PDF Oxu

Müxalifət

  • 39

Politoloqdan Karl Blidtə MÜNASİBƏT

Politoloqdan Karl Blidtə MÜNASİBƏT

Elman Nəsirli: "İsveç dövlətinin xarici işlər naziri əldə olan alətə çevrilib"

"Prezident İlham Əliyev AŞPA-dakı çıxışı zamanı bu məsələlərə toxundu ki, bir çox hallarda beynəlxalq hüquq işləmir, ikili standartlar daha çox işlək vəziyyətdədir, eləcə də həmin hallar çərçivəsində demokratiya və insan hüquqlarının pozulması pərdəsi altında ölkələrə təzyiqlər edilir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli İsveç Krallığının xarici işlər naziri Karl Blidtin Azərbaycanı "avtoritar ölkə" kimi tənqid etməsinə münasibətini bildirərkən deyib.

Politoloq qeyd edib ki, iki halda ölkələrə təzyiqlər edilir: "Birinci halda hər hansı bir ölkə çox zəif olanda ona böyük dövlətlər, demokratiya adı altında fəaliyyət göstərən təşkilatlar öz siyasətlərini, maraqlarını diqtə etməyə can atırlar. Həmin ölkəni inkişafdan kənarlaşdırmağa çalışırlar və özlərinə tabe etdirməyə cəhd göstərirlər. Yəni tənqid etdikləri ölkəni sözəbaxan ölkəyə çevirmək istəyirlər.

İkinci halda isə dövlət güclü olanda bu kimi vəziyyətlə üzləşir. Ölkənin inkişafına, tərəqqisinə qarşı çoxsaylı çıxışlar olur, bu inkişafa qarşı şlaqbaumlar qoyulur və s. Belə üsullardan biri də insan hüquqları ilə bağlı olan elementdir ki, bu hüquqların pozulmasında əsas vasitə "avtoritarizmin" olmasıdır. Məhz bu halda da "demokratiyanın inkişafı" adı altında təzyiqlərini həyata keçirirlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycana münasibətdə də bu vasitə həyata keçirilir. İsveçin xarici işlər nazirinin ölkəmizə qarşı bu şəkildə yanaşması, qeyri-obyektiv çıxışı arxasında bu amillər dayanıb. Yəni Azərbaycanın inkişafı, Azərbaycanın sürətlə tərəqqi yolunda irəliləməsi, beynəlxalq aləmdə müstəqil siyasət yürütməsi, həmçinin, dövlət başçısının siyasi iradə və qətiyyət nümayiş etdirməsi, xalqla hakimiyyətin birliyi müəyyən dairələri narahat etməyə başlayıb. Onlar bunu həzm edə bilmirlər və bunu edə bilmədiklərinə görə də bir çox hallarda müəyyən dövlətlərdən, müəyyən dövlətlərin rəsmilərindən istifadə edirlər. Hesab edirəm ki, İsveç dövlətinin xarici işlər naziri də bu halda əldə olan alətə çevrilib. Çox təəssüf hissi ilə bunu qeyd etmək istəyirəm ki, ermənipərəst qüvvələr belə insanları öz tərəfinə çəkib öz siyasətlərini həyata keçirmək üçün onları təliamatlandırıb danışdırırlar".

Elman Nəsirli onu da istisna etməyib ki, İsveçin xarici işlər naziri həmin çıxışını təlamatlar əsasında edib: "Hesab etmirəm ki, belə açıqlamalar Karl Blittin şəxsi mövqeyidir. Çünki biz dəfələrlə şahidi olmuşuq ki, bir çox hallarda bu vasitə Azərbaycan hakimiyyətinə qarşı sərgilənib. Məsələn, biz bunu cənab İlham Əliyevin Strasburqdakı çıxışında da gördük. Əllərində tutmuş vərəqdən dilləri topuq vura-vura suallar oxuyurdular və onlara hazırlanmış mətnlərin verilməsi də açıq-aşkar görünürdü. Yəni onlar da həqiqətlərin təhrif olunduğunu tam şəkildə dərk edirdilər. Hesab edirəm ki, İsveçin xarici işlər naziri Azərbaycanı tənqid edərkən əlində tutduğu mətndə başqalarının hazırladığı fikirləri söyləyib və heç bir halda o öz sözünün, öz fikrinin daşıyıcısı deyil. Sadəcə olaraq, o, konkret tapşırıqları yerinə yetirib".

Xatırladaq ki, İsveçin xarici işlər naziri Karl Bild Vaşinqtonda Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan dövlətlər haqda çıxış edərkən Azərbaycan hökumətinə qarşı qeyri-obyektiv bəyanatlar səsləndirib və guya Azərbaycanda "avtoritar rejimin hökm sürməsi səbəbindən" bu ölkənin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirakının səmimiliyinə "şübhələri" olduğunu iddia edib.

sia.az

Digər xəbərlər