"Sinələrini aparıb erməninin sinəsinə sürtürlər"
"Azərbaycanda siyasi-ictimai sabitliyi pozmaq üçün nəinki Rəsul Quliyev, eləcə də digərləri son zamanlar hazırlıqlı vəziyyətə gəlmək iddiasındadırlar. Onların hər birisi nəinki Fətullah Gülən, eləcə də ABŞ-da və başqa Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisi ilə də iş birliyindədirlər". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin Fətullah Gülənlə təmasda olması, ondan dəstək alması ilə bağlı yayılan xəbərlərə münasibətini bildirərkən deyib.
MMP sədrinin sözlərinə görə, istər Rəsul Quliyev, istərsə də başqaları öz niyyətlərinə çatmaqdan ötrü hər bir provokasiyaya əl atmağa hazırdırlar. Hafiz Hacıyev əlində ciddi faktların olduğunu da bildirib: "Onu da qeyd edim ki, bizdə olan məlumatlara görə, bunların avqust-sentyabr aylarında aranı qarışdıra biləcək qədər gizli planları var. Rəsuldur, İsadır, Əlidir, eləcə də xaricdə yaşayan insanlar var ki, onlar sakit oturmurlar. Onlar Azərbaycanda yenidən hakimiyyətə gəlməkdən ötrü sinələrini aparıb erməninin sinəsinə sürtürlər.
Əsas hədəfin 2015-ci il parlament seçkilərinə qədər nəyəsə nail olmaq iddiasını gerçəkləşdirmək olduğunu deyən partiya sədri bu insanların yanıldığını da bildirib: "Ancaq belələri çox yanılırlar. Yəni Rəsul Quliyevin Fətullah Gülənlə görüşməsi, ermənilərlə görüşməsi və yaxud da gündə bir cildə girib konqresmenlərlə, senatorlarla hər hansı bir məsləhətləşmələr aparması nəticəsiz qalacaq. Bu, absurd bir şeydir. Çünki Azərbaycan bu gün əmin əllərdədir və bu ölkənin sükanını saxlayan insan güclü insandır. Ona görə də kimlərin-kimlərləsə görüşmələri, iş birliyində olmaları heç bir əhəmiyyət kəsb etmir. Vaxtı çatanda onların cavabları birdəfəlik olaraq veriləcək".
sia.az