Niyaməddin Orduxanlı: "ABŞ demokratiyanın təntənəsini, insan hüquqlarının qorunmasını yalnız sözdə yerinə yetirir"
"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın qəsdən gizlin elan edilməsi məqsədli xarakter daşıyır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, bu kimi təşkilatlar indiyə qədər yalnız Azərbaycan dövlətinin əleyhinə olan QHT-lərlə çalışıblar: "Belə təşkilatlar xüsusilə radikal müxalifətin təsiri altında olan QHT və media qurumları ilə çalışırlar. Burada da məqsəd maraqlı olduqları məsələlərə çatmaqda Azərbaycan hakimiyyətinə təzyiq etməkdir. Son illər ABŞ yönümlü beynəlxalq təşkilatların Azərbaycanda elan etdiyi qrant layihələrində yalnız radikal müxalifətin təsiri altında olan, özlərinə yaxın QHT-lər qalib olub. Bircə fakt yoxdur ki, hakimiyyətin yürütdüyü siyasəti dəstəkləyən və ya bitərəf QHT-lər bu qrantlardan faydalansınlar. Hesab edirəm ki, bu ABŞ-ın qəsdən yeritdiyi siyasətdir"."Onlar radikal yönümlü QHT-lərə qrantlar ayırmaqla çalışırlar ki, lazım olan məqamda həmin təşkilatlar Azərbaycan hakimiyyətinin əleyhinə bəyanatlar versinlər, yaxud da ABŞ-ın siyasətini dəstəkləsinlər. ABŞ-ın yürütdüyü siyasət birbaşa Azərbaycan dövlətinin əleyhinə olan, milli maraqlarını nəzərə almayan təşkilatlar üçün nəzərdə tutulub. Bu da təəssüf hissi doğurur. Bu hadisənin özü göstərir ki, ABŞ demokratiyanın təntənəsini, insan hüquqlarının qorunmasını yalnız sözdə yerinə yetirir - deyə, Orduxanlı vurğulayıb.N.Orduxanlı qeyd edib ki, USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın elan edilməsi məsələsində şəffaflıqdan söhbət gedə bilməz: "Bu məsələdə heç bir şəffaflıq yoxdur. Çünki proses gizli aparılıb. Azərbaycan mediasında da bu haqda heç bir məlumat getməyib".Məsələ ilə bağlı ABŞ səfirliyinin açıqlamasını dəyərləndirən N.Orduxanlı deyib ki, ABŞ səfirliyi belə təşkilatların əməllərini ört-basdır etməklə məşğuldur və özlərini mümkün tənqidlərdən sığortalamaq üçün belə bir açıqlama veriblər.
sia.az