Mehman Cavadoğlu: "Müsavat Partiyasında intellektual potensial yalnız Qubad İbadoğluda deyil"
"Başqanlığa iddialıların şəxsi mövqelərinə görə fikirləri var və onlar həmin mövqelərinə görə də öz fikirlərini bildirirlər". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu başqanlığa iddialı Qubad İbadoğlunun digər iddialı – partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya namizədliyini irəli sürərkən, vəzifəsindən istefa verməsi tələbinə münasibət bildirərkən deyib.
Müsavat rəsmisi qurultaya qədər fikir ayrılıqlarının davam edəcəyini istisna etməyib: "Bu, həm də bir seçki prosesidir və təbii ki, fikir ayrılıqları da, söz toqquşmaları da olacaq. Artıq bu, qaçılmaz hala çevrilib".
Mehman Cavadoğlu qurultay ərəfəsində vəzifədən istefa verərək, namizədliyin irəli sürülməsi ənənəsinin daha öncələr olmadığını xatırladıb: "Belə bir ənənə Müsavat Partiyasında indiyə kimi heç vaxt olmayıb. Amma indi bəziləri belə bir fikirdədirlər ki, belə olsa daha yaxşı olar. Onlar hesab edirlər ki, əgər başqanlığa namizəd vəzifədən istefa verərək seçkilərə qatılsa, istefa verən şəxs tərəfindən seçki prosesində müdaxilələrə yol verilməyəcək. Ancaq bir daha xatırladıram ki, Müsavatda istefaya gedərək, seçkilərə qatılmaq ənənəsi olmayıb. Ona görə də bu fikirlərin əleyhdarları və tərəfdarları var. Bu təklifi real hesab etmirəm. Ümumiyyətlə bu prosesi həyata keçirmək çətin olacaq. Çünki belə fikirləri daha öncədən irəli sürmək və razılaşdırmaq lazım idi".
Mehman Cavadoğlu başqan müşaviri Hikmət Hacızadənin Qubad İbadoğlunun öz tərəfdarları ilə keçirdiyi görüşdəki fikirlərinə də sərt reaksiya göstərib. Belə ki, Hikmət Hacızadə Qubad İbadoğlunun başqanlığa namizədlər arasında ən intellektual potensiala malik olduğunu bəyan edib. Mehman Cavadoğlu isə başqan müşavirinin bu fikirləri ilə razı olmadığını belə ifadə edib: "Müsavat Partiyasında tək intellektual potensial yalnız Qubad İbadoğluda deyil. Arif Hacılıda da, digər gözlənilən namizədlərdə də intellektual potensial var. Əgər bu fikirləri Hikmət Hacızadə səsləndiribsə, onda cavabını da onun özündən almaq lazımdır".
Qeyd edək ki, Müsavat başqanının müavini Mehman Cavadoğlu başqanlığa namizədliyini irəli sürəcəyi tədqirdə Arif Hacılını dəstəkləyəcəyini istisna etməyib.
sia.az