Bu gün hər bir azərbaycanlı çox yaxşı bilir ki, xarici anti-Azərbaycan dairələr və erməni lobbisi müxtəlif vasitələrlə ölkəmizə qarşı "qara piar" kampaniyası aparır və bu işdə Leyla Yunus kimi ermənipərəst, antimilli ünsürlərdən yararlanırlar. L.Yunus artıq terrorçular da daxil olmaqla, konkret cinayət törətmiş şəxsləri "repressiya qurbanları" kimi qələmə verməklə kifayətlənmir, onları təsnifləşdirməyə də çalışır. O, Avropa Şurasının qərar və qətnamələrini manipulyasiya obyektinə çevirir, guya bu qurumun sənədlərində "siyasi məhbus", "vicdan məhbusu" kimi anlayışların tərifinin verildiyini iddia edir. Əgər 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən Avropa Şurası Baş katibinin tapşırığı ilə bu qurumun ekspertləri tərəfindən "siyasi məhbus" anlayışının tərifi hazırlanmışdısa, 2012-ci ildə AŞ PA-nın payız sessiyasının plenar iclasında, daha sonra isə qurumun sessiyasında qızğın müzakirə və mübahisələr necə izah olunmalıdır?
L.Yunus unudub ki, 2013-cü ildə Kristofer Ştrasser və onun arxasında duran anti-Azərbaycan dairələrin AŞ PA-da iflası Azərbaycana qarşı açıq və kobud qarayaxma kampaniyasının qurumun əksər deputatları tərəfindən dəstəklənməməsi ilə yanaşı, həm də "siyasi məhbus" anlayışı ilə bağlı qeyri-müəyyənliyin qalması ilə əlaqədar olmuşdur. Ancaq L.Yunus özünü görməzliyə vurur, faktları təhrif edir, ağ yalan danışır və anti-Azərbaycançı şəbəkənin sifarişi, aldığı pullara və müxtəlif dedi-qodulara əsaslanaraq ilbəil siyahısını şişirtməkdə davam edir.
Cəmiyyət, ictimaiyyət nümayəndələri ermənilərlə qohum olan L.Yunus kimi antimilli ünsürlərin düşmənçilik fəaliyyətinə son qoyulmasını tələb etməli, onlara layiq olduğu münasibəti göstərməlidirlər. Artıq bəllidir ki, L.Yunus insan hüquqları məsələsini siyasi alverə çevirib. L.Yunusun bu açıqlamaları qərəzlidir və o, bunu məqsədyönlü şəkildə həyata keçirir. Əslində onu maraqlandıran məhbusların taleyi deyil, özünün biznesidir.
Azay Quliyev: "Leyla Yunus siyasi məhbus istehsalı ilə məşğuldur"
Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Leyla Yunus siyasi məhbus istehsalı ilə məşğuldur: "Sanki onun bundan başqa işi yoxdur. Bu cür şəxslər insan hüquqları kimi önəmli sahəyə kölgə salırlar. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun beynəlxalq təşkilatlara təqdim etdiyi siyahıda adları olan şəxslərin böyük əksəriyyətinin cinayətləri konkret faktlarla sübuta yetirilib".
A.Quliyev adı siyahıda olan şəxslərin bir qisminin əfv edildiyini də diqqətə çatdırıb: "Dövlət kimliyindən asılı olmayaraq, həbsdə olan vətəndaşları əfv edir. Məsələ burasındadır ki, Leyla Yunusun siyahısındakı adlar azalmaqdansa, artır. Digər tərəfdən, Azərbaycanda siyasi mənsubiyyətinə görə təqib olunma faktı yoxdur. Azərbaycan məhkəmələrində problemlərin mövcudluğu da sirr deyil. Bu isə insan hüquqlarının pozulması deməkdir və siyasi məhbus anlamına gəlməməlidir". O, Azərbaycanda məhkəmənin qərarından narazı olanların İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmək imkanının da olduğunu da qeyd edib: "2002-ci il aprelin 15-dən Azərbaycanın məhkəmə sistemi İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olub. Yəni yerli məhkəmələrdən narazı qalan şəxs bu məhkəmə instansiyasına müraciət edib, öz hüquqlarını bərpa etmək imkanına malikdir. Yəni hüquqi baxımdan belə insanların siyasi məhbus adı ilə təqdim olunması mümkün deyil. Bu, sadəcə Leyla Yunusun şakəridir".
Tahir Kərimli: "Leyla Yunus ən qatı cinayətkarları siyasi məhbus kimi təqdim edir"
Vəhdət Partiyasının sədri Tahir Kərimli Leyla Yunus və onun kimilərin bəzi xarici dairələrin maraqlarına xidmət edərək Azərbaycanın imicinə ziyan vurduqlarını deyib. Partiya sədri qeyd edib ki, bu təşkilatların başında ABŞ-ın Milli Demokratiya İnstitutu dayanır: "Bu institut vaxtilə Ukraynada narıncı inqilaba milyonlarla pul səpmişdi. Bu faktor sübuta yetiriləndən sonra MDİ-ni ölkədən qovuldular. Ötən il Azərbaycanda Demokratiya İnstitutu 1 milyon 200 min vəsaiti ancaq özünün layihələrinin keçirilməsinə sərf edib. Bunlar beynəlxalq təşkilatların himayəsində olmağa alışıblar. Mütəmadi olaraq "Freedom House" təşkilatı və bu kimi təşkilatlarla əlaqə quraraq özlərinin ideoloji xətlərinə sadiq qalırlar".
T.Kərimli onu da vurğulayıb ki, hansı dövlət bu güclərə baş əymirsə, o dövlətin daxilinə belə insanlar yeridirlər: "Bunlar da müəyyən vəsait hesabına öz hökümətlərini tənqid edərək, həmin təşkilatlara hesabat vermək məcburiyyətində qalırlar. Bütün bunların arxasında beynəlxalq imperializmin niyyətləri dayanır. Azərbaycanın dünyada qazandığı uğurlarını gözü götürməyənlər müxtəlif üsullara əl atmağa məcbur qalırlar. Leyla Yunus ən qatı cinayətlərtdə iştirak edənləri və separatçıları siyasi məhbus kimi təqdim edir".
Leyla Yunus qanun qarşısına çıxmağa məhkumdur
Təəssüf ki, bütün faktlar ortada ikən L.Yunus hələ də Azərbaycanda yaşayır və ölkəmiz əleyhinə təbliğat aparır. Əslində heç bir vətəndaşa haqq verilmir ki, torpaqlarımızı işğal altında saxlayan, 1 milyondan artıq azərbaycanlını ata-baba torpaqlarından didərgin salan, günahsız insanları vəhşicəsinə qətlə yetirən ermənilərlə əməkdaşlıq etsin. Hər kəsə məlumdur ki, Sülh və Demokratiya İnstitutu adlı qondarma qurumun rəhbəri uzun müddətdir anti-Azərbaycan fəaliyyətini əsas seçib. Hətta buna görə dəfələrlə ermənilər və ermənipərəst xarici qurumlar tərəfindən mükafatlandırılıb. Belə çıxır ki, xarici dairələr tərəfindən Azərbaycanın əleyhinə fiqur olaraq bəsləndirilir. Bu zaman belə bir sual yaranır ki, L.Yunus niyə hələ də azadlıqdadır? Çünki Azərbaycan atributlarını ayaq altına atan "hüquq müdafiəçisi" qanun qarşısına çıxmağa məhkumdur.
Rəfiqə HÜSEYNOVA