"Mirmahmud Mirəlioğlunun "Milli Şura"nın iclasında iştirak etməməsi, ümumiyyətlə, KXCP-dən heç kimin bu iclasa qatılmaması göstərir ki, bu adamların ən böyük düşmənləri elə özləridir. Danışanda birlikdən, demokratiyadan dəm vururlar, amma nəticə göz qabağındadır". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.Onun sözlərinə görə, Əli Kərimliyə yaxın şəxslərin "Milli Şura"ya üzv olmaması üçün Mirmahmud Mirəlioğlu hətta "Milli Şura"dan istefa verməyə də hazırdır: "Mən belə düşünürəm ki, Mirəlioğlunun bu mövqedə dayanmağında İsa Qəmbərin əli var"."Milli Şura"nın son iclasına KXCP-nin hansı səbəbdən qatılmamasına gəlincə, Ə.İbrahimov qeyd edib ki, bu ilin sonuna qədər müxalifətdə kütləvi istefalar gözlənilir: "Bunun da başlıca səbəbi müxalifət partiya rəhbərlərinin uğursuz siyasəti, Ə.Kərimli və İ.Qəmbərin şəxsi ambisiyalarının üstünlük təşkil etməsidir. Düşünürəm ki, KXCP "Milli Şura"dan istefa verəcək və bu qurum daha da rüsvay olacaq".
sia.az