PDF Oxu

Müxalifət

  • 49

AXCP sədri İsa Qəmbərdən tam qisasını hələ də almayıb

AXCP sədri İsa Qəmbərdən tam qisasını hələ də almayıb

Və ya Əli Kərimli haqqında digər faktlar

Artıq ölkəmizin bir sıra siyasi qüvvələri qarşıdan gələn bələdiyyə və 2015-ci ilin parlament seçkilərinə hazırlıq prosesinə start veriblər. Maraqlıdır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də "Milli Şura"nın bələdiyyə və parlament seçkilərinə gizli şəkildə hazırlığa start verib. Qeyd edək ki, AXCP sədri bununla əzəli düşməni İsa Qəmbəri üstələməyə can atır. Əslində o da bəllidir ki, Əli Kərimli heç zaman İsa Qəmbərin siyasi mövcudluğunu qəbul etməyib. Məsələn, hələ o zamanlar AXCP "Milli Şura" ideyasını ona görə dəstəkləmişdi ki, bu yolla İsa Qəmbəri zərərsizləşdirməklə məşğul olsun və buna da nail ola bildi. Əslində cəbhəçilər bu gün də, yəni Müsavat partiyası "Milli Şura"da olmadığı halda belə həmin planlarının reallaşdırılması ilə məşğul olurlar. Çünki Əli Kərimlidə qisas hissi çox güclüdür. Həm də belə demək mümkündür ki, AXCP sədri İsa Qəmbərdən tam qisasını hələ də almayıb.

Əli Kərimli İsa Qəmbərdən fəqrli olaraq, kənardan çox asanlıqla idarə olunan adamdır

Digər tərəfdən, AXCP sədri Əli Kərimlinin son oyunbazlıqları onun Müsavat başqanı İsa Qəmbəri bir sıra manevrlərlə aldatdığı kimsəyə sirr deyil. Məsələn, hələ seçkilər ərəfəsində İsa Qəmbərin öz namizədliyini geri götürməsində AXCP sədri və mənsub olduğu qruplaşma öz rolunu oynayırdı. Belə ki, əgər Müsavat başqanı seçkilərdə namizəd olsaydı, Əli Kərimli ilə müqayisədə onun şansı daha yüksək olardı. Yəni o, heç olmasa cüzi faizlə müəyyən səs toplaya bilərdi. Həmçinin, AXCP sədrini Müsavat başqanı ilə daha bir müqayisə ilə fərqləndirmək olar. Əli Kərimli İsa Qəmbərdən fəqrli olaraq, kənardan çox asanlıqla idarə olunan adamdır. Xatırlatmaq yerinə düşərdi ki, seçkidən öncə, Eldar Namazovla gizli görüşdən sonra Əli Kərimli Müsavat başqanının əsas aparıcı əleyhdarına çevrildi. Bütün bunlar isə onun dəyişkən siyasətçi və şəxsi maraqlarına xidmət etməsindən irəli gəlirdi. AXCP sədri başqa-başqa qurumlara xidmət etmək bacarığı olan və müxalifəti içindən dağıtmağı bacaran "siyasətçidir". Elə son günlərdə müşahidə edilən fəaliyyətinə baxanda tam şəkildə məlum olur ki, bu partiya kimə və nəyə xidmət edir. Əli Kərimlinin isə həmin proseslərdən əldə etmək istədiyi qənimət 2015-ci ildə parlamentdə yenidən təmsil olunmaqdır. Əslində Əli Kərimlinin İsa Qəmbərə olan nifrətinin arxasında onun şəxsi maraqları durur. AXCP hələ seçkilərdən öncə "İctimai Palata" ilə Müsavat arasında nifaq salmağa müvəffəq oldu. AXCP sədrinin səyləri nəticəsində seçkilərə buket şəklində gedən müxalifət siyasi rəqiblərinin yenidən heç bir saxtalaşdırılma aparılmadan seçkilərdə qalib gəlməsinə zəmin yaratdı.

"Kasıb" və "dilənçi" kökündə təqdim edilən Əli Kərimli, əslində, ölkəmizin müxalif məkanında maddi imkanlara malik partiya sədridir

Beynəlxalq təşkilatlar, yerli və xarici müşahidəçilər də vurğulayırlar ki, artıq 20 ildir ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Lakin AXCP sədri şəxsi maraqlarına, ambisiyalarına görə dəfələrlə müxalifətdə və xüsusilə Müsavatda təfriqə yarada bildi. Bütün bunlara nəzər yetirdikdə məlum olur ki, keçmiş cəbhəçinin AXCP-dən istefa verməsində bu siyasi təşkilatın sədri Əli Kərimli amilinin də təsiri var. Hazırkı mərhələdə görünən də o oldu ki, Əli Kərimli seçki prosesində bir o qədər aktivlik nümayiş etdirmədi. Bununla da Cəmil Həsənlinin uğursuzluğunu təmin etdi. Hətta müəyyən məsələlərə münasibətdə demək olar ki, partiya sədri passiv gözə dəydi. Bu da yayılan şübhələrin əsaslı olması anlamını ortaya qoyur. Guya AXCP üçün bir qərargah ala bilmədiyini deyən, "kasıb" və "dilənçi" kökündə təqdim edilən Əli Kərimli, əslində, ölkəmizin müxalif məkanında maddi imkanlara malik partiya sədridir. Onda belə nəticə hasil olur ki, AXCP rəhbəri növbəti mərhələdə də xaricdən külli miqdarda maliyyə vəsaiti alıb indi guya ki, sözdə onun yolunu davam etdirir. AXCP sədri özünü cəmiyyətə "əzabkeş" kimi təqdim etməklə, xarici himayədarlarının gözündə "ana" müxalifətçi kimi qalmaq istəyir. Bir müddət əvvəl baş verən bəzi hadisələr müəmmalı maliyyə əməliyyatlarından xəbər verir. Bu, olduqca gizli və müəmmalı məsələdir.

Milli mənafeyi satmağa hər an hazır olan AXCP sədrinin adının ən ziddiyyətli qalmaqallarda çəkilməsi əbəs yerə deyil

AXCP sədrinin bahalı villası olduğu halda öz üzvlərindən ianə istəməsi, beş qəpikdən - bir manatdan pul yığması biabırçılıq və öz tərəfdarlarına hörmətsizliyindən savayı bir şey deyil. Əli Kərimlinin guya xalqın acından ölməsi ilə bağlı iddialarının fonunda onların adının milyonluq layihələrdə hallanması, bahalı mülklərə sahib olması ziddiyyətli iddialardır. Beynəlxalq aləmdə ölkəmizi nüfuzdan salmaq, dövlətimizi təhdid etməklə xaricdəki ağalarından pul alır və bununla özlərinə zəngin həyat qurur. Sadalananlar onu göstərir ki, milli mənafeyi satmağa hər an hazır olan AXCP sədrinin adının ən ziddiyyətli qalmaqallarda çəkilməsi əbəs yerə deyil. Ə.Kərimli bununla qrantlarının miqdarını daha da artırıb.

Düzdür, Əli Kərimli yayılan məlumatlara guya cavab verdi. Əslində isə onun cavabları özünü ifşa edib. Yenə də öz uydurmalarına sadiq qalan AXCP sədri iddia etdi ki, guya bu, ona qarşı aparılan növbəti kampaniyadır. Ancaq hər hansı bir bankın pul köçürmələri ilə bağlı sənədlərinin saxta olması inanılası iş deyil. Əldə olunan bank sənədlərində isə Əli Kərimlinin özü və qohumlarının 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat pul çıxarmaları qeyd olunub. Əli Kərimli isə bununla bağlı verdiyi açıqlamada heç bir bankdan pul almadığını iddia edib. Maraqlıdır ki, onda həmin sənədlərdə adları çəkilən Əli Kərimli, onun oğlu Türkel Kərimli, əmisi oğlu Tofiq Kərimli, qayını Elnur Seyidov, baldızı Aytən Seyidova kimlərdir? Bu sənədlər Əli Kərimlinin özünü prosesdən "təmiz" çıxarmasına imkan vermir. Çünki o, 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib, bizneslə məşğul deyil. Nə özü, nə də partiyası beynəlxalq fond və təşkilatlardan qrant alıb. Heç bir yerdə işləməyən bir şəxsə bank necə kredit verə bilər və ya həmin şəxs hansısa yolla əldə etdiyi böyük məbləğdə krediti az bir zamanda necə qaytara bilər? Əli Kərimli heç yerdə işləməyə-işləməyə partiyanın, dəbdəbəli həyat tərzinin, bahalı maşınların xərclərini necə ödəyir? Əli Kərimlinin heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 20 gün ərzində - 2011-ci il sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində "Texnikabank"da 75 min funt sterlinq məbləğində maliyyə əməliyyatını necə aparıb? Bütün çıxışlarında hökuməti ittiham edərək, Azərbaycan xalqının guya acından ölməsi ilə bağlı iddialarının fonunda onun adının milyonluq layihələrdə hallanması ziddiyyət təşkil edir. Əgər xalqın güzəranı pisdirsə, onda Əli Kərimli bu sərvəti haradan əldə edib?

Fakt isə budur ki, Əli Kərimli antiazərbaycançı şəbəkədən çirkli pullar alıb oğlunu xaricdə oxutdurub, özünə zəngin həyat qurmaqla onun yalan siyasətinə inanıb ömrünü AXCP-yə həsr edən sıravi partiya üzvlərini ələ salmış olur. Odur ki, sıravi cəbhəçilərin Əli Kərimlinin yalanlarına adekvat reaksiya verməsi tamamilə təbiidir. Bu arada diqqətinizi fotolardakı insanlara cəlb etmək istərdik. Şəkildə Əli Kərimlinin 4 cangüdənlə gəzdiyi açıq-aydın görünür. Onlardan 3-ü AXCP sədrindən solda, biri - Kərim adlı gizli cangüdən isə sağda dayanıb (bu, başında papağı olan şəxsdir-red). Əli Kərimli bu şəxslərin hər birinə ayda 800 manat əməkhaqqı verir. Onlar isə növbəlilik prinsipi ilə AXCP sədrini aksiyalarda qoruyurlar. Belə olan halda sual ortaya çıxır: Təkcə cangüdənlərinə ayda 3200 manat maaş verən AXCP sədri bu qədər pulu hardan alır? Hər halda bu sualın cavabı hər kəsə məlumdur.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər