruc təmsilçiliyindən çıxdığı Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) ətrafında yaşanan qarşıdurmalara da aydınlıq gətirərək bildirdi ki, DQMM-in dağılmasında da əsas günah Rəsul Quliyevdə və AMİP-də olub: "Mənim vaxtilə təmsil olunduğum Demokratik Qüvvələrin Məşvərət Məclisində də müxalifət tam olaraq səmimi təmsil olunmurdu. Orada da Milli Şurada olduğu kimi, sağlam olmayan qüvvələrin ambisiyaları vardı. Həmin qüvvələr kimi Rəsul Quliyevi və AMİP-i göstərə bilərəm. Nəticədə bu birlik də öz işini yekunlaşdırmamış fəaliyyətinə xitam verdi. Belə ki, hamının bir olduğu mərkəzlərdə kiminsə, avantürası, ambisiyası həyata keçmir. Buradan da göründüyü kimi, kimlərinsə siyasi prosesləri öz maraqları çərçivəsində təsir etmək cəhdləri alınmır".
Əli Orucov: "Əhməd Oruc fikir bildirərkən, bir az ehtiyatlı olsa daha yaxşı olardı"
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov isə sözügedən məsələ ilə bağlı bildirdi ki, əməkdaşlıq elə bir partiyalarla qurulmalıdır ki, yaradılacaq format da davamlı, dayanıqlı olsun: "Yəni burada ümumi maraq olmalıdır. Təəssüf ki, Azərbaycanın siyasi səhnəsində belə partiyaların sayı çox azdır. Onu da unutmaq lazım deyil ki, əməkdaşlıq modelləri də, variantlar da, kombinasiyalar da müəyyən mərhələ üçün nəzərdə tutulur və acı sonluqla bitir. Ona görə təbii ki, biz də istərdik ki, daha geniş, daha normal formatın yaradılmasına nail olunsun".Hazırda AMİP-in Demokratik Qüvvələr Birliyində təmsil olunduğunu da xatırladan Əli Orucov onu da qeyd etdi ki, ümummüxalitənin iştirakı ilə böyük formatın yaradılması asan məsələ deyil: "Bu gün müxalifətdə Demokratik Qüvvələr Birliyi var və bu birlikdə bələdiyyə seçkilərində iştirak və digər məsələlər ətrafında danışıqlar davam etdirilir. Ancaq daha geniş bir formatın yaradılması, ümummüxalifətin orada birgə təmsil olunması heç də asan məsələ deyil. Belə ki, partiya olaraq, bizə vaxtilə Milli Şurada təmsil olunmaq müraciəti daxil olanda da bildirmişdik ki, oradakı partiyalara heç bir fərq qoyulmamalıdır. Yəni hər kəs orada eyni statusda olmalıdır. Ancaq məsələnin başqa tərəfi də var..."
AMİP yetkilisi Azadlıq Partiyasının sədri Əhməd Orucun Rəsul Quliyevi, eləcə də AMİP rəhbərliyini avantürist ambisiyalarda ittiham etməsinə də münasibətini bildirdi. O, qeyd etdi ki, bu, bir mübarizədir və mübarizədə hər kəs öz potensialını ortaya qoymalıdır: "Tutaq ki, bu gün böyük partiyalar bu mübarizədə iştirak edəcəklərsə, bir özü, bir də papkası olan partiyalar buraya hansı töhfələrini verə biləcəklər? Yəni cırtdan partiyaların hər hansı birliklədə təmsil olunması sadəcə əlavə iş, əlavə yükdür. Ona görə də şəxsi fikrim olaraq demək istərdim ki, bu məsələdə təmərküzləşmə getməlidir. Belə ki, xırda partiyaların iddiaları da bəzən görürsünüz ki, çox böyük olur. Bu baxımdan, belə fikirlər səsləndirilərkən ehtiyatlı olmaq daha yaxşı olardı.
sia.az