Seymur Həzi: "İsa bəy, ikinci Müdafiə Komitəsini yaratmağa nə ehtiyac var idi?"
AXCP və Müsavat partiyası arasındakı gərginlik səngimək bilmir. Hər iki partiya funksionerlərinin qarşılıqlı ittihamları, təhqirləri o həddə çatıb ki, 90-cı illərin əvvəllərində mövcud olan AXCP-Müsavat hökumətinin bəzi "sandıqça"ları da açılıb. İsa Qəmbərin avqustun 14-də "Azadlıq" radiosunda "İşdən sonra" verilişinin qonağı olması isə vəziyyəti daha da qəlizləşdirib. Heç şübhəsiz ki, Müsavat başqanının "Azadlıq" radiosuna çağırılması iki partiya arasındakı münasibətlərin daha da pisləşməsində maraqlı olan şəxslərin, konkret olaraq Xədicə İsmayılın məqsədli planıdır.
Veriliş getdiyi müddətdə canlı efirə qoşulan AXCP rəyasət heyətinin üzvü Seymur Həzinin bəzi partiya rəhbərləri haqqında səsləndirdiyi fikirlər ciddi narazılıq doğurub. O, "Ümid" partiyasının sədri, millət vəkili İqbal Ağazadə və "Azadlıq" partiyasının sədri Əhməd Orucun ünvanına sərt ittihamlar səsləndirib.
S.Həzi canlı efirdə İ.Qəmbəri sərt şəkildə tənqid edərək onu sərt tənqid atəşinə tutub. AXCP rəyasət heyətinin üzvünün İ.Qəmbəri çıxılmaz vəziyyətə salan fikirləri bunlardır: "İsa bəy qeyd etdi ki, müavini Gülağa Aslanlı və divan üzvü Tural Abbaslı son həbslərlə bağlı yaradılan müdafiə komitəsində iştirak ediblər. Bəs o zaman ikinci müdafiə komitəsini yaratmağa nə ehtiyac var idi? İqbal Ağazadə və Əhməd Oruc 2013-cü ildə bizləri təhqir edirdilər. İndi onlarla bir masada oturmaq doğru deyil. AXCP olaraq, yalnız mövqeyi prinsipial olan qüvvələrlə birlikdəyik".
Əhməd Oruc: "Rüstəm İbrahimbəyovun 5-10 qəpiyinin arxasınca qaçırdılar"
Məsələyə "Azadlıq" partiyasının sədri Əhməd Oruc da münasibət bildirərək ittihamlara sərt şəkildə reaksiya verib: "Seymur Həzi bildirib ki, guya mən onları 2013-cü ildə təhqir etmişəm. "Milli Şura" məsələsini nəzərdə tutur. Amma mən heç kəsi təhqir etməmişəm. Sadəcə, "Milli Şura"nı Azərbaycanın maraqlarına zidd olan qurum adlandırmışam. Bu qurumu Rusiyanın projesi ilə yaradıldığını bildirmişəm. Dediklərim doğru çıxdı. Bunu dünyada bilməyən kimsə yoxdur. Mən dünənə qədər Rusiyanı tənqid edənlərin "Milli Şura", "Milyarderlər İttifaqı"nda yer almalarını doğru saymadım. Daim fikirlərimin üstündə qaldım. Gördünüz ki, "Milli Şura"da Rusiya istədiyinə nail olandan sonra geri çəkildi. Əgər indi də belə bir proje yaransa, yenə əleyhinə olacam. Bunlar təhqir deyil. Sözləri varsa, gəlsinlər, açıq şəkildə desinlər. Onlar dediklərimlə bağlı ağılları kəsən heç nə tapa bilmirlər. Mənimlə bağlı nəsə gündəmə gələndə, dərhal "bizi təhqir etdi" deyirlər. Mən kimi təhqir etmişəm? Bunların Azərbaycanın maraqlarına zidd hər hansı bir quruma qoşulmalarını, Rüstəm müəllimin 5-10 qəpiyinin arxasınca qaçmaları haqqında fikir səsləndirmək təhqirdirmi? Sadəcə öz fikirlərimi demişəm və bunu əsaslandırmağa çalışmışam. Buna da heç bir arqument gətirə bilməyiblər. Sağlam düşüncələri, məntiqi təfəkkürləri olmayan, başını itirmiş insanların yanaşmasıdır. Anormal, məntiqə sığmayan çıxışlar etdiklərinə görə, müxalifət üçün cəmiyyətdə mənfi fikir formalaşıb".
İqbal Ağazadə: "Nə qədər qışqırmaq, nə qədər eyni şüarları söyləmək, başınızda dayananları belə eyni şüarla böyütmək olar?!
AXCP və Müsavat funksionerlərinin mütəmadi olaraq "Ümid" partiyasının sədri, millət vəkili İ.Ağazadəni təhqir etmələrinə isə, o özü bu dəfə reaksiya verib. AXCP və Müsavat arasında gedən biabırçı dava-dalaşda adının hallanmasını istəməyən İ.Ağazadə hər iki partiyanı aşağılayıcı sözlərlər topa tutub: "Nə qədər qışqırmaq, nə qədər eyni şüarları söyləmək, başınızda dayananları belə eyni şüarla böyütmək olar?! Uşaq babasını, atasını, anasını, təqlid etdiyi kimi siz də hakimiyyəti təqlid edirsiniz. Çünki insan güclü olana heyran olur, ona həsəd aparır, onu təqlid edir. Yaratdığınız radikalizm və fanatizm Azərbaycana mütləq və mütləq ziyan vuracaq - onun üçün 60 il gözləməyə də ehtiyac yoxdur. Müxalifətdə alternativinizin yaranacağı fobiyası sizi hər şeydən və hər kəsdən qorxudur. Qorxduğunuz üçün də dağıtmağa, hər kəsi şərləyib sıradan çıxarmağa meyillisiniz. İşinizi bu istiqamətdə qurursunuz".
Samir Feyruzov