Rəsul Quliyev: "Arif Hacılı kimi hiyləgərləri siyasətdən birdəfəlik kənara atmaq lazımdır"
Arif Hacılı: "Rəsul Quliyev ölkənin baş mafiozu idi"
Son vaxtlar səsi çıxmayan "ACP"-nin keçmiş sədri Rəsul Quliyev müxalifət düşərgəsində baş verən olaylardan hiddətlənərək müxalifət mətbuatına verdiyi açıqlamasında Müsavat və AXCP liderlərinin siyasətdən getməsinə nail olmağa çalışdığını bildirib: "Mənim məqsədim Müsavat və AXCP liderlərinin siyasətdən getmələrinə nail olmaqdır. Çünki 21 ildir ki, Müsavat-AXCP biabırçı məğlubiyyətlərə uğrayırlar və bunu veclərinə də almayır və fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Onların mövcud olmalarının ancaq bir səbəbi var. "Yeni Müsavat" və "Azadlıq" qəzetləri bu partiyalara dəstək verməsələr, bütün mətbuat orqanları kimi bu partiyaların işinə yanaşsalar, bu partiyalar bir aydan sonra yoxa çıxar".
R.Quliyev onu da bildirib ki, bu gün Azərbaycanda müxalifət deyilən heç bir şey yoxdur, özünü müxalifət adlandıranlar var: "Özünü müxalifət adlandıranların düşərgəsində yenidən hər şey pozulub və bundan sonra da pozulacaq. Kimsə 2015-ci ildə yenidən guya hansısa bir qurum yaratmağa cəhd edəcəksə də, bu, mümkünsüz olacaq. 2015-ci il noyabr seçkilərindən sonra yenidən hər şey pozulacaq. Mümkün deyil ki, 20 il müddətində daim uduzan bir təşkilat, o cümlədən AXCP və Müsavat özünü müxalifət adlandırsın və müxalifət kimi də fəaliyyətini davam etdirsin. Bu, tarix elminə ziddir. Ona görə də Azərbaycanda müxalifətin mövcudluğundan danışmaq gülüncdür. Xüsusilə də, Müsavatın başqan müavini Arif Hacılının sentyabrın 27-nə təyin edilən qurultayında uğursuz partiyaya sədrlik etmək uğrunda döyüşməsi lap gülünclükdür".
R.Quliyev onu da bildirib ki, ilk gündən Müsavat partiyası ilə AXCP liderlərinin siyasətdən getmələrinə çalışıb: "Bu gün müxalifəti pis günə qoyan İsa Qəmbərlə Əli Kərimlidir. Mənim məqsədim onları siyasətdən uzaqlaşdırmaqdır. Buna nail olmaq istəyirəm. Bu adamlar meydanı boşaltmalıdırlar ki, gənclərin timsalında ora yeni qüvvələr daxil olsun. Sözsüz ki, o gənclərə həmişə siyasi dəstək verəcəyəm. Ancaq bu gün Arif Hacılı kimi hiyləgərin yenidən başqan olması mənim əsəblərimi tərpədir, çünki Azərbaycan xalqının nəzərində Müsavat partiyası və AXCP-nin heç bir hörməti qalmayıb, onlara inam yoxdur. Bu inamı əldə etməyə çalışmaq lazımdırmı? Əgər bu inamı bərpa etmək istəmirsənsə, nə etmək istəyirsən? Əgər ailədə valideynin hörməti itirsə, o halda həmin ailədə əmin-amanlıq olmaz ki! Belə bir halda Arif Hacılının da bu bədbəxt Müsavata başqan olmaq istəməsi, həyasızlıqdır. Hər halda insan gərək hərdən utanmağı da bacarsın. Amma həmin hiss aradan qalxanda, vəziyyət ağır olur".
R.Quliyevin bu çıxışına cavab verən Müsavatın icra aparatının rəhbəri Arif Hacılı Rəsul Quliyevi sərt tənqid edib. O, bu barədə "Facebook" səhifəsində yazıb: "1992 ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu, ilk növbədə cinayət qanunvericiliyi,eyni zamanda siyasi konyuktura baxımından real idi. Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. Saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu.O dövrün ən populyar qəzeti olan "Müxalifət "qəzetində Rəsul Quliyevin iqtisadi cinayətləri barədə "Qarət" başlıqlı silsilə yazılar dərc olunmuşdu. MTN nazirinin 1- ci müavini Sülhəddin Əkbər prezident aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi. Rəsul Quliyev elə adamdır ki, onunla ya işləmək, ya da onu öldürmək lazımdır. Acı həqiqətdir ki, 2003 -cü ildə Rəsul Quliyev İsa Qəmbərin müdafiəçisi olmaq, 2005-ci ildə isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahib oldu. 2005-ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki, nəticələri hələ də davam edir. Rəsul Quliyevin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır".
R.Hüseynova