İsa Həbibbəyli: "Sərdar Cəlaloğlu Məhəmməd Füzuli, Babək, Koroğlu haqqında işlətdiyi fikirlərə görə məsuliyyət daşıya bilər"
"Bu yaxınlarda Azərbaycanda tarixi şəxsiyyətlər haqqında qanunun qəbulu təklif edilib və belə bir qanunun qəbul edilməsi bir sıra qadağaları nəzərdə tutacaq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli ADP sədri Sərdar Cəlaloğlunun "Füzulinin fikirləri bizim üçün ziyanlı və zərərlidir" kimi sözlərinə münasibətini bildirərkən deyib. Millət vəkili qeyd edib ki, artıq belə hallara yol verən istənilən şəxs qanun qarşısında cavab verməli olacaq: "Eləcə də Sərdar Cəlaloğlu Məhəmməd Füzuli, Babək, Koroğlu haqqında işlətdiyi fikirlərə görə məsuliyyət daşıya bilər. Bir də Sərdar Cəlaloğlu bilməlidir ki, Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatının mötəbər simalarından biridir. Eyni zamanda o, Yaxın Şərq ədəbiyyatında da Azərbaycana ən yüksək yer qazanmış şəxsiyyətdir. Türk-müsəlman ədəbiyyatı tarixində onun danılmaz yeri var. Onun əsərlərində yüksək mənəviyyat, zəngin insani keyfiyyət nümunələri təlqin olunur. Bir sözlə, Məhəmməd Füzulinin əsərləri həyat məktəbidir, mənəviyyat dərsləridir".
Akademik Sərdar Cəlaloğlunun şairi "kafir" adlandırmasına da münasibətini bildirib: "Onun İslam dininə sonsuz məhəbbəti olub. Kərbəlada İmam Hüseynin məqbərəsində çalışıb, Kərbala şəhidləri haqqında böyük əsər yazıb. Həmin əsərdə bütün peyğəmbərlər barəsində yüksək fikir bildirib. Məhəmməd Füzulinin əsərləri heç kimi zəhərləyə bilməz, əksinə, onu oxuyan mənəvi cəhətdən zənginləşə bilər. Çünki o, saf məhəbbəti, yüksək mənəviyyatı təbliğ edib. Kamil insan onun idealı olub. Onu oxuyub kamilləşmək lazımdır".
sia.az