Seçkiərəfəsi proseslər Əli Kərimli ilə Cəmil Həsənlini üz-üzə gətirib
Qarşıdakı növbəti bələdiyyə seçkilərin keçirilməsinə 6 ay qalsa da, bəzi müxalifət partiyalarını çıxmaq şərti ilə, ölkəmizin ana müxalifət partiyalarının bu seçkilərdə iştirakı sual altındadır. Seçki Məcəlləsinin dəyişdirilməyəcəyi təqdirdə bəzi siyasi qüvvələrin bələdiyyə seçkilərini boykot edəcəyi barədə fikirlər səsləndirilir.
Müsavat partiyası başqanın müavini Mehman Cavadoğlu, ilk növbədə seçkilərin demokratik keçirilməsi uğrunda mübarizə aparacaqlarını bildirdi: "Müsavat partiyası bələdiyyə seçkilərində iştirak etməyi nəzərdə tutur. Hələ ki bu barədə partiyanın qərarı yoxdur. Seçkilərin azad və demokratik keçirilməsi üçün mübarizə aparacağıq. Bundan əvvəl keçirilən bələdiyyə seçkiləri hakimiyyətin tam nəzarəti altında olub və nəticələri tamamilə saxtalaşdırılıb. Namizədlərə ciddi təzyiqlər olub. Müsavat partiyası bu seçkilərdə iştirak etmək istəyir. Amma çox güman ki, ilk növbədə məqsədimiz seçkilərin düzgün keçirilməsi üçün mübarizə aparmaq olacaq".
Bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı qərarsız vəziyyətdə olan və müxalifətin ən qısa ömürlü qurum "Milli Şura"da bu məsələlərlə bağlı ziddiyyətlər baş verməkdədir. Xüsusilə də, qurumun çoxdan keçirmək istədiyi sessiya ilə bağlı məsələsi bu ziddiyyətin daha da kəskinləşməsinə səbəb olub və bundan kimlərinsə bəhrələnmək istədikləri üzə çıxıb. "Milli Şura"nın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev deyib ki, qurumun sessiyasının keçirilməsi üçün Tbilisiyə getməyə və bunu o qədər də böyütməyə ehtiyac yoxdur.
Məsələylə bağlı "Səs"ə açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, "Milli Şura" adlı qurum artıq yoxdur. Onun sözlərinə görə, indi bu cür məsələləri ortaya atırlar ki, gündəmdə qalsınlar: "Fikir verirsinizsə, bu xəyanətkarlar yuvası sayılan "Milli Şura" tamamilə məhv olub. Sülhəddin Əkbər də yanlış yolda olduğunu görüb onlardan uzaqlaşdı. İndi Kərimli Əli ilə Həsənli Cəmil baş-başa verib "Milli Şura"nın çulunu sudan çıxarmağa çalışırlar. Amma ortada güc olmadığına görə heç bir iş görə bilmirlər. Ona görə də, gündə bir hoqqa çıxarırlar. Gah Tbilisiyə gedirlər, gah özlərinin içində qarşıdurma yaradırlar. Bu adamların əsas məqsədi hər yerdən gəlir əldə etməklə yanaşı gündəmdə qalmaq və Azərbaycanın maraqlarına zidd fəaliyyətlərini davam etdirməkdir. Çünki buna görə Azərbaycanın inkişafını istəməyən qüvvələrə dəstək verirlər".
Partiya sədrinin sözlərinə görə, çox keçmədən Əli Kərimli ilə Cəmil Həsənli bir-birlərini qıracaqlar. MMP sədri hesab edir ki, Azərbaycanın düşmənlərindən aldıqları pulu bölüşdürə bilməyənlər davaya başlayacaqlar. Qeyd edək ki, parçalanmış "Milli Şura" daxilində də fikir ayrılıqları yaşanmaqdadır. "Milli Şura"nın sədri Cəmil Həsənli bələdiyyə seçkiləri ilə bağlı sualı cavablandırarkən seçkilərdə iştirakla bağlı hələ də qurum daxilində qərar verilmədiyini bildirib.
AXCP sədri Əli Kərimli çoxluğa qarşı çıxaraq, boykot variantının üzərində dayanıb. Partiyadan verilən məlumata görə Ə.Kərimli yerlərdəki bəzi nümayəndələrin seçkiyə qatılmalarına imkan vermir. Hətta bir neçə partiya funksioneri də bələdiyyə seçkilərində iştirak etməyin vacibliyini vurğulayıb və bildirib ki, Əli Kərimli çoxluğa qarşı çıxaraq, boykot variantının üzərində dayanıb. AXCP sədrinin bu davranışına Cəmil Həsənli də sərt reaksiya verib. Belə ki, "Milli Şura" sədri quruma daxil olan partiyaların üzvlərinə seçkidə iştirak məsələsində sərbəstliyin verilməsini istəyib. O, bu təklifində israrlı olacağını da vurğulayıb. Yəqin ki, razılaşma olmasa, qarşıdurma daha da böyüyəcək.
R.HÜSEYNOVA